Sabiq deputata seçkiyə qədər susmaq tapşırılıb
Hazırda həbsdə olan deputat Gülər Əhmədova daha bir vəkilindən imtina edib. Bu, onun mətbuatla daha çox ünsiyyət saxlayan vəkili Raqif Mustafayevdir. Sözügedən xəbəri “Yeni Müsavat”a istintaqdakı mənbələrdən biri verib. Sabiq deputatın imtinasına səbəb vəkilin media ilə münasibətləri, daha doğrusu, verdiyi açıqlamalardır.
Xəbərə görə, G.Əhmədova bir neçə aydır ki, R.Mustafayev və digər vəkili Əfsər Talıbova media ilə bütün ünsiyyəti sıfıra endirməyi tapşırıb. Əslində hər iki vəkil sabiq deputatın tapşırığına əməl edir.
Lakin məlumatda bildirilir ki, G.Əhmədovanın qəzəblənməsinə R.Mustafayevin qadağadan öncə mediaya verdiyi müsahibə və açıqlamalar səbəb olub. Hazırda istintaq materialları ilə tanış olan sabiq deputat orda özünün əleyhinə olan bəzi məqamlarda vəkilinin ehtiyatsızlığından qəzəblənib. Ya vaxtında verilməmiş bir açıqlama, yaxud da yanlış bir bəyanat G.Əhmədovanı R.Mustafayevlə yollarını ayırma mərhələsinə çatdırıb. Sabiq deputat vəkilini müdafiə prosesi boyunca özünüreklamda ittiham edib. Onun fikrincə, R.Mustafayevin bütün açıqlamaları, müsahibələri daha çox öz təbliğatını aparmasına hesablanıb.
“Yeni Müsavat” bu xəbəri dəqiqləşdirmək üçün R.Mustafayevlə əlaqə saxladı. Vəkil bu barədə heç nə demək istəmədiyini bildirdi: “Mən dediklərinizlə bağlı heç bir şərh və məlumat verməyəcəyəm”.
“Azadlıq”a daxil olan məlumata görə, G.Əhmədovanın vəkillərindən imtina etməsi hakimiyyətlə aralarında olan sövdələşmədən irəli gəlir. G.Əhmədovaya vəd verilib ki, seçkiyə qədər danışmasa azadlığa buraxılmasını təmin etmiş olacaq. Sabiq deputat da bu baxımdan vəkillərindən imtina edib. G.Əhmədova ehtiyat edir ki, vəkillər mətbuata danışa bilərlər. Məlumatda həmçinin bildirilir ki, G.Əhmədovanın işilə bağlı istintaq başa çatsa da, məhkəmə seçkidən sonraya saxlanılıb.