«Bu məqamda dövlətini, millətini, şərəf və ləyaqətini üstün tutan hər kəs bu addımı atmalıdır»
Aslan İsmayılov: «Cəmil Həsənli göstərdi ki, o, millətinin səsini qorumağa qadir olan Azərbaycan kişisidir»
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin sentyabrın 19-da İctimai Televiziyadakı ikinci çıxışı zamanı baş verənlər cəmiyyətin əsas müzakirə mövzusudur. Artıq ölkənin tanınmış ictimai-siyasi xadimləri baş verən olayı kəskin qınayaraq, cərəyan edən hadisələrə görə birbaşa hakimiyyətin məsuliyyət daşıdığını bəyan ediblər. Müsahibimiz tanınmış vəkil Aslan İsmayılovla müsahibəyə baş verən olaya münasibət öyrənməklə başladıq. A.İsmayılov hesab edir ki, baş verən əxlaqsızlığa görə, birbaşa məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyır:
– Bu debat indiyə qədər açılmamış bütün çirkin məqamları bizə çatdırdı. Bu debat göstərdi ki, bu hakimiyyətdə təmsil olunanlar nəinki savadsızdılar, bunlara hətta milli əxlaqi dəyərlər yaddır. İctimai Televiziyada baş verən Cəmil Həsənliyə, Əli Kərimliyə qarşı atılan addım deyil, bütövlükdə xalqa, millətə qarşı olan hörmətsizlik və nifrət hissi idi. Belə olmasaydı İTV rəhbərliyi, Əli Əhmədov başda olmaqla bu hörmətsizliklə bağlı şou düzəltməzdilər. Ümumiyyətlə Hafiz Hacıyev kimisini qeydə alaraq, debatlara göndərmək məhz bu məqsədi güdürdü. Bu o demək idi ki, biz millət olaraq sizi saymırıq, sizə qarşı istənilən hörmətsizliyi etmişik və bundan sonra da edəcəyik. Ona görə mən bəzi mətbuat orqanlarının Hafiz Hacıyevin üzərinə düşməsini düzgün saymıram. Baş verənlərin günahkarı, həmin hadisələri İTV-dən bir başa Əli Əhmədov və bugünki hakimiyyət idarə edir.
– İTV yaydığı bəyanatda iddia edir ki, Cəmil Həsənli son çıxışında 6 dəqiqə həmin gün ayrılan vaxtdan və 6 dəqiqə də növbəti vaxtından istifadə edib. Bununla da Milli Şuranın namizədinin növbəti sərt çıxışının qarşısı alınmağa çalışılır. Bu iddianı nə dərəcədə əsaslı saymaq olar?
– Mən qayda-qanun olmayan yerdə hakimlik etmək fikrində deyiləm. Baş verənlər əvvəlcədən hakimiyyətlə düşünülüb. Hakimiyyət düşünürdü ki, Cəmil Həsənli təbiətcə sakit adamdır və bu hücumlardan çəkinəcək. Cəmil Həsənli isə hakimiyyətə göstərdi ki, o, millətinin səsini qorumağa qadir olan Azərbaycanlı kişisidir. Baş verənlərin qanuni tərəfinə gəlincə isə, bir müqayisə aparmaq istəyirəm. 2007-ci ildə Milli Məclisin sessiyasında Hüseyn Abdullayev hökumətin büdcəsiylə bağlı tənqidi fikir söylədiyinə görə Fəzail Ağamalı onu vurdu. Bütün ölkə gördü ki, məhz Fəzail Ağamalı ilk olaraq Hüseyn Abdullayevi vurdu və bu hadisənin video görüntüləri var. Amma buna baxmayaraq Fəzail Ağamalı parlamentdə oturmaqda davam etdi. Hüseyn Abdullayev isə məhkum olundu və daha sonra vətənindən sürgün edildi. Ona görə hər hansı qaydaya, məhkəməyə istinad etmək olmur. Hakimiyyət son debatla sübut etdi ki, o nə məhkəməni, nə qanunları sayan deyil.
– Hazırkı situasiyada ziyalıların, cəmiyyətin üzərinə hansı vəzifələr düşür?
– Mən bu günə qədər siyasətdən uzaq durmağa çalışmışam, bundan sonra da belə olacaq, heç vaxt heç kimin komandasında olmamışam və olmaq fikrim də yoxdur. Milli Şuradan, siyasi partiyalardan dəvət alsam da onların sıralarına qatılmamışam. Vəkil kimi fəaliyytimi davam etdirmişəm. Vəzifə düşkünü olmamışam və bundan sonra da hər hansı vəzifə tutmaq fikrim yoxdur! Sentyabrın 19-da İTV ekranından hamımızın ailəmizlə birlikdə şahidi olduğumuz biabırçılıq tək Cəmil Həsənliyə, müxalifətə deyil bütövlükdə Azərbaycan xalqına olan hörmətsizlik, saymamazlıq və onsuz da zədələnmiş milli-əxlaqi dəyərlərimizin məhv edilməsidir. Bolşeviklərin qələbəsindən sonra da hakimiyyətə bu gün bizim hakimiyyəti təmsil edənlər kimi savadsız “Maksimlər” gəldi. Ancaq bu gün hakimiyyətdəkilərdən fərqli olaraq onlar vətənini, millətini sevirdilər, bunlar isə nəinki bizləri sevmir, bizlərə qul kimi baxırlar, bizlərə nifrət edirlər! Belə həlledici məqamda bir vətəndaş olaraq prezident seçkilərində Cəmil Həsənliyə dəstək vermək qərarına gəldim və vətənini, dövlətini, millətini sevən hər bir vətəndaşdan bu mübarizəyə qoşulmasını xahiş edirəm. Əks halda bir gün Şimali Koreya vətəndaşlarının yaşadığı günləri yaşayacayıq. Hesab edirəm ki, bu məqamda dövlətini, millətini, xalqını, öz şərəf və ləyaqətini üstün tutan hər kəs bu addımı atmalıdır.
– Baş verən hadisədən hakimiyyət öüzü üçün dvident götürməyə çalışırdı. Amma olayın əks-sədası tam fərqli oldu. Bu hadisə kimin xeyrinə oldu?
– Mənim qərarım bu hadisənin kimin xeyrinə olduğunun əayni sübutudur. Mənim siyasətə qoşulmaq fikrim yox idi. Məhz son debatdakı hadisəyə görə mən fikrimi dəyişdim. Baş verən əxlaqsızlıqdan sonra İTV-nin yaydığı əxlaqsızlıq ona vadar etdi ki, mən susmayım. Hadisələr doqquz milyonun gözü qarşısında baş verib. Amma buna baxmayaraq İTV Cəmil Həsənlinin növbəti çıxışdan məhrum edilməsi barəsində bəyanat verir. Bu hakimiyyətin Cəmil Həsənlinin dilindən reallıqlar barədə səsləndirilən 6 dəqiqəlik çıxışa belə dözümü yoxdur.
Xəyal