«Hafiz Hacıyev teleefirdə aqressiv hərəkətinə görə cəzalandırılmalıdır»
Sentyabrın 19-da efirə gedən debatlar zamanı Seçki Məcəlləsinin 88.1 (seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi), 88.7 (qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın aparılmasının bu məcəllə ilə müəyyənləşdirilmiş digər qaydalarını pozduqda müvafiq seçki komissiyası təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq qərarı kütləvi informasiya maddələrində dərc olunur) və 113.1-ci (qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi) maddələri üzrə pozuntu qeydə alınıb.
Bu barədə Hüquq və Inkişaf Mərkəzinin rəhbəri, seçki eksperti Hafiz Həsənov Turan-ın müxbirinə açıqlamasında bildirib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən debatlar zamanı namizədlərin şərəf və ləyaqətin tapdanmasına yol verilməməli və namizəd barədə böhtan xarakterli məlumatlar irəli sürülməməlidir: “Məlum debatda bunlar baş verdi. Namizədlərdən biri digərinə hücum xarakterli davranış göstərdi. Içi su ilə dolu butulkanı digər namizədə atdı. Bu, yolverilməz haldır. Qanunvericiliyə uyğun olaraq şərəf və ləyaqəti təhqir olunan, böhtan atılan şəxs MSK-ya müraciət etməlidir”.
H.Həsənov deyib ki, MSK tərəfindən bu hərəkəti törətmiş şəxsə xəbərdarlıq edilməli və hüquq- mühafizə orqanlarına müraciət edilməlidir. Onun sözlərinə görə, ITV bu hərəkətlər zamanı efiri dayandırmalı, dərhal mikrofonları söndürməli, təhqirə yol verən şəxsi prosesdən çıxarmalı idi.
“ITV hadisə ilə bağlı MSK-ya müraciət etməli idi. Bunu ITV etməyib. Seçki Məcəlləsi ilə ITV üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Imkan verib ki, namizəd təhqirini davam etdirsin. Əvəzində təhqir olunan şəxsə efir vaxtı verilməliydi ki təhqir olunmuş şəxsə cavab versin”, – o bildirib.
Ekspertin sözlərinə görə, təhqirə məruz qalmış prezidentliyə namizəd həm ITV, həm də prezidentliyə namizədin səlahiyyətli nümayəndələri ilə bağlı məhkəməyə müraciət edə bilər.
Aparıcının məsuliyyətinə gəlincə, hüquqşünas bildirib ki, MSK-nın daxilində yaradılmış mətbuat qrupu medianın seçkilərdə davranışa nəzarət edir. Mətbuat qrupu ITV ilə bağlı məsələni araşdırıb müvafiq tədbir görə bilər. Aparıcı neytral mövqedən çıxış etməyib. Belə halda verilişin aparıcılığından uzaqlaşdırılmalı idi. C.Həsənlinin vaxtının bərpa edilməsi ilə bağlı tələbləri kifayət qədər əsaslı idi və eyni zamanda təmin olunmalı idi: “Cəmil Həsənli ITV-dən tələb edə bilər ki, onun vaxtına əlavə olunsun. Pulsuz efir vaxtının bu cür formada bölünməsi qanunsuzdur”. Belə ki, hüquqşünas bu formatın əslində debat olmadığı qeyd edərək deyib ki, debatda iki əsas alternativ siyasi qüvvə qarşı-qarşıya durub öz proqramlarını əsaslandırır. Onlar arasında debat gedir. Seçici üstün platformanı müəyyən edir.