Ermənistan Xankəndi aeroportunu uçuşa hazırlayır

Sərkisyan-Putin görüşündən sonra bu məsələnin gündəmə gəlməsi nədən xəbər verir?

Vəfa Quluzadə: «Ermənilər böyük provokasiyaya gedə bilərlər»

Xankəndi aeroportu 15 günə uçuşlara başlayacaq. ANSpress-in məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Camanak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, artıq təyyarələr Xankəndi hava limanından uçmağa texniki cəhətdən hazırdırlar. Bunu qəzetə Qondarma Respublika rəsmisi Dmitri Atbaşyan bildirib. Onun sözlərinə görə, Xankəndi hava limanında təyyarələri qəbul etməyə hazırdır. 

Atbaşyanın sözlərinə görə, hazırda aeroportda texniki təhlükəsizlik məsələləri həll olunur. Jurnalistin “uçuşlar 15 günə başlaya bilərmi” sualına gəlincə, Atbaşyan cavab verməkdən yayınıb və o, yalnız texniki problemlərlə məşğul olduğunu bildirib.

Xankəndi hava limanının uçuşlara hazır olması ilə bağlı bundan əvvəl də bir neçə dəfə məlumat yayılsa da, sonra bu baş tutmayıb. Bu dəfə necə, hava limanı işə düşəcəkmi və bu halda Azərbaycan hansı addımlar atmalıdır?

Məsələ ilə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı.

Politoloq Vəfa Quluzadə hesab edir ki, əgər Sərkisyan Moskvada Putinlə görüşündə bu məsələ haqda danışıbsa, onda sözsüz, ermənilər böyük provokasiyaya gedə bilərlər. Bu məsələnin çox mürəkkəb pərdəarxasının olduğunu deyən ekspertin fikrincə, əgər Rusiya özü Azərbaycanı ram etmək iqtidarında deyilsə, onda ölkəmiz üçün gərginliklər, çətinliklər yaradacaq. Ona görə də hər şey gözləmək olar və hər şeyə də hazır olmaq lazımdır. 

Ekspertin sözlərinə görə, Azərbaycan baş verənlərə təmkinlə və məsləhətli cavab verməlidir. Rəsmi Bakı baş verənləri ABŞ və Türkiyə ilə müzakirə etməlidir: “Əgər Rusiya bizi müharibə provokasiyasına çəkirsə, onda baxmaq lazımdır ki, bunu etməyə dəyərmi. Müharibəyə qələbəyə yüz faiz ümid olanda getmək lazımdır. Əgər qələbəyə ümid yoxdursa və Rusiyanın müharibəyə qoşulacağı məlumdursa, onda bu müharibəni indi başlamağa dəyməz. Bu torpaq bizimdir, bizə də qayıdacaq. Amma bunu elə qaytarmaq lazımdır ki, ölkə dağılmasın”.

V.Quluzadənin sözlərinə görə. ABŞ-la münasibətləri gərginləşən Rusiya bu ölkənin Azərbaycandakı maraqlarına zərbə vura bilər. Təqsir də qalar Azərbaycanın boynunda. Yəni ermənilər Xankəndidəki aeroportu işə salıb, Azərbaycan isə ordan uçan təyyarələri vurur, müharibəyə başlayır.  Rusiya da Ermənistanın tərəfində döyüşəcək. ABŞ və Türkiyənin Azərbaycanın tərəfində vuruşacağını isə indidən demək mümkün deyil. Ona görə də bu məsələdə təmkin, ağıl və səriştə göstərmək lazımdır. 

Fizzə