Pərviz Həşimlinin atası Eldar Mahmudova səsləndi

Kamran Həşimov: «Eldar Mahmudov, mənim oğlum terrorçu, quldur deyil, terrorçular, quldurlar sizin ətrafınızdakı dəstələrdədir»

Jurnalist və hüquq müdafiəçisinin həbsilə bağlı mətbuat konfransı keçirildi; gizlinlər açıqlandı; dünya mediası bu hadisədən yazdı

MTN-nin qondarma ittihamları ilə həbs edilən jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin Hüquqlarını Müdafiə Komitəsi dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun ofisində mətbuat konfransı keçirib.

“Elçin Quliyev Pərvizə deyir ki, sən biz deyən adamların üzünə dirənməlisən”

Ilk çıxış edən jurnalistin atası Kamran Həşimov Pərviz Həşimlinin ziyalı ailəsində böyüdüyünü diqqətə çatdırıb: “Mən uzun illər kimya müəllimi işləmişəm. Mən quldur övlad böyütməmişəm, ziyalı yetişdirmişəm. Bir oğlum həkimdir, Pərviz də jurnalistdir. Mənim oğlum qələmi ilə işləyib, ölkədə baş verən hadisələri işıqlandırıb. Son dövrlər ona MTN-lə əməkdaşlıq etmək üçün elə həmin nazirlik tərəfindən təzyiqlər edilib. Amma o, heç bir təklifi qəbul etməyib, buna etiraz edib. Çünki kiminsə haqqında şər danışmaq, tələ qurmaqdan uzaq olub. Buna etiraz etdiyi üçün kənardan bir  buyruq qulu ona zəng edib ki, Gəncədən hədiyyə gətirmişəm. Pərviz təəccüblənib ki, nə hədiyyə? Onda da deyib ki, təkzib veriləsi bir yazı var, düş görüşək. Düşən kimi MTN onu həbs edib, maşında silah göstərilib. Sonra evə hücum çəkilib. Ona görə evə daxil olan kimi təhlükəsizlik kameralarını sındırıblar”.

Kamran Həşimov oğlunun evində aparılan axtarışdan da danışıb: “Bunlar evə basqın ediblər. Nəvəmin oyuncaqlarının içinə tapança qoyublar. Guya ki, evdən tapança çıxıb. Hansı valideyn uşağının oyuncaqlarına tapança qoyar?! Onlar evin təhlükəsizlik kameralarını söndürəndən sonra bunları ediblər. Sonra da evin çölündə bir tikiliyə iri bir əşya qoyublar və qapını bağlayıblar. Cavan qadının, körpə uşağın üstünə 30 əməliyyatçını göndərmək nəyə lazımdır? Eldar Mahmudov eşitsin: gəlinim və uşağı artıq o evdən çıxıb. Həmin evlər onların məsuliyyətində qalır. Istər bundan sonra o evi od vurub yandırsınlar, nə istəyirlər yerləşdirsinlər. 

Dünyanın heç bir yerində jurnalist dövlət çevrilişi etmir. Bu çevrilişi silahlılar edib. Bu dövlət qruplara bölünüb: bunların mafiyaları var. Elçin Quliyev Pərvizə deyir ki, sən biz deyən adamların üzünə dirənməlisən.

Qoy Eldar Mahmudov Qurana and içsin ki, o silah-sursat Pərvizə məxsusdur. Onda bütün ailəni həbs etsinlər. Amma bunu edə bilməzlər. Çünki prezidentə yalan danışırlar. Qaçqın düşərgələrindən bir-iki yeri təmir edirlər, amma bunu prezidentə başqa cür təqdim edirlər.

Eldar Mahmudov, mənim oğlum terrorçu, quldur deyil, terrorçular, quldurlar sizin ətrafınızdakı dəstələrdədir.

Necə ki, aksiyalara yer ayırırlar, qoy bu ölkədəki quldur dəstələrinə də xüsusi yerlər ayırsınlar. Onlar da gedib razborkalarını orada aparsınlar, bizim övladlarımızın başına bu oyunları gətirməsinlər”. 

“Qızım yalvarmağa başladı ki, nə olar, bizi öldürməyin”

Pərviz Həşimlinin xanımı Ilahə Həşimova hadisə baş verən gün yaşananların təfərrüatlarını açıqlayıb. O, bildirib ki, sentyabrın 17-də axşam saatlarında Pərviz Həşimliyə dəfələrlə zəng edib, lakin jurnalist telefonu açmayıb: “Bildim ki, başında nəsə iş var. Çünki ona təzyiq edirdilər. Ilqar adlı MTN əməkdaşı ona zəng vurub deyirdi ki, gəl bizimlə işlə. Amma Pərviz bununla razılaşmırdı. Axşam saat 7 olardı həyətə çıxanda gördüm ki, evin qarşısında naməlum adamlar var. Onlar qapıya tərəf gələndə evə girib qapını bağladım. Qardaşıma, qaynıma, Pərvizin dayısına zəng vurdum ki, tez özlərini çatdırsınlar. Amma onlar ”reşotka”nı sındırıb içəri keçdilər. Hamama keçib uşaqla birgə orda gözləmək istədik. Bu dəfə silahlı adamlar qabağımızı kəsib, icazə vermədilər. Qızım ağlamağa və yalvarmağa başladı ki, nə olar, bizi öldürməyin. 

Onlar daha sonra həyətə, ardınca isə evin yanındakı dama keçdilər. Biz heç vaxt o tikilinin qapısını bağlı saxlamırıq. Amma onlar özləri bağlamışdılar və mənə dedilər ki, açın oranı. Dedim, necə bağlamısızsa, elə də açın. Qapını sındırdılar, lazımsız iki-üç taxtanın arxasından qumbara götürdülər. Mənə əmr etdilər ki, götür. Dedim, siz qoymusuz, özünüz götürün. Mənə qayıtdılar ki, əgər qapı açıq olsaydı, onda da deyəcəkdiz ki, qapını açıb, içəri narkotik yerləşdirmisiz. Bu isə onların bu əməliyyatı necə qurduqlarını göstərir”. 

Pərviz Həşimlinin həbsi zamanı hansı qanunsuzluqlar baş verib?

Pərviz Həşimlinin vəkili Elçin Sadıqov həbs zamanı jurnalistə qarşı edilən qanunsuz hərəkətlərdən danışıb. Vəkil bildirib ki, Pərviz Həşimliyə nəyə görə saxlanıldığı bildirilməyib. Heç bir əsas olmadan əl-qolları arxadan bağlanan jurnalist zorakılığa məruz qalıb, zədələr alıb: “Bundan başqa MTN əməliyyatçıları Pərviz Həşimlini hədələyiblər. Ondan etirafedici ifadə almağa çalışıblar. Bildirilib ki, əks halda işgəncə veriləcək”. 

Elçin Sadıqov həmçinin axtarışlar zamanı yol verilən qanun pozuntularına toxunub. Vəkilin sözlərinə görə, Pərviz Həşimlinin evində və ofisində aparılan axtarışla bağlı müstəntiq məhkəmənin qərarını təqdim etməlidir: “O, tapança axtarmağa gəlirsə, öncə deməlidir ki, bunu təhvil verin. Imtina edildikdə hal şahidlərinin də iştirakı və videoçəkilişlə axtarış aparılmalıdır. Obyektiv axtarışların əksəriyyətində videoçəkilişlər olur. Sonda isə protokolun bir surəti də ailəyə verilməlidir”. 

Elçin Sadıqov əlavə edib ki, Pərviz Həşimlinin evindəki təhlükəsizlik kamerasının yaddaş kartını əldə etmək üçün istintaq qarşısında vəsatət qaldırıb: “Əgər yaddaş kartı pozulubsa, bu həmin silahların Pərviz Həşimlinin evinə əməliyyatçılar tərəfindən qoyulmasının sübutu olacaq”.

Vəkil onu da deyib ki, Pərviz Həşimli məhkəməyə gətirilərkən və aparılarkən onun başına torba keçirilməsi insan ləyaqətinin alçaldılmasıdır: “Avropa Məhkəməsinin qərarı var: bu, insan ləyaqətini alçaldan hərəkətdir. Məhkəmə çıxışında o məhkumların başına torba keçirib üzünü gizlədirlər ki, kənardakı insanlar onun kimliyini görüb daş ata, zərər verə bilərlər. Pərviz Həşimli həmin kateqoriyadan olan insan deyil və ona qarşı bu davranış qanunsuzdur”. 

Elçin Sadıqov Pərviz Həşimliyə qarşı irəli sürülən qaçaqmalçılıq ittihamının Dövlət Gömrük Komitəsinə, silahla bağlı ittihamın isə prokurorluğa aid məsələ olduğunu deyib: “Amma istintaq MTN tərəfindən aparılır və burada ciddi qərəz müşahidə olunur. Tələb edəcəyik ki, istintaqın aparılması prokurorluğa verilsin”. 

“Bu əməliyyat AXCP və onun sədri Əli Kərimliyə qarşıdır” 

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu isə Pərviz Həşimlinin həbsinin siyasi sifariş olduğunu bildirib: “AXCP bunu siyasi sifariş sayır. Bu həbs onun jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır. Həbsdən 20 gün qabaq burda danışılanları müəyyən qədər demişdi. Bu əməliyyat AXCP və onun sədri Əli Kərimliyə qarşıdır. Azərbaycan hakimiyyəti hər dəfə bu düşük və dəbdən düşmüş ssenarini yaradır. 2005-ci il seçkiləri ərəfəsində də Rəsul Quliyev gəlməliydi. Onda bütün ağacların dibindən silahlar, ”Kalaşnikov”lar “tapdılar”. Biz qətiyyətlə Pərvizin yanında olacağıq. Ona təşəkkür edirik ki, bu ağır günlərdə ona qarşı edilən təzyiqlərə baxmayaraq, dünyagörüşünə sadiq qalıb, ssenarilərə qol qoymayıb. 

Kişini tutarlar, həbs edərlər. Amma Azərbaycan hakimiyyəti nümayəndələri öz körpələrini gözlərinin qabağına gətirsinlər. Heç kəs belə haldan sığortalanmayıb. Əzəmətli Qəzzafi hakimiyyətinin yaramaz sonluğunu gözlərinin qabağına gətirsinlər. Tutmaq istəyirsən, tut, amma qadına-qıza qarşı bu davranış yersizdir. Bu zülm bizə qarşı olub. Bu çətin sınaqdan ailəsinin və bizim şərəflə çıxmamızı istəyirəm”.

Pərviz Həşimlinin həbsi beynəlxalq aləmin də diqqətindədir. Dünən dünyanın bir çox nüfuzlu media quruluşları jurnalistin həbsindən yazıb. Bu sırada xüsusilə “New York Times”, “Washinqton Post”, “Röyters”, “Assoşeyted press” və BBC kimi nüfuzlu media orqanlarını göstərmək olar.

Vidadi Məmmədov