22 sentyabrda hakimiyyətə «Bəsdir» deyiləcək
Mill Şuranın 22 sentyabr mitinqinə hazırlıqlar davam edir. Ölkənin ən fəal gənclər təşikilatları mitinqə hazırlığı prioritet elan ediblər. Bu məqsədlə plakatlar hazırlanıb, çağırış vərəqələri çap edilib, şüarlar seçilib. Eyni zamanda Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə bağlı bukletlər hazırlanır. Gənclər hesab edir ki, 22 sentyabr mitinqi ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Fəal gənclər bu mitinqdə iştirakla bağlı bütün həmyaşıdlarına çağırış edir və ölkə gəncliyini səfərbər olmağa çağırır.
Qeyd edək ki, 22 sentyabr mitinqinin əsas şüarı “Bəsdir” olacaq. Artıq sosial şəbəkələrdə mitinqin “event”i yaradılıb və 40000-ə qədər insana dəvət göndərilib. Yaradılmış “event”in divarında mütəmadi yazışmalar onu göstərir ki, bu mitinqlə bağlı yüksək əhval-ruhiyyə hökm sürür.
Mitinqin “Event”i xalqa müraciətlə başlanır
“Əziz vətəndaşlar! Hörmətli xanımlar və bəylər!
Milli Şura 22 sentyabr tarixinə mitinq elan edib. Mitinq razılaşdırılıb, yəni icazəlidir. Mitinq “Yasamal rayon Idman-Sağlamlıq Kompleksinin stadionu”nda (“Məhsul” stadionu, Inşaatçılar metrosunun yaxınlığında) saat 16:00-dan 18:00-a qədər keçiriləcək.
Möhtərəm seçicilər, 22 sentyabr mitinqi təkcə müxalifətin vahid namizədi Cəmil Həsənlinin təbliğatı üçün deyil. Bu mitinq eyni zamanda haqsız yerə girovluqda saxlanılıb çürüdülən gənclərə, günahsız siyasi fəallara, ilahiyyatçı alimlərə arxa durmaq üçündür!
Öz haqqını, şərəfini qoruduğu üçün müxtəlif böhtanlarla həbs edilənlərin müdafiəsi, onlara azadlıq tələb etmək üçündür!
Evi qanunsuz şəkildə sökülmüş on minlərlə vətəndaşların haqqını tələb etmək üçündür!
Məktəblərdə, universitetlərdə, xəstəxanalarda korrupsiyaya “Bəsdir!” demək üçündür!
Xalqın təhqir olunmasına “Bəsdir!” demək üçündür!
Əsgər ölümlərinə “Bəsdir!” demək üçündür!
22 sentyabr zülmə, yalana, talana “Bəsdir!” demək günüdür”.
Bir daha xatırladaq ki, 22 sentyabr mitinqi Yasamal Rayon Idman-Sağlamlıq Kompleksinin stadionu. M.Seyidov küçəsi, 3155-ci məhəllə ünvanında keçiriləcək.
Ilham Hüseyn