Əvəz Temirxan: «Cəmil bəy bu çıxışı ilə göstərdi ki, o, Azərbaycan prezidenti olmağa layiqdir»
Gözəl Bayramlı: «Azərbaycandakı seçkilərin favoriti Cəmil Həsənli olacaq»
Mustafa Hacıbəyli: «Digər namizədlər Cəmil Həsənlinin əleyhinə böhtan və təhqirlər yağdırmaq üçün qeydə alınıb»
Prezidentliyə namizədlərin Ictimai Televiziyada keçirilən ilk debatı gözlənilən kimi hakimiyyət namizədlərinin Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı hücumlarla yadda qaldı. Lakin Cəmil Həsənli ona bəslənən ümidləri artıqlaması ilə doğruldaraq hücumları dəf etdi, eyni zamanda hakimiyyətin bütün eybəcərliklərini qabarda bildi.
Bəs ilk debat Cəmil Həsənliyə ümid bəsləyənlərdə hansı təəssürat yaratdı?
15 il debat təcrübəsi olan bir siyasətçi kimi ALP sədri Əvəz Temirxan Cəmil Həsənlinin çıxışını həddən artıq soyuqqanlı, tolerant, alicənab, demokratik və dözümlü çıxış kimi qiymətləndirdi. Milli Şuranın namizədi ona hücuma keçənlərə çox yüksək intellektual səviyyədə cavab verdi. Eyni zamanda çıxışında ölkənin, xalqın ağrılı problemlərini önə çəkdi.
Ə.Temirxanın sözlərinə görə, Cəmil Həsənlinin yerində başqa şəxs olsaydı, bəlkə də o hücumların qarşısında bir az təmkinini itirə bilərdi. Amma Cəmil bəy bu çıxışı ilə göstərdi ki, o, Azərbaycan prezidenti olmağa layiqdir və nə qədər radikal çıxış etsə də barışdırıcı lider, barışdırıcı bir prezident olacaq. Yüksək intellektual və prinsipial çıxışı isə onun bütün azərbaycanlıların prezidenti ola biləcəyini göstərdi.
AXCP sədrinin müavini Gözəl Bayramlı Cəmil Həsənlinin ona bəslənən ümidləri doğrultduğunu deyir. Öz çıxışı ilə bir daha göstərdi ki, haqsızlıq qarşısında susmayan əsl ziyalıdır, xalqın sözünü, iradəsini ifadə edən bir namizəddir. Eyni zamanda Cəmil Həsənli bu hakimiyyətin mahiyyətini faktlara söykənən arqumentlərlə onların üzünə deməklə, ölkədə korrupsiyanın başında birbaşa Ilham Əliyev durduğunu deməklə ən cəsarətli namizəd, cəsarətli ziyalı olduğunu və xalqın mənafeyini hər şeydən üstün tutduğunu bir daha sübut etdi: “Çox uğurlu bir başlanğıc oldu. Azərbaycandakı seçkilərin favoriti Cəmil Həsənli olacaq. Artıq cəmiyyətdən gələn mesajlar da bunu deməyə əsas verir ki, Azərbaycan xalqının böyük əksəriyyəti ölkəni korrupsiya, rüşvətxorluq girdabında boğan hakimiyyətə yox, məhz xalqın namizədi olan, bu hakimiyyətin mahiyyətini üzünə deyən Cəmil Həsənliyə səs verəcək”.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli də Cəmil Həsənlinin çıxışının gözlədiyindən də yaxşı alındığını deyir: “Bilirdim ki, Cəmil bəy prinsipial adamdır və onun bu hakimiyyətə münasibəti necədir. Amma bu qədər də prinsipiallıq gözləmirdim. Digər namizədlər Cəmil Həsənlinin əleyhinə böhtan və təhqirlər yağdırmaq üçün qeydə alınıb. Belə bir şəraitdə tam prinsipiallıq ortaya qoymaq çətindir. Həm də Cəmil bəyin bu tipli debatlarda o qədər də geniş təcrübəsi yoxdur. Ancaq gözlədiyimizdən də qat-qat artıq çıxış gördük. Hər kəsin də rəyi budur”.
Fizzə