Xalqa hörmətsizlik edən kimdir?

Gözəl Bayramlı: «Ən böyük hörmətsizliyi teledebatlara qatılmamaqla Ilham Əliyev sərgiləyir»

Gülağa Aslanlı: «Hakimiyyətin namizədindən fərqli olaraq Cəmil Həsənli öz mövqeyini ortaya qoydu»

 

Sentyabrın 17-də ITV-də təşkil olunmuş prezidentliyə namizədlərin ilk çıxışı diqqətli tamaşaçı üçün çox mətləbləri aydınlaşdırdı. Diqqətli tamaşaçı hansı namizədin, hansı məqsədlə seçkilərə qatıldığını yəqin etdi.

Milli Şuranın namizədi Cəmil Həsənli çoxlarının deyə bilmədiyi, 20 ildir ölkəni fəlakətə sürükləyən səbəbləri 6 dəqiqədə dedi və studiyanı tərk etdi.

Hakimiyyət mətbuatı Cəmil Həsənlinin bu addımını seçiciyə hörmətsizlik kimi qiymətləndirib. Yenə də yapokratlar qaş düzəltdikləri yerdə, göz çıxarıblar. Bəli, bu “ittiham”ı o hakimiyyət irəli sürür ki, namizədi, ümumiyyətlə, debatda iştirak etmir.

Görəsən hakimiyyəti 6 dəqiqədə ifşa edib, xalqın problemlərin dilə gətirmək hörmətsizlikdi, yoxsa xalqın qarşısına çıxıb hesabat verməmək.

Cənablar, seçici üçün ən böyük hörmətsizlik 10 faiz maaş artımı etməkdir, seçicinin əvəzinə seçki qutusunu doldurmaqdı, 1 milyon iş yeri açıldığını deyib, 3 milyon insanı ölkə xaricində işləməyə məcbur etməkdi, deputat mandatını pulla satmaqdı, 20 ildə bir qarış torpağı geri qaytara bilməməkdi.

Cəmil Həsənlinin seçki qərargahının üzvü Gözəl Bayramlı hesab edir ki, hakimiyyət Cəmil Həsənlinin kəskin çıxışından narahat olub və bu narahatlığı əsassız ittihamlarla yüngülləşdirmək istəyir: “Cəmil Həsənli öz çıxışında dediyi kimi, ən böyük hörmətsizlik namizədin teledebatda iştirak etməməsi, seçiciyə hesabat verməməsidir. Bu baxımdan ən böyük sayğısızlıq Ilham Əliyevin adına yazılmalıdır. Cəmil Həsənli isə, ona ayrılan 6 dəqiqə vaxtdan istifadə edib və studiyanı tərk edib. Bu onun hüququdur və burda hörmətsizlik yoxdur. Xalqa hörmətsizlik etmək istəyən insan, xalqın problemlərini dilə gətirib, bu problemlərin səbəblərini göstərməz. Sadəcə olaraq Cəmil Həsənlinin kəskin çıxışı hakimiyyəti möhkəm silkələyib”.

Cəmil Həsənlinin seçki qərargahının üzvü Gülağa Aslanlı bildirdi ki, bütün sahələrdə olduğu kimi teledebatlarda da hakimiyyətin “analoq”u yoxdur: “Əvvəla hər bir namizədin öz taktikası var və buna uyğun siyasət yürüdür. Digər tərəfdən, televiziya çıxışlarının bu tipli olması düzgün deyil. Cəmil Həsənli yazılı müraciət etmişdi ki, onun üçün ayrılan 6 dəqiqəni fərdi qaydada xalqa müraciət etmək istəyir. Ancaq bu qəbul edilmədi. Indiki halda bu debatlarda axıra qədər oturmaq, vaxtının yarısından istifadə etmək, vaxtı bitəndən sonra studiyanı tərk etmək namizədin hüququdur. Bu, xalqa hörmətsizlik deyil. Hörmətsizlik xalqa müraciət etmək üçün, iradları cavablandırmaq üçün teledebatda iştirak etməməkdir”.

Ilham Hüseyn