Tanınmış ictimai xadimlər Cəmil Həsənlini haqlı sayır
Təşviqat kampaniyası çərçivəsində sentyabrın 19-da Ictimai televiziyada namizədlərin ikinci çıxışı oldu. Debat zamanı Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli hakimiyyəti təmsil edən namizədlərin təxribatı ilə üzləşdi. Cəmil Həsənli bu təxribata çox sərt şəkildə cavab verdi və mübahisədən qalibiyyətlə ayrıldı. Ancaq Cəmil Həsənliyə qarşı məqsədli şəkildə həyata keçirilən qeyri-əxlaqi münasibət tanınmış ziyalıların da qəzəbinə səbəb oldu.
“Cəmil Həsənli kimi ziyalıya qarşı bu cür münasibət tərbiyəsizlikdir”
Tanınmış ziyalı, professor Qulu Məhərrəmli hesab edir ki, Cəmil Həsənliyə qarşı münasibət əslində Azərbayacan tamaşaçısına qarşı olan münasibətdir və tərbiyəsizliyin göstəricisidir: “Hafiz Hacıyevin hərəkəti əxlaqsızlıqdır, bütün auditoriyaya hörmətsizlikdir və seçkini gözdən salmaq cəhdidir. Cəmiyyətin dəyərli bir ziyalısına qarşı belə bir münasibət arzuolunmaz, qəbuledilməz haldır. Insanın arqumenti olmayanda bu cür lazımsız, kobud hərkətlərə yol verir. Ictimai əxlaqa zidd olan hərəkətlərə ekranda yol verilməməlidir”.
“Baş verənlər insan əxlaqına ziddir”
“Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı da Cəmil Həsənliyə qarşı kampaniyanı tərbiyəsizlik hesab edir və MSK-nın müvafiq addımlar atmalı olduğunu bildirir: “Televiziyada müşahidə etdiklərimiz azərbaycanlı əxlaqına, insan əxalqına ziddir. Prezidentliyə namizədlər üçün vaxt ayrılıb və bu, debat xarakterli olmamalıdır. Hər bir namizəd öz platformasını xalqa açıqlamalıdır. Namizədlərin çıxışlarını bu cür təşkil etmək, məlum məsələdir ki, bu tipli biabırçılıqları təşkil etmək məqsədi güdür. Cəmil Həsənli məhkəməyə müraciət etməlidir və ona qarşı baş verənlər hüquqi qiymətin almalıdır. Ümumilikdə bu hallar tərbiyəsizlikdən başqa bir şey deyil”.
“Bu adamların Cəmil Həsənli haqqında fikir söyləməyə mənəvi haqqı yoxdur”
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, baş verənlər Cəmil Həsənlinin xeyrinədir və cəmiyyət kimin kim olduğunu aydın görür. Hər kəs öz əxlaqını, tərbiyəsini göstərir. Belə insanlara fikir vermək lazım deyil. Bu tip insanlar cəmiyyətin tör-töküntüsüdür. Hafiz Hacıyevin, Araz Əlizadənin mənəvi haqqı çatırmı Cəmil Həsənli haqqında təhqiramiz fikirlər səsləndirsinlər? Bu qoçuluq edən adamlar kimlərəsə arxayın olub belə tərbiyəsizlik edirlər. Cəmil Həsənli çox düzgün, reallığı əks etdirən çıxış etdi və mənim tanıdığım bütün insanlar bu adama səs verəcək”.
“Cəmil Həsənlinin bütün dedikləri həqiqətdir”
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirdi ki, Cəmil Həsənliyə qarşı tərbiyəsiz davaranışı hər bir vətəndaş nifrət hissi ilə izləyib və cəmiyyətdə belə insanların olduğu üçün ürək ağrısı keçiriblər: “Cəmil Həsənli birinci debatda da, ikinci debatda da reallığı söyləyib, haqqı tələb edib. Biz inanclı kəsimin nümayəndələri ona qarşı bu davranışı mənfi qiymətləndiririk və hakimiyyətin ziyalıya münasibəti kimi qəbul edirik. Ancaq Cəmil Həsənli televiziya çıxışlarında yalnız qələbə qazandı, imici yüksəldi. Ona qarşı qeyri-etik hərəkət edənlər isə bir daha biabır oldular”.
“Xalqın gözü tərəzidir və kimin kim olduğun gözəl bilir”
Tanınmış yazıçı Seyran Səxavət debata baxarkən utanc hissi keçirdiyini və Cəmil Həsənliyə qarşı kobud münasibəti mənfi qiymətləndirdiyini bildirdi: “Xalqın prezidenti olmaq istəyən adam öz fəaliyyətinə, öz davranışına fikir verməlidir, Azərbaycan xalqına hörmət etməlidir. Mən bu görüntülərə baxandan sonra fikirləşirəm ki, azərbaycanlı olmağımla fəxr edə bilərəmmi? Xalqın gözü tərəzidir. Bu tərəzi köhnəlsə də, paslansa da hələ də var. Və xalq kimin kim olduğun gözəl görür. Baş verənlərin əsl mahiyyəti hər kəsə məlumdur”.
Ilham Hüseyn