1 saat var 21 günə bərabər

Rejim monarxiyanın rəsmiləşməsini mümkün qədər səssiz, az itkisiz, az əziyyətsiz yola vermək istəyirdi. Bunun üçün bütün mürtəce addımlar atılmışdı.

Bəzilərini xatırlayaq.

Təbliğat dövrü üç həftəyə endirilmişdi. 

Bununla kifayətlənilməmiş, telekanallar ödənişli efir vaxtı ayırmaqdan imtinaya məcbur edilmişdi. 

Məsələn, ANS-ə lisenziya verilməməsi söhbəti ortaya atılmış və… o lisenziyanın ilin sonunda veriləcəyi açıqlanmışdı. Bir növ neoşantajdır bu – hər şey ANS-in özünü necə aparacağından asılıdır.

Ödənişli efir vaxtı ayırmalı olan dırnaqarası Ictimai, əslində isə YAP ruporuna çevrilmiş telekanalda 1 dəqiqə üçün 3 min manat kimi əlçatmaz bir rəqəm müəyyənləşdirilib. Bəli, əlçatmazdır, əgər xalqın cibinə girmirsənsə, qul haqqı yemirsənsə, büdcəni talamırsansa, oğru, əyri deyilsənsə! 

Ödənişsiz efir vaxtına isə həftədə cəmi-cümlətanı 3 saat ayrılıb. Bununla da ürəkləri soyumayıb, salam verməyə 40 adam tapmayanların yerinə 40 min imza toplayıb əldəqayırma namizədə çeviriblər, nəticədə hər namizədə həftədə vur-tut 18 dəqiqə ödənişsiz efir düşür. 

Seçicilərlə görüş üçün bir-iki istisna ilə az qala uzaq Liviya səhrasını, Alp dağlarının cənub ətəklərini-zadı ayırıblar.

Siyahını uzatmaq olar.

Amma dənizin dadını bilmək üçün onu bütün içmək gərəkmədiyi kimi, qarşıdan gələn seçkinin də şou, tamaşa, fars olduğunu anlamaq üçün seçki günü səslərin necə sayıldığını gözləməyə ehtiyac yoxdur.

Bu ölkədə demokratiya və azadlıqlara növbəti dəfə tüpürülmüş, rejimin çağdaşlığa, uyğarlığa zərrəcə sayğısı olmadığı bütün çılpaqlığı ilə ortaya çıxmış, Azərbaycanı geridəqalmış, çağdışı ərəb ölkələrinin yolu ilə aparmaq niyyətindən əsla və əsla vaz keçməyəcəyi bir daha isbatlanmışdır.

Burada təəccüblü nəsə varmı? Əsla!

Ata-oğul Əliyevlər onillərdir bu ölkədə etiraz etməyən, amma şükr edən…

Sorğulamayan, amma susan…

Neftdən, qazdan, qızıldan payına düşən qəpik-quruşa qane olan…

Şahsevən…

Ağa “sür dərəyə” deyirsə, qeyd-şərtsiz dərəyə sürməyin gərəkliliyinə inanan…

“Hökumətlə hökumətlik etməyin” suç və günah olduğu olduğuna şübhə etməyən…

“Mənə toxunmayan ilanı min yaşasın” düşüncəsini beyninə və qəlbinə yazan bir toplum yetişdirib. 

Indi bunun meyvəsini dərmək – Azərbaycanı çağın bir az da gerisinə götürmək, bir ailənin tam hegemoniyasını təmin etmək zamanıdır.

Bunu isə elə həyata keçirmək lazımdır ki, sabah çətin suallar qarşısında qalmayasan.

Elə bir görüntü yaradasan ki, sanki bütün ölkə Azərbaycanı bir ailədən başqasının idarə edə biləcəyi inancından məhrumdur.

Hamı “varsa da Əliyevlər, yoxsa da Əliyevlər” nöqtəsində birləşsin.

Monarxiya, krallıq Azərbaycanın “olmazsa olmaz”ı kimi qəbul olunsun.

Amma və lakin hər şey srağagünki cəmi 1 saatlıq “şou-debat”la alt-üst oldu. Həmin günədək yapçıların müxalifətin vahid namizədi haqqında allah qoymasa, əsas arqumentləri nə idi? “Cəmil Həsənlini kim tanıyır ki?”

Bu “arqument”i belə, srağagün qurduqları tamaşa ilə elə özləricə alt-üst etdilər. Artıq Cəmil Həsənlini kim tanımır ki! Artıq hamı ondan, onun cəsarətindən və həqiqətpərvərliyindən danışır. Artıq hər yerdə söhbətlərin baş qəhrəmanı odur.

Biz gileylənirdik ki, ödənişsiz efir vaxtı azdır.

Amma gördük ki, çox imiş – 1 saat belə, müxalifətin vahid namizədinin xalqın vahid namizədinə çevrilməsinə kifayət imiş.

Srağagün axşamkı şou-debatdan sonra istər real, istər virtual həyatdan kifayət qədər reaksiyalarla tanışam. Artıq istər Cəmil bəy, istərsə də, ümumiyyətlə, seçkilərin sonucu ilə bağlı şübhəsi, bədbinliyi olanlarda belə, fərqli əhval-ruhiyyə, fərqli ovqat yaranıb.

Cəmil Həsənlinin srağagünədək əsas gücü müdafiə etdiyi dəyərlərin – demokratiyanın, hüququn, azadlıqların, bir sözlə, haqqın gücü idi, bu güc artıq xalqın gücü ilə də birləşməyə başlayıb. 

Və bunda Cəmil bəyin qorxmazca, ağıllıca sərgilədiyi performansla bərabər, rejimin hafizlərdən, qüdrətlərdən, araz əlizadələrdən mədət umaraq qurduğu çirkin tamaşanın, iyrənc şounun da müstəsna rolunu danmaq insafsızlıq olardı. 

21 gündə görülməli işi 1 saata sığışdırdığınız üçün sağ olun, cənab yaptokratlar, çox sağ olun!