Əli Kərimli: «ATƏT sədri dedi ki, Yaxın Şərqdə baş verənlərdən bütün dünya nəticə çıxarmalıdır»
Dünən ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri Audronyus Ajubalis Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşüb. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ALP sədri Əvəz Temirxan, «Ümid» Partiyasının sədri İqbal Ağazadə və parlamentdə təmsil olunan partiyaların təmsilçiləri iştirak edib. Bu barədə qəzetimizə məlumatı AXCP sədri Əli Kərimli verib.
Görüşdə çox açıq və prinsipial müzakirələrin getdiyini deyən AXCP sədri bildirdi ki, Azərbaycanın köklü problemləri haqqında fikir mübadiləsi aparılıb. Ə.Kərimlinin sözlərinə görə, eyni zamanda görüşdə iştirak edənlərin hamısı Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in roluna toxunaraq, təşkilatı daha prinsipial siyasət yürütməyə, təcavüzə məruz qalanla, təcavüzkarı bərabərləşdirməməyə çağırdı: «Görüşdə ölkənin daxili siyasəti ilə bağlı açıq diskusiya aparıldı. İndiyə qədər keçirilmiş bütün seçkilərin saxtalaşdırılması, ATƏT-in hər seçkidən sonra hazırladığı hesabatların sonradan hakimiyyət tərəfindən nəzərə alınmaması, beynəlxalq təşkilatların davamlı çağrışlarına baxmayaraq seçki islahatının aparılmaması müzakirə predmeti oldu. Bunlarla yanaşı mətbuat və söz azadlığı üzərindəki maneələr, həbsdə olan jurnalistlər, gənclər, siyasətçilər, siyasi partiyalara olan münasibət, müxalifətə qarşı olan ayrı-seçkilik, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına, ölkədəki iri miqyaslı korrupsiyaya da toxunuldu».
Ə.Kərimlinin sözlərinə görə, müzakirə olunan məsələlərə münasibətində ATƏT sədri öz növbəsində bildirib ki, Yaxın Şərqdə baş verənlərdən bütün dünya özü üçün nəticələr çıxarmalıdır. ATƏT sədrinin fikrincə, hakimiyyətlər islahatlar aparmalı, vətəndaş cəmiyyətini eşitməlidir. «ATƏT öz mandatı çərçivəsində Azərbaycandakı islahatşlara dəstək verəcəyini ifadə elədi», deyə Ə.Kərimli vurğuladı.
Xəyal