Bəyənmədiyimiz illəri özləmək

Hardan, necə başlamaq lazım gəldiyini bilmirəm.

Hər şey bu həddə çatacaq, bu səviyyəyə enəcəkdisə, ən yaxşısı elə “Işıqlıdır lampaları kolxozun” estetikasına köklənmiş sosializm quruculuğu illərində ilişib qalmaq deyildimi?

“Işıqlıdır lampaları kolxozun” oxumaq bəyəm canlı efirdə, milyonlarla insanın önündə üfunət qoxumaqdan, çirkab yağdırmaqdan, söyüş, təhqir səsləndirməkdən də pis idimi?!..

***

Hə, dünən ITV-dəki “debat” adlı şounu yalnız sonradan izləmək imkanım oldu.

Nə deyim, baxdım və utandım, baxdım və çox utandım, baxdım və lap çox utandım. Görün kimlərin ümidinə qalıblar? Görün hansı leksikondan, hansı təfəkkürdə, hansı ağılda adamlardan mədət umurlar?

Bəs deyirdiniz bizim təbliğata ehtiyacımız yoxdur, gördüyümüz işlər göz qabağındadır? Nə oldu, təbliğata ehtiyacınız yoxdur, amma hələ də qüdrətlərə, hafizlərə, araz əlizadələrə ehtiyacınız var? Hələ də təhqirlə, böhtanla, hərzə-hədyanla xalqın vahid namizədini gözdən salmağa ehtiyacınız var?

O ayrı məsələ ki, sizin mədət umduğunuz bu çirkin üsul adamlarda elə sizin özünüzə ikrah yaradır. Və Cəmil Həsənlini gücləndirir, ona rəğbəti, inamı gücləndirir.

Biz bunu ötən illər ərzində az müşahidə etməmişik. Yenə də fərqli olmayacağına şübhəm yoxdur.

Sadəcə, adamı ağrıdır ki, ömründə bir kitab üzü açmamış, yuxarılardan gələn direktivləri oxumaqdan qeyri mütaliəsi olmayan bir dəstə adamı onlarla kitab, araşdırma müəllifi olan bir alimin üstünə salıblar.

Dünən ITV-nin canlı efirində yaşananlar yalnız yalan, iftira, böhtan maşınının tam sürətlə qaz götürməsi deyildi. Bu həm də yaptokratiyanın elmə, bilgiyə, qələmə, sözə, fikrə, bütövlükdə həqiqətə əsl münasibətinin (münasibətsizliyinin!) göstəricisidir.

Tarix əlbəttə, bunu da yazacaqdır. Heç kim unudulmur, heç nə yaddan çıxmır.

Üstəlik, Cəmil Həsənliyə qarşı mənəvi terrorun hesabı bu tamaşanı yaradanların ayağındadır.

Bəli, məsələ hafiz-mafizdə deyil.

Məsələ burasındadır ki, hafiz bu rejimin iç üzünün dışa vurmasıdır. Sistemin əsl mahiyyətinin, gerçək xislətinin inikasıdır.

Bu rejim hafizdən artıq deyil, elə onun özüdür.

Odur ki, heç nəyə təəccüblənməyin. Nə təəccüblənin, nə əsəbiləşin.

Axı biz bu yola həm də ona görə çıxmışıq…

Bu mübarizəni, bu mücadiləni həm də ona görə aparırıq ki, dünyaya insan olaraq gələnlər sonra pul üçün, qarın üçün, cibi üçün iyrənc məxluqlara çevrilməsin.

Azərbaycan qədim insan məskənindən müasir insan məskəninə çevrilsin, ikiayaqlı varlıqları insan olaraq tanıdan ləyaqət, vicdan, əxlaq, bilgi, azadlıq kimi dəyərlər hər kəsin qəlbinə, ruhuna, beyninə hakim olsun.

***

Ən pisi isə bilirsinizmi, nədir?

Bu cür çirkin şoulara biz ötəri bir şey kimi baxırıq. Baş verdi və bitdi.

Amma bitən heç nə yoxdur.

Hər belə iyrənc tamaşadan sonra bizim bir toplum olaraq deqradasiyamız, çöküşümüz yeni nöqtədən başlayır.

Bəli, biz bu yaşananların toplumun şüurunda, mənəviyyatında nə qədər dərin yaralar açdığını unuduruq. Elə yaralar ki, onları sağaltmaq üçün bizə onillər belə bəs etməyə bilər. Bu zədələr, bu çatlar, bu şırımlar bəlkə də yüzillərcə cəmiyyətin ağrıyan yerləri olaraq qalacaq.

Hə, ən pisi, ən təhlükəlisi elə budur!

Normal bir ölkədə seçki – bayramdır. Fikirlərin, mülahizələrin, düşüncələrin yarışıdır. Ideyaların, dəyərlərin şölənidir.

Bizdə isə bunu yalnız təhqir, aşağılama, alçaltma, həqarət marafonuna çevirirlər. Səbəb?

Səbəb Azərbaycanda maddiyyatın qeyd-şərtsiz hegemoniyası, pulun, hakimiyyətin təkbaşına üstünlüyüdür.

“Hər şey puldur” və “hər şey hakimiyyətdir” düşüncəsinin toplumun damarlarına yeridilməsidir.

Qoy indi onillərdir həmin düşüncə ilə bu vətən torpaqları üstündə hökm edənlər – dünənki şou-debatın ssenarisini yazanlar indi öz “şah əsər”lərini doya-doya seyr etsinlər.

Seyr etsinlər və beləcə, ölkəni hara apardıqlarını, hansı mənəvi uçuruma yuvarladıqlarını görsünlər.

Bu ssenaridən, bu situasiyadan hələ də məmnundurlarsa, bu cür davam etməkdə hələ də israrlıdırlarsa, daha mənim sözüm yoxdur.

Söz Tarixin və Tanrınındır.