Vülnüsdə noyabr ayında keçiriləcək assosiasiya sazişlərinin imzalanması mərasiminə hələ iki ay qalsa da artıq Ukrayna hökuməti saziş layihələrini bəyənib.
Ən maraqlısı isə odur ki, sazişin imzalanacağı təqdirdə Ukrayna AB-dən bir milyard dollar həcmində yardım ala bilər.
Qafqazdan isə hələlik yalnız Gürcüstanın bu sazişi imzalayacağı ehtimal edilir. Azərbaycanda isə bu haqda heç danışmırlar. Məsələ onda deyil ki, bu sazişə qoşulacağı təqdirdə Azərbaycan da böyük yardım ala bilərdi, bəlkə də belə yardım olmayacaqdı, çünki Azərbaycanın maliyyə imkanlarını qənaətbəxş hesab etmək olar. Amma ola bilməzdi ki, sazişə qoşulan ölkələrdən birinə yardım edilsin, o biriləri isə kənarda qalsın.
Təbii ki, bütün hallarda hökumət özünü elə göstərəcək ki, guya o buna heç əhəmiyyət də vermir.
Hökumət nümayəndələrindən birinin təbirincə desək, bir milyard nə puldur ki, ondan ötrü hələ bir saziş də imzalayasan?
Amma yəqin ki, iqtisadçılar daxili və xarici investisiyalar arasında bir fərq görürlər. Azərbaycana son illərdə yatırılan investisiyaların hamısı daxili investisiyalardır.
Səhv etmiriksə, böyük neft layihələri imzalanandan sonra ölkəyə böyük həcmli xarici investisiyalar yatırılmayıb.
Qərəz, sazişə qoşulmamaqla Azərbaycanın itirəcəyi heç də tək maliyyə deyil, ölkə özünün Avropa ailəsinə qatılmaq imkanlarını itirir. Səbəb də hökumətin inadıdır. Hakimiyyət inadla özünün dırnaqrası müstəqillik və suverenlik siyasətini davam etdirir, sanki digər ölkələr üçün bu anlayışlar heç bir əhəmiyyət kəsb etmir.
Nobel qardaşları bir ağac da əkmədi!
Bu yaxınların söhbətidir. Jurnalistlərdən biri demişdi ki, kaş, hamı Azərbaycanı Ilham Əliyev qədər sevəydi! Jurnalistin bunu hansı mənada dediyini anlayırıq, amma onu də əlavə etməyi vacib bilirik ki, Allah belə sevgidən qorusun!
Qərəz, Azərbaycan az qala bir qrup adamın şəxsi müəssisəsinə çevrilib. Ona görə də adamlar düşünür ki, heç öz müəssisəni də sevməmək olarmı? Olar. Özü də bunu tarix göstərib. Əsrin əvvəlində Bakıdakı tikililərin hamısını yerli kapitalistlər tikmişdi, bunu inkar etmirik.
Amma götürdükləri böyük kapitalın müqabilində Bakıda bir ağac əkməyənlər də vardı. Məsələn, ən çox kapital götürənlərdən biri də Nobel qardaşları idi. Bu gün Bakıda həmin o Nobel qardaşlarının inşa etdirdiyi bircə dənə olsun bina yoxdur.
Əgər I.Əliyevin H.Əliyevin şərəfinə ucalan abidələrə, mərkəzlərə, gül bayramlarına nə qədər pul xərclədiyini hesablayan olsaydı çox böyük bir ədəd alınardı. Bəli, I.Əliyev bu gün Bakıda və rayonlarda tikinti işlərinə böyük vəsait ayırır. Amma nə tikilir? H.Əliyev mərkəzləri!
Ona görə də I.Əliyevin Azərbaycanı necə sevməsi hələ çox mübahisəli məsələdir. Bilmək olmaz ölkə bu “sevgi”dən nə qazanır, nə itirir?
Indi bir fürsət yaranmışdı. Ölkə Avropaya inteqrasiya yolunda ciddi bir addım ata bilərdi. Amma buna da imkan vermirlər, millətə hər şeyi qram-qram verirlər. Elə edirlər ki, millət həmişə bir ailəyə minnətdar olsun, özünün fiziki mövcudluğunu belə həmin ailənin mərhəməti ilə bağlasın.
Bilirik ki, assosasiya sazişi ilə bağlı təhlilçilər arasında yüksək fikirdə olmayanlar da var. Onlar belə hesab edir ki, hər şey böyük bazarların ələ keçirilməsinə xidmət edir. Onu da qəbul edirik ki, neft və qazdan savayı həmin bazara Azərbaycanın çıxara biləcəyi çox az şey var.
Amma bir məsələni də unutmaq olmaz. O da budur ki, son iyirmi ildə insanların qazandığı ən böyük hüquqlardan biri istehlakçı seçimidir.
Nədən insanların yaxşı mal və xidmət seçimi olmamalıdır? Bəzən ölkədə elə sexləri, özü də yeyinti məhsulları hazırlanan sexləri göstərirlər ki, adam az qalır özünə nifrət etsin. Həm də yüksək keyfiyyətli, Avropa standartına cavab vermək iqtidarında olan məhsulları da istehsal etməyin vaxtıdır. Belə olsa biznes də möhtəkirlərdən, asan yolla pul qazanmağa alışanlardan qurtula bilər. Məgər bu, pisdirmi?
“Öz bazarlarımızı qoruyaq!” sözlərini eşidəndə adamın gözlərinin önünə xüsusən qış aylarında dözülməz gündə olan, üfunət qoxuyan bazarlar gəlir. Söz yox ki, bu, məsələnin bir qədər primitivləşdirilməsidi. Amma həqiqətdir, özü də acı həqiqət…