Cəmil Həsənli göstərdi ki…

Hafiz Haciyev studiyadan yox, seçki yarişindan çıxarılmalıdır

Arif Əliyev

Böhran şəraitində kommunikasiya qaydaları deyir ki, qıcıq mənbəyinin sakitləşməyəcəyinə əminsənsə, onu dərhal aradan qaldırmalısan. Hafiz Hacıyev öz-özünə sakitləşməyəcəkdi. Əksinə, onun namizədliyinin irəli sürülməsinin və debatlarda iştirakının məqsədi (vəzifəsi də demək olar) konkret şəxsin – Milli Şura namizədinin əsəbləri ilə oynamaq, onu tarazlıqdan çıxarmaq idi. Cəmil müəllim də bəri başdan üzünü bozartdı, Hafiz Hacıyevi yerinə oturtdu. Yoxsa o, hələ çox hədyanlar söyləyəcəkdi.

Açığı, əvvəl mən Cəmil müəllimin özünü müəyyən çərçivədə saxlaya bilmədiyinə təəssüfləndim. Amma sonra bu qənaətə gəldim ki, düzgün variant seçib.

Birincisi, dönə-dönə «Mən hüquqlarımı heç kimə vermərəm» deməklə göstərdi ki, insanların da hüquqlarını qorumaq üçün axıra qədər getməyə hаzırdır. Öz hüquqlarını qoruya bilməyənə kim xalqın taleyini etibar edər?

İkincisi, sonadək israr etməklə o, İctimai Televiziyanın da, studiyada oturmuş bəzi namizədlərin də mövqeyini seçicilərə tam aşkarlatdı. İTV Hafiz Hacıyevə hədyanlar söyləmək, söz atmaq, hətta söyüş söymək, başqa namizədin vaxtını əlindən almaq üçün şərait yaradır, müxalifət nümayəndəsinin isə oğurlanmış vaxtını ona qaytarmaq istəmirdi. Namizədlərdən yalnızca ikisi baş verən biabırçılığa etirazını bildirdi. Qalanlarsa özgə evində ailə mübahisəsinin şahidi olmuş qonaqlar kimi, guya, abırlarına qısılıb səslərini çıxarmırdılar.

Düzü, bəlkə də Cəmil müəllimə müəyyən irad tutmaq olar. Amma o göstərdi ki, özü ilə belə rəftara yol verməz. Deməli, xalqla da müvafiq rəftara dözməyəcək. Bir də, insanıq axı. Prezident seçkisi olmur, nə olur-olsun. Kimin ailəsinə efirdən – milyonların qarşısında – belə təhqirlərə yol vermək olar? Niyə həmin anda İTV-nin nümayəndəsi lazımi ciddilik göstərmək əvəzinə, qanun-norma saymayan Hafiz Hacıyevə Seçki Məcəlləsindən sitat oxuyurdu? Niyə iqtidar nümayəndəsinin təmsilçisi reaksiya bildirmirdi, ancaq prezidentin ailə üzvlərinin adı qulağına dəyəndə səsini çıxarırdı? Nədir, prezidentin arvad-uşağı arvad-uşaqdır, başqa namizədlərinki yox?

İndi söz Mərkəzi Seçki Komissiyasınındır. Hafiz Hacıyevin efirdən sui-istifadə cəhdlərinə son qoymaq, debatları xilas etmək istəyirsə, onun namizədliyi ləğv olunmalıdır. Əgər MSK buna əsas tapa bilmirsə, onda Hafiz Hacıyev başqa namizədlərə açıq təhlükə kimi izolə edilməlidir. Qoy onu bir studiyada tək otuzdurub 6 dəqiqə vaxt versinlər. Lap qarşısına 9 su qabı qoysunlar – namizədlərin sayı qədər. Nə könlündən keçir, danışsın. Kimin kölgəsinə qab tolazlayır, tolazlasın. Görək, kim qulas asacaq, kim baxacaq.