Medvedevdən Azərbaycana üstüörtülü hədə

Elxan Şahinoğlu: «Medvedevin bu açıqlamasından şantaj iyi gəlir»

Natiq Cəfərli: «Rusiya ənənəvi olaraq Azərbaycan qazının Qərbi Avropa bazarına girməsinin qarşısını almağa çalışır»

Rusiya baş naziri Dmitri Medvedev Azərbaycanla bağlı növbəti dəfə açıqlamalar verərək Bakı ilə Moskvanın enerji sektoru da daxil olmaqla iqtisadi məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalı olduğunu deyib.  Medvedevin sözlərinə görə, bizim ölkələr arasında olan xüsusi yaxın əlaqələr nəzərə alınmaqla bir sıra iqtisadi məsələlər üzrə razılaşdırma xəttinin aparılmasına ehtiyac var. Baş nazir tərəflərin razılığa gələ biləcəyini də dilə gətirib. 

Bu, rəsmilərinin ilk belə açıqlaması deyil. Bundan əvvəl də Kreml nümayəndələri Azərbaycanın enerci məsələlərində, xüsusilə Avropaya qaz satışında Rusiya ilə razılaşdırılmış mövqe ortalığa qoymalı olduğunu deyib. 

Medvedevin budəfəki açıqlaması nə məqsəd daşıyır və Azərbaycan bu təkliflə razılaşa bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Dmitri Medvedevin bu açıqlamasının şantaj xarakterli olduğunu deyir. Çünki enerji bazarında Azərbaycan və Rusiya faktiki olaraq fərqli oyunçulardır. Rusiya öz enerji resurslarını bir yolla Avropa bazarına çatdırır, Azərbaycan isə Rusiyadan yan keçən marşrutlara üstünlük verir. Bu həftə daha bir layihə təsdiq olundu, “Şahdəniz”dən çıxarılan qaz Rusiyadan yan keçməklə Avropa bazarlarına çatdırılacaq. Bu da əslində Medvedevin də vurğuladığı kimi sağlam rəqabətdir: “Azərbaycanın enerji məsələlərini niyə Rusiya ilə razılaşdırmalı oduğu aydın deyil. Medvedev prezident olduğu vaxt Bakıya səfəri zamanı müəyyən anlaşmalar imzalanmışdı, amma onlar həyata keçmədi. Çünki Azərbaycanın maraqlarına uyğun olmadı. Putinin son səfərində də ”Rosneft”lə ARDNŞ arasında neft protokolu imzalandı. Amma mütəxəssislərin hesablaması göstərdi ki, bu sahədə Rusiya ilə əməkdaşlıq Azərbaycana heç nə vermir. Medvedevin bu açıqlamasından isə şantaj iyi gəlir”.

Ekspertin sözlərinə görə, Medvedevin açıqlamasının “Şahdəniz”lə bağlı razılaşmanın imzalanması ilə eyni günə düşməsi təsadüfi deyil. Çünki şantaja əl ataraq onun maraqlarının nəzərə alınmasını tələb edir.

Iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Rusiya ənənəvi olaraq Qərbi Avropa bazarına Azərbaycan qazının girməsinin qarşısını almağa çalışır. Çünki Rusiyanın əsas hədəfi Qərbi və Şərqi Avropa bazarını öz əlində saxlamaqdır. Bundan ötrü müxtəlif yollara, bəzən hədələrə də əl atır.

Ekspertin sözlərinə görə, Azərbaycanın “Nabukko”dan imtina etməsində də Moskvanın mühüm rolu oldu. Azərbaycan TAP layihəsini qəbul etdi. Bu isə Yunanıstan üzərindən Italiyaya ildə cəmi 10 mlrd kub metr qazın daşınacağı deməkdir. “Nabukko” isə 32 mlrd kubmetr qazın daşınmasını nəzərdə tuturdu. Italiya və Yunanıstan bazarı Rusiyanın maraq dairəsindən müəyən qədər kənarda qalıb və Azərbaycanın ora qaz satması Rusiyanın strateji maraqlarına o qədər də böyük zərbə vurmur. 

Ekspert Rusiyanın Azərbaycanın bu xətti davam etməsində maraqlı olduğunu və buna çalışacağını da qeyd etdi. Kreml Azərbaycanın məhz Şərqi və Qərbi Avropa ölkələrinə qaz satışını əngəlləməyə çalışacaq. Gələcəkdə Azərbaycan qazının həcmi gözləniləndən çox artıq olsa, iri layihələr gündəmə gəlsə, orda da Rusiyanın ciddi müqaviməti ilə rastlaşacaq. Moskva Azərbaycanın onun strateji maraqlarına xələl gətirəcək hər hansı qərar qəbul etməsinə imkan verməyəcək.

Fizzə