Bəşər Əsəd şərt qoydu

Suriya lideri kimyəvi silahla bağlı 1 il vaxt və 1 milyard istəyir

NATO baş katibi Suriya hökumətinin tezliklə cəzalandırılacağını bildirib

 

Suriya prezidenti Bəşər Əsəd ölkəsinin kimyəvi silah arsenalını əlavə şərt olmadan beynəlxalq nəzarətə verməyə hazır olduğunu bəyan edib. B.Əsəd bu əməliyyatı həyata keçirmək üçün 1 il vaxt və 1 milyard dollar pul lazım olduğunu söyləyib: “Biz kimyəvi silahımızı bu riskə gedəcək istənilən ölkəyə verməyə hazırıq”.

O, BMT müfəttişlərinin ölkəyə qayıtmasını gözlədiklərini deyib və “zarin” kimyəvi maddəsindən istifadə olunmasının məsuliyyətini terrorçuların boynuna qoyub. Əsəd onu da bildirib ki, onlara qarşı döyüşənlərin 90 faizi terrorçudur: “Bizdə vətəndaş müharibəsi getmir. Bizdə müharibə gedir. Bu, müharibənin yeni növüdür. Terrorçuların 80-90 faizi ”Əl-Qaidə”nin üzvləridir”. 

Bəşər Əsəd ABŞ prezidenti Barak Obamaya da çağırış edib. O bildirib ki, Obama ilə görüşmək imkanı olsaydı, ondan xalqın tələbinə əməl etməsini istəyərdi: “Insanların ümumi istəklərini yerinə yetirmək yetərlidir”. 

ABŞ ictimaiyyətinin Obamanın Suriyaya qarşı hərbi müdaxilə planını dəstəkləmədiyinə işarə edən Əsəd onu fikrindən daşınmasını istəyib. Qeyd edək ki, Obama Suriyaya qarşı hərbi müdaxilə planını Rusiyanın Bəşər Əsəd rejiminə məxsus kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi təklifindən sonra təxirə salıb(APA).

“Suriyada kimyəvi silahdan istifadə edilməsi hərbi cinayətdir. Və Vaşinqton bu cinayətlərə görə Əsədi mühakimə etməyə çalışır”. Bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə çıxışı zamanı söyləyib. Rasmussen Suriya hökumətinin kimyəvi silahdan istifadə etdiyinə görə dünya ictimayəti qarşısında günahkar olduğunu və tezliklə cəzasını alacağını da bildirib. NATO-nun baş katibi Suriyadakı məsələlərlə bağlı müttəfiq dövlətlərlə ABŞ-ın fikirlərinin üst-üstə düşdüyünü də qeyd edib. Rasmussen onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin nəticəsindən asılı olmayaraq Suriyaya qarşı hərbi variant gündəmdə qalacaq. Qeyd edək ki, bundan əvvəki açıqlamalarında Rasmussen bildirmişdi ki, NATO Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək. Bir şərtlə ki, münaqişə Türkiyənin təhlükəsizliyini təhdid etməyəcək(newsru.som). 

Rusiya Xarici Işlər Nazirliyindən isə Suriyadakı mövcud məsələlərlə bağlı müxalif qüvvələrin ittiham edilməsinin əleyhinə olduqlarını deyib: “Hamı Suriya hakimiyyətini yersiz və sübutsuz yıxmağa çalışır. Bu çox qeyri-ciddi addımdır”(anspress).

Rusiya müdafiə naziri Serqey Şoyqu isə bildirib ki, Rusiya ərazisində Suriyanın kimyəvi silahını məhv etmək üçün hər cür şəraiti var, amma bu barədə hələ ki, qərar verilməyib: “Hazırdır” sözü ilə “mümkündür” sözü arasından fərq var”.