Berluskoni yenidən siyasətə qayıdır?

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni yenidən siyasətə qayıdacağı ilə bağlı açıqlama verib.

Berluskoni Romada çıxışı zamanı bildirib ki, ona qarşı səsləndirilən ittihamları ləğv etmək üçün yenidən İtaliyanın konstitusiya və Avropanın insan haqları məhkəməsinə müraciət edəcək.

“Mən heç bir cinayət törətməmişəm və heç bir günahım yoxdur. Hətta senatdan çıxarılsam da belə, həmişə sizinlə olacam” – deyən sabiq baş naziri qeyd edib ki, insan istənilən zaman istənilən yerdə siyasət yürüdə bilər: “İnsanı lider edən vəzifə deyil, xalqın dəstəyidir. İndiyə qədər mənə olan dəstəyi hörmətlə qəbul etmişəm. Bu gündən sonra da mənə dəstək olacağınıza inanıram”. 

Ötən gün Berluskoninin senatorluq vəzifəsindən kənarlaşdırılması məsələsinin senatda səsverməyə qoyulması planlaşdırılsa da, partiyasının müraciəti ilə səsvermə appelyasiya məhkəməsi tamamlanana qədər təxirə salınıb.