Nazirlər Kabineti Assosiasiya sazişini imzalamağa rəsmən razılıq verdi
Ukrayna Nazirlər Kabineti bu ölkə ilə Avropa Ittifaqı arasında Assosiasiya sazişi layihəsini imzalamağa razılıq verib. Qeyd edək ki, layihə ətrafında danışıqlar 2007-ci ildən davam edir.
Ötən ilin martında saziş paraflanıb. Indi hökumətin razılığından sonra sənədlər Ukrayna prezidentinə təqdim olunacaq. Rəsmi Kiyev hesab edir ki, sənədin yekun imzalanması noyabrın 28-29-da Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində baş tuta bilər.
Saziş layihəsi hələ avqust ayında Nazirlər Kabinetinin saytına yerləşdirilmişdi. Mətnin əksər hissəsi iqtisadi əməkdaşlığa dair bölümlərdən ibarətdir. Bundan başqa, tərəflər siyasi dialoqu inkişaf etdirmək və möhkəmləndirmək, həmçinin vizasız gediş-gəliş rejiminin tətbiqi üçün addımlar atmaq haqda öhdəliklər götürür.
Azad ticarət zonası da razılaşmanın tərkib hissəsidir. Məhz bu məqam Rusiyada narahatlıq yaradır. Rusiya hesab edir ki, sazişin imzalanmasından sonra Avropadan Ukraynaya daha ucuz qiymətə mallar axacaq ki, bu da yerli istehsalçılara ziyan vuracaq. Rusiya Ukraynanı Gömrük Ittifaqına və Avrasiya Iqtisadi Birliyinə qoşulmağa çağırır. Kiyev isə bu strukturlara daxil olmağa hazır deyil.
“Avropa Ittifaqı ilə razılaşmanın tərkib hissəsi həm də Ukraynanın yerli qanunvericiliyinin təkmilləşdirilməsidir. Bununla yanaşı, ölkə Avropa istehsalçıları ilə rəqabətə davamlı olmaq üçün yaxın on ildə iqtisadiyyatını modernləşdirməlidir”, – deyə dünən hökumətin toplantısında baş nazir Nikolay Azarov bildirib.
Baş nazir Avropa Ittifaqı ilə razılaşmanın hökumət tərəfindən dəstəklənməsini Ukrayna üçün “taleyüklü məsələ” kimi qiymətləndirib. Onun sözlərinə görə, bu addım davamlı inkişaf və Avropa keyfiyyətli həyat istiqamətində əlverişli şərtlər yaradır.
Azarov onu da əlavə edib ki, Ukrayna Avropa Ittifaqının timsalında təkcə nəhəng iqtisadi-ticarət partnyoruna deyil, həm də demokratiya və insan hüquqları sahəsində müasir standartlı cəmiyyətə qoşulmaq istəyir: “Bizim dövlətimiz köklü şəkildə dəyişəcək. Assosiasiya sazişi vətəndaşlarımızın böyük əksəriyyətinin görmək istədiyi Ukraynanı qura bilməyimiz istiqamətində ”yol xəritəsi”dir”.