«Stratfor»un rəhbərinin Azərbaycan-Rusiya münasibətlərinə dair fikirləri nədən qaynaqlanır?
“Stratfor” Fondunun rəhbəri Cloc Fridman ABŞ-ın Suriya məsələsi ilə bağlı Rusiya ilə uğursuz danışıqlarının Azərbaycan kimi ölkələrin mövqeyinə təsir edə biləcəyini deyib. Fridmanın sözlərinə görə, bu, Azərbaycanın Kremllə münasibətlərinə yenidən baxmasına gətirib çıxara bilər.
Qeyd edək ki, “Startfor” fondunun hakimiyyətlə münasibətləri normaldır və bu tip açıqlamalar rəsmi Bakının istəyinə uyğun verilə bilər. Məqsəd isə seçki ərəfəsində ABŞ-a təzyiq göstərmək və Azərbaycanın Rusiyaya tərəf meyllənə biləcəyini nümayiş etdirməkdir.
Politoloq Razi Nurullayev Azərbaycan hakimiyyətinin həm Rusiya, həm də Qərbdən, xüsusən ABŞ-dan ehtiyatlandığını deyir. Rəsmi Bakı Rusiya tərəfindən təzyiqlə üzləşən zaman ABŞ-a tərəf meyllənir və bununla da Rusiyaya nümayiş etdirir ki, təzyiqlər artsa, Qərblə yaxınlaşa bilərəm. Bu da eyni zamanda NATO ilə yaxınlaşma deməkdir. Eyni zamanda ABŞ demokratiya və insan hüquqlarını əlində əsas tutaraq Azərbaycanda təzyiq edəndə rəsmi Bakı Rusiya ilə yaxınlaşma meyllərini ortaya qoyur. Bu Azərbaycan hakimiyyətinin neçə illərdən bəri apardığı siyasətdir. Lakin ekspert Azərbaycanın apardığı balanslı siyasət iflasa uğradığı kimi bu siyasətin də artıq effekt vermədiyini deyir.
Ekspertin sözlərinə görə, “Stratfor”un seçki ərəfəsində bu tip fikirlər ortaya atması təsadüfi deyil. Bu həm də onu deməyə əsas verir ki, “Stratfor” Azərbaycan kimi tayfa rejimli, diktatura üsulu ilə idarə olunan ölkələrdə də böyük məbləğlərdə pul alaraq həmin ölkələrin maraqlarına cavab verən proqnozlar dərc etdirir. Bu səbəbdən də artıq bu fondun dediklərinə inam get gedə azalmaqdadır.
Fizzə