Aslan Ismayılov Zeynəb Xanlarova haqda qalmaqaldan danışdı

«Qarşı tərəf sanki məhkəmə prosesinə yox, davaya gəlmişdi»

Xalq artisti Zeynəb Xanlarova ilə Türkiyə vətəndaşı Seyfi Azərioğlu arasındakı məhkəmə prosesinin son iclasında qalmaqal yaşanıb. Seyfi Azərioğlunun vəkili Müzəffər Baxışov Zeynəb Xanlarovanın vəkili Aslan Ismayılovun nümayəndə kimi işə buraxılmasına etiraz edib. Müzəffər Baxışov və digər vəkillər qarşı tərəfin müdafiəçisi Aslan Ismayılovun şahid qismində dindirilməsini istəyir.

Seyfi Azərioğlunun digər müdafiəçisi Əlövsət Əliyev “Şərq” qəzetinə deyib ki, Müzəffər Baxışov məhkəmədə Aslan Ismayılovun sənədlərin saxtalaşdırılmasında iştirakını əsas gətirərək, onun şahid qismində dindirilməsi vəsatətini qaldırıb: “Hakim tərəfindən də vəsatət qəbul olunmadı. Yəni, burada tərəfləri qızışdıracaq, əsəbiləşdirəcək bir iş yox idi. Mənim üçün də onların davranışı çox gözlənilməz oldu. Ümumiyyətlə, hesab edirəm ki, vətəndaşlar professional vəkillərlə müqavilə bağlamalıdır”.

Vəkil Aslan Ismayılov isə “Azadlıq”a açıqlamasında bildirib ki, indiyə qədər sözügedən olayla bağlı mətbuata açıqlama verməyib: “Qarşı tərəf müdafiə etdikləri Seyfi Azərioğlunun adından yox, öz adlarıyla Zeynəb Xanlarovaya qarşı qanunsuzluğa qanuni don geyindirməyə çalışıblar. Sonuncu məhkəmə prosesinə də gedəndə məqsədim bu məsələyə aydınlıq gətirmək və həmkarlarımdan bu cür etməməyi xahiş etmək idi. Məhkəmə prosesində iradım ondan ibarət olub ki, nümayəndə müsahibə verəndə yanlış fikirləri cəmiyyətə öz adından dəqiq fakt kimi çatdırmamalıdır. Bu günə qədər isə qarşı tərəf dəfələrlə mətbuata nümayəndələrinin uydurmalarını fakt kimi çatdırıb. Zeynəb Xanlarovanı və məni qanun pozmaqda ittiham edib. Bu sözlərdən sonra gənc bir qız mənim üstümə çığırmağa başlayıb. Mən onu səsini yüksəltməməyə çağırmışam. O isə daha yüksəkdən danışdıqda demişəm ki, gəlin, mənə bir yumruq da vurun. Bu məqama qədər tanıdıqlarım Əlövsət Əliyev və Müzəffər Baxışov susublar. Hərçənd, yaşlarına uyğun olaraq işçiləri olan həmin gənc qıza irad tutmalı idilər. Müzəffər Baxışov, gözləmədiyim halda, ayaq üstə durub ”Bu ölkədə ən həyasız adam mənəm. Əgər sən həyasızlıqla bu prosesi udmaq istəyirsənsə sənə göstərərəm” dedi. Tərəflərin prosesə yox, davaya gəldiklərini gördüyümdən, hakimə bildirdim ki, bir yerdə ki, insan özünü ölkədə ən həyasız adam sayır mənim sözüm yoxdur və öz abrımı qorumaq üçün hər hansı suala cavab verməkdən imtina edirəm. Çünki gördüm ki, onlar məhkəmə prosesinə yox, davaya gəlib”.

Aslan Ismayılovun sözlərinə görə, sözügedən qalmaqallı məhkəmə iclasından əvvəl Əlövsət Əliyev onunla telefonla əlaqə saxlayaraq, məsələnin sülhlə həllinin tərəfdarı olduğunu deyib: “Mən təklif etdim ki, Əlövsət Əliyevin ”zəif təbəqə” adlandırdığı Seyfi mənimsədiyi 112 min dolların ya hesabatını versin, ya da qaytarsın, biz heç bir yerə şikayət etməyək. O isə əvəzində dedi ki, bu iş mətbuata çıxsa, Zeynəb xanım üçün yaxşı olmayacaq. Mən təklif etdim ki, sən özün sənədləri gətir, onlar rəsmi, inandırıcı sənəd olsa, söz verirəm ki, əgər 60 min dollarından artıq olsa, biz mübahisəni bitmiş sayacağıq. Həm də xahiş etdim, dedim ki, Zeynəb xanım, dünyada tanınmış insandır və bu məsələni mətbuata çıxarmağa ehtiyac yoxdur. Əlavə etdim ki, o haqlıdır və mətbuatdan çəkinəcəyi məqam yoxdur. Bu cür şantajla Zeynəb Xanlarovanı haqlı tələbindən çəkindirməyə cəhd edən onlar olub. Biz isə bu günə qədər ümumiyyətlə danışmamışıq. Bir də ki, qonorar naminə “ağa qara demək” heç kimə başucalığı gətirməz”.

Ramin DEKO