Elşad Abdullayev həbs olunduğu haqda xəbəri təkzib etdi

«Beynəlxalq axtarışa verilməyim haqda Azərbaycanda çıxarılmış məhkəmə qərarının Fransada əhəmiyyəti sıfırdır»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin son müraciətinin əslində, başqası tərəfindən media orqanlarına göndərildiyi, sabiq rektorun özünün isə bir neçə gün əvvəl saxlanıldığı haqda məlumatlar yayılıb.

Lakin dünən Elşad Abdullayev özü “Azadlıq”a açıqlama verərək, bu haqda yayılan şayiələrin heç bir əsası olmadığını bildirib: “Bu məlumatları yayanlar mütəşəkkil cinayətkar təşkilatın üzvləridir. Məqsəd diqqəti əsl cinayətkarlardan yayındırmaqdır. Prezidentin göstərişilə yaradılmış Müstəqil Istintaq Komissiyasının işi əslində, Mahir Abdullayevi oğurlayanları üzə çıxarıb cəzalandırmaq idi. Amma ötən bir ilə yaxın müddətdə bu qurumun fəaliyyəti göstərir ki, onlar əksinə, cinayəti ört-basdır etmək, cinayətkarları məsuliyyətdən yayındırmaq yolunu tutublar. Ona görə də müxtəlif şayiələr, həqiqətə uyğun olmayan məlumatlar yayıb diqqəti yayındırmağa çalışırlar. Guya, Fransada saxlanıldığım haqda xəbərləri mən də eşitmişəm. Bunu yayanlar bilsinlər ki, mənim həbsli beynəlxalq axtarışa verilməyim haqda Azərbaycanda çıxarılmış məhkəmə qərarının Fransada əhəmiyyəti sıfırdır”.

Son müraciətini özü yazdığını və orada əksini tapmış hər bir cümlənin üzərində durduğunu deyən Elşad Abdullayev rəhbərlik etdiyi universitetin nəzdindəki Tibb Mərkəzində qanunsuz orqan köçürmələrinin baş verdiyi haqda Baş Prokurorluğun açıqlaması, o cümlədən özünün bu məsələ ilə əlaqədar beynəlxalq axtarışa verilməsinə də toxunub: “Əgər iddia olunduğu kimi, 2009-cu ildə bu hadisə baş vermişdisə, niyə o zaman araşdırmırdılar? O vaxt mən Bakıda idim. Mən bu məsələ haqda son müraciətimdə də göstərmişəm ki, əvvəla orada belə bir hadisə olmayıb. Hətta olubsa belə, buna görə mən məsuliyyət daşımıram. Əvvəla, ona görə ki, Tibb Mərkəzində baş verənlərə görə baş həkim Dilarə Ismayılovanın məsuliyyət daşıdığına dair aramızda müqavilə olub. Üstəlik, Tibb Mərkəzinə qeyri-rəsmi nəzarət Ramiz Mehdiyevin yaxın qohumu, MTN-dən zorla universitetə prorektor göndərilmiş Fikrət Əliyevin nəzarətində idi. Yəni, olubsa da, məsuliyyəti onlar daşıyırlar”.

Elşad Abdullayev onu da əlavə edib ki, Azərbaycanda qanunsuz orqan köçürmələrilə hansı xəstəxanaların məşğul olduğunu və onların arxasında hansı məmurların dayandığını hüquq-mühafizə orqanlarının rəhbərliyi yaxşı bilir: “Sadəcə, diqqəti yayındırmaq, zərərçəkmiş kimi mənə təzyiq məqsədilə bu cür uydurmaları ortaya atırlar”.

Aytən