: «ATƏT-in bu hesabatı başqa beynəlxalq qurumlara da nümunə olmalıdır»
Anar Məmmədli: «Bu cür hesabatlar seçkilərin demokratikliyini şübhə altına alır»
ATƏT-in Demokratik Təsisatlar və Insan haqları Bürosunun yaydığı və seçki prosesinə mənfi rəyin əks olunduğu aralıq hesabatı əvvəlkilərdən sərtliyi ilə fərqlənir. Sənəddə son iki ildə Azərbaycan hakimiyyətinin ifadə və sərbəst toplaşma azadlığını pozduğu, seçki komissiyalarının formalaşdırılmasına dair Avropa qurumlarının tövsiyələrini qulaqardına vurduğu qeyd olunur.
Gözlənildiyi kimi bu hesabat hakimiyyət tərəfindən sərt qarşılanıb. Iqtidar nümayəndələri növbəti dəfə ATƏT-i qərəzli olmaqda ittiham edib.
YAP icra katibinin müavini Siyavuş Novruzov ATƏT-dən başqa cür hesabat gözləmədiyini, hakim patiyanın siyasi şurasının üzvü Aydın Mirzəzadə isə Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə sıx işlədiyini, onların tövsiyələrini daim nəzərə aldığını deyib.
ATƏT-in hesabatına belə reaksiya hakimiyyətin bundan təşviş keçirdiyini də göstərir.
Bu hesabatın seçkiyə nə kimi təsiri olacaq və ATƏT-in növbəti hesabatlarından gözləntilər nədən ibarətdir?
AXCP Ali Məclisinin sədri Həsən Kərimov ATƏT-in hesabatını obyektiv və Azərbaycandakı bu gün mövcud reallığı əks etdirən bir mövqe kimi qiymətləndirdi. Artıq hakimiyyət bundan nəticə çıxarmalı və növbəti mərhələlərdə namizədlərə bərabər şərait yaratmalıdır, seçki kampaniyası bir adamın üzərində fokuslaşmamalıdır.
H.Kərimovun sözlərinə görə, ATƏT-in bu hesabatı digər beynəlxalq qurumlara da nümunə olmalıdır. Onlar Azərbaycanda “kürü diplomatiyası” əsasında işləməməli və ölkədəki mövcud ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirməlidirlər: “Prezidentliyə namizədlərin ilk debatı da göstərdi ki, digər namizədlər Ilham Əliyevə dəstək üçün hazırlanıb. Beynəlxalq qurumlar həmin namizədlərin birbaşa hakimiyyətin xeyir-duası ilə seçkilərə qatılması ilə bağlı öz mövqeyini bildirməlidir. Namizədlərin seçicilərlə görüşləri başlayandan sonra da ATƏT bu məsələlərə diqqəti artırmalıdır. Inanırıq ki, seçki günü və sonra bu məsələlərə münasibət daha obyektiv və əhatəli olacaq”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli beynəlxalq təşkilatların açıqladıqları hesabatdan bütün tərəflərin nəticə çıxarmalı olduğunu deyir. ATƏT-in hesabatında da siyasi situasiya, siyasi azadlıqların vəziyyəti ilə bağlı narahatlıqlar ifadə olunur. Bu artıq aydın bir siqnaldır ki, proses bu cür davam edərsə, hakimiyyət seçkilərlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, seçkilər mənfi qiymətləndiriləcək. Ancaq əfsuslar olsun ki, bu məsələlər hakimiyyəti narahat etmir. Bu cür hesabatlara hakimiyyətin yanaşması həddindən artıq destruktivdir. Hesabatda irəli sürülən məqamları müzakirə etmək əvəzinə sərt mövqe nümayiş etdirirlər.
Ekspertin sözlərinə görə, bu cür hesabatlar seçkilərin demokratikliyini şübhə altına alır. Eyni zamanda gələcəkdə ciddi tənqid üçün əsasdır. Bu baxımdan ATƏT-in hesabatı kifayət qədər əhəmiyyətlidir. Çünki Azərbaycanla işləyəcək qurumlar, təşkilatlar, insanlar bu cür hesabatlara əsaslanacaq.
Fizzə