Rusiyanın nəhəng bankları sanksiya ilə üzləşə bilər

Bunun həmin banklarda vəsait saxlayan Azərbaycana təsirləri nə ola bilər?

Natiq Cəfərli: «Azərbaycanın pulu «Vneştorqbank» vasitəsilə xarici banklara yatırılıbsa, onda sanksiyalara tuş gələ və gələcəkdə o vəsaitin ölkəyə qaytarılmasında ciddi problemlər yarana bilər»

Rusiyanın “Vneştorqbank”ına qarşı sanksiyalar tətbiq edilə bilər. Buna səbəb isə bankın Suriya rejimini maliyyələşdirməkdə ittiham olunmasıdır. Bir qrup ABŞ senatoru ölkənin maliyyə nazirinə məktub göndərərək Rusiyanın ən iri banklarından olan “Vneştorqbank”a qarşı maliyyə sanksiyalarının tətbiq edilməsinə çağırıb. 

Senatorların fikrincə, Rusiya bankları Suriya hökumətinə silah almaqda və vətəndaş müharibəsi aparmaqda kömək edirlər. Rusiya mətbuatının yazdığına görə, maliyyə nazirinə ünvanlanan məktubda Rusiya banklarında Amerika hesablarının dondurulması, onların rəhbərlərinin ABŞ ərazisində biznes aparmaqdan kənarlaşdırılması və rus bankirlərə Birləşmiş Ştatlara gəlməyin qadağan olunması təklif edilir. Məktubda qeyd olunur ki, Rusiyanın VTB, VEB və “Qazprombank” kimi banklarının bir qayda olaraq Suriya ilə biznes qurduqları, ABŞ, AB və BMT-nin tətbiq etdiyi sanksiyaları dəfələrlə pozduqları vurğulanır. Hətta VEB-in köməyi ilə S-300 raket sistemlərinin pulunun ödənilməsinin reallaşdırıldığı, prezident Bəşər Əsədin şəxsi aktivlərinin VTB-də saxlanıldığı, neftin pulunun isə “Qazprombank” vasitəsi ödənildiyi qeyd olunur.  

Senatorların fikrincə, Rusiya maliyyəsi olmasaydı, Bəşər Əsəd müharibə apara bilməzdi. 

“Vneştorqbank”a qarşı beynəlxalq sanksiyalar Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi bu bankda saxlanılır. Dövlət Neft Fondu bu ilin aprelində “Vneştorqbank”ın səhmlərinin bir neçə faizini 500 milyon dollara alıb. Bu investisiya sövdələşməsindən sonra Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov “Vneştorqbank”ın Direktorlar Şurasına daxil olub.

Senatorların sanksiya təklifi qəbul olunsa, Azərbaycanın itkiləri nədən ibarət olacaq?

Iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, çox güman ki, yaxın zamanlarda Neft Fondu tərəfindən vəsaitlərin həmin bankdan çıxarılması ilə bağlı müraciət olunacaq və “Vneştorqbank”ın xarici əməliyyatları, həmçinin xaricdə olan vəsaitləri dondurulacaq. Azərbaycanın vəsaitləri birbaşa Rusiyada yerləşdirilibsə, bununla bağlı ciddi problemlər olacaq. Ancaq həmin vəsaitlər “Vneştorqbank” vasitəsilə xarici banklara yatırılıbsa, onda sanksiyalara tuş gələ bilər və gələcəkdə o vəsaitin ölkəyə qaytarılmasında ciddi problemlər yarana bilər: “”Vneştorqbank”la Neft Fondu arasında bağlanan müqavilənin detallarını bilmək vacibdir. Təəssüf ki, Neft Fondu müqavilələrlə bağlı detallı açıqlamalar vermir. Əgər bizim əlimizdə detallı məlumat olsa, daha ciddi proqnozlar vermək olar. Amma ən azı Neft Fondu o vəsaitin tezliklə “Vneştorqbank”dan çıxarılması ilə bağlı hansısa qərar verəcək. Izləmək lazımdır ki, həmin vəsaitin geri çağırılması prosesi əngəllərlə üzləşəcək, ya yox”. 

Fizzə