“İlham Əliyev özünə güvənmədiyindən debatlara qatılmır”

«22 sentyabr aksiyası təşviqat mitinqlərinin ilk uğurlu startı olacaq»

İbrahim İbrahimli: «Azərbaycan toplumu seçim etməlidir o, oğruların, yoxsa doğruların tərəfindədir»

Seçki kampaniyasına bu həftə start verildikdən sonra sentyabrın 17-də namizədlərin ilk çıxışlarının şahidi olduq. Namizədlərin və onların səlahiyyətli nümayəndələrinin ilk çıxışlarına görə ölkədəki seçkiöncəsi situasiyaya qiymət vermək olar. Müsahibimiz Milli Şuranın sədri, istiqlalçı deputat Ibrahim Ibrahimli ilə söhbətimizə ilk olaraq təbliğat kampaniyasına qiymət verməklə başladıq.

– Əvvəla onu qeyd edim ki, Milli Şuranın seçkiyə hazırlığı, imzatoplama kampaniyası çox uğurlu keçdi. Bu kampaniya sübut etdi ki, Milli Şura həm təşkilati struktur, həm də təbliğati ideoloji baxımdan hakimiyyət və digər namizədlər irəli sürmüş təşkilatlardan xeyli irəlidədir. Eyni zamanda Milli Şuranın namizədi olan Cəmil Həsənlinin xarizması, obrazı hakimiyyət və digər namizədlərdən xeyli uğurludur. Cəmil Həsənlinin debatdakı ilk çıxışı bunu bir daha göstərdi. Milli Şura imzatoplama kampaniyasına uğurlu başladığı kimi Milli Şuranın da namizədi ilk çıxışı ilə təbliğat kampaniyasına uğurla başladı. O debatda Cəmil Həsənlinin çıxışı həm arqumentlərinə, həm siyasi məntiqinə, həm cəmiyyətə verilən mesajlara, həm də “Ilham Əliyev hesabat verməlidir” tələbinə görə digərlərindən fərqlənirdi. Cəmil Həsənli açıq şəkildə bəyan etdi ki, ölkədə baş verənlərə görə Ilham Əliyev hesabat verməlidir. Daxili və xarici mətbuatın yazdıqlarından çıxış edərək hakim ailənin korrupsiyaya qoşulmasıyla bağlı səsləndirdiyi faktlar qeyd olunmalı məqamlardır. Cəmil Həsənli çox qısa bir müddətdə “Çovdar” qızıl yatağı, Dubay mülkləri, ölkədən çıxarılan vəsaitlər barəsində geniş məlumat verdi. Bu debat əslində kriminallaşmış və korrupsiyalaşmış hakimiyyətin mövqeyinin nə qədər tənqidə dözümsüz olduğunu göstərdi. Cəmil Həsənlinin böyük iradə nümayiş etdirərək Azərbaycanda korrupsiya piramidasının başında birbaşa Ilham Əliyevin dayandığını bəyan etməsi Milli Şuranın liderinin nə qədər cəsarət yiyəsi olduğunu sübut edir. Mən Cəmil bəyin çıxışına ictimai yerdə baxırdım. Cəmil Həsənlinin Ilham Əliyevin oğluna Dubayda aldığı mülklər haqqında danışanda insanların ürəyindən necə tikanın çıxdığının şahidi oldum. Tamaşaçıların çıxışa münasibətini nəzərə alaraq bu qənaətə gəldim ki, bu kiçik auditoriyanı Azərbaycana şamil etsək, Milli Şuraya necə böyük dəstəyin olduğunu görərik.

– Ilk teleçıxışdan da şahidi olduq ki, bir neçə namizəd istisna olmaqla digər namizədlər “prezident olmaq istəyirəm” kəlməsini dilinə gətirmir. Və əslində baş verənlər həmin namizədlərin məhz real müxalifətin namizədinə qarşı təbliğat aparmaq üçün irəli sürüldüyü hiss olunur…
– Bu, hakimiyyətin 93-cü ildən indiyə kimi keçirilən seçkilərdə seçki texnoloqlarının istifadə etdiyi klassik metoddur. Namizədlərin çoxluğu iki məqama təsir edir. Namizədlərin çoxluğu birinci, efirdəki ödənişsiz vaxtın müxalifət namizədinə mümkün qədər az çatmasına, ikinci isə efirdə müxalifət namizədinə hücumlar etməyə xidmət edir. Biz ilk çıxışlarda da şahidi olduq ki, digər namizədlər Cəmil Həsənlinin üstünə düşdülər. Amma Cəmil Həsənli həmin namizədlərin həm cavablarını verdi, həm də cəmiyyətə öz mesajlarını çatdırdı. Bu çağdaş seçki taktikasına uyğun gəlmir. Amma hakimiyyətin daim təkrar olunan bu taktikası heç vaxt özünü doğrultmayıb, bu gün də doğrultmayacaq.

“Milli Şuranın aksiyaları artan xətlə davam edəcək”

– Milli Şuranın növbəti mitinqi sentyabrın 22-nə təyin edilib. Uzun müddət mitinqlərə aparıcılıq etmiş şəxs kimi növbəti aksiyadan gözləntiniz nədir?
– Hakimiyyət bütün gücü ilə seçki əhval-ruhiyyəsinin hiss olunmamasına, cəmiyyətin siyasi baxımdan aktivləşməməsinə çalışır. Sonuncu iki faktı diqqətinizə çatdırım. MSK-nın ITV-dəki ödənişsiz efir vaxtını məhz 19.00-a salması təsadüfi deyil. Çünki vətəndaşların böyük əksəriyyəti bu vaxtda evdə olmurlar. Ikinci bir məqam isə namizədlərin seçicilərlə görüşləri üçün rayonlarda ayrılmış məkanların uğursuz seçilməsi onu göstərir ki, hakimiyyət seçkilərdən çox narahatdır. Ona görə də hər cür metodla siyasi fəallığın qarşısını almağa çalışır. 2003-cü il prezident seçkilərinə nəzər salsaq, həmin prosesdə aktiv iştirak edən şəxs kimi deyə bilərəm ki, siyasi fəallığın artması təbliğat kampaniyası baş verdi. O zaman da sentyabrdan başlayan kütləvi aksiyalar oktyabrda özünün kulminasiya nöqtəsinə çatdı. Ona görə təbliğat kampaniyası dövründə siyasi fəallığın artmasının şahidi olacağıq. Milli Şuranın sentyabrın 22-dəki aksiyasının uğurlu keçməsinin isə bir neçə səbəbi var. Birinci, mitinqin keçiriləcəyi məkan uğurludur. Iyirminci dairədən çıxılması bir psixoloji üstünlükdür. Düşünürəm ki, 22 sentyabr aksiyası təşviqat mitinqlərinin ilk uğurlu startı olacaq. Məncə, hakimiyyətə müxalif mövqedə olan cəmiyyət seçkilərdə aktiv şəkildə iştirak edəcək. Cəmil Həsənli indiyə qədərki çıxışlarında cəmiyyətin müxtəlif təbəqələrinə müraciətlər edib. Xüsusilə gənclər, müəllimlər, səhiyyə işçiləri, təqaüdçülər, hüquq-mühafizə orqanlarında çalışanlar ilə bağlı müraciətlərin olması aksiyaya öz təsirini göstərəcək. O cümlədən imzatoplama kampaniyası zamanı insanlarla birbaşa ünsiyyətin qurulması iştirakçıların sayına təsir edən amillərdəndir. Azərbaycan cəmiyyəti hazırda üz-üzə dayanmış oğrularla doğrulara, ləyaqətlilərlə ləyaqətsizlərə, harınlamış korrupsiyaner məmurlarla hüququ pozulan vətəndaşlara bölünüb. Azərbaycan toplumu təbii ki, seçim etməlidir o, oğruların, yoxsa doğruların tərəfindədir. Azərbaycan vətəndaşı ləyaqətli cəmiyyətin qurulmasını istəyir, yoxsa ləyaqətsiz toplum tərəfdarıdır. Azərbaycan toplumu ölkədə baş verənləri gözəl bilir. Vətəndaşlarımız Ilham Əliyevin son on ildə korrupsiya fəaliyyəti ilə bağlı dünya mətbuatında gedən xəbərlərdən yaxşı məlumatlıdır. Neft gəlirlərindən heç nə əldə etməyən cəmiyyət sosial ədaləti bərpa etmək üçün öz gücünə arxayın olmalıdır. Cəmiyyətimiz şərə qarşı xeyrin yanında olmaq dünya görüşünə sahibdir. Ona görə Milli Şuranın 22 sentyabr aksiyasından sonra mitinqlər yüksələn xətt üzrə davam edəcək.

“Rejim dəyişikliyi realdır”

– Azərbaycanda baş verənlərlə bağlı beynəlxalq təşkilatların mövqeləri kifayət qədər sərtdir. Bu mövqelərin üzərinə ATƏT-in sərt hesabatını, ABŞ-ın mövqeyini gələriksə, növbəti seçki saxtakarlığı hakimiyyətə nə vəd ed bilər?
– Ölkədə vəziyyətin, idarəçilik sisteminin dəyişməsinə gətirə biləcək siyasi şəraitin yetişməsi üçün kifayət qədər amil var. Hakimiyyət siyasi-seçki intriqasının yaranmamasına çalışır. Amma biz bu intriqanın yaranması üçün əlimizdən gələni edəcəyik. Amma, əlbəttə, Azərbaycanda baş verəcək rejim dəyişikliyi üçün beynəlxalq aləmin də dəstəyinə böyük ehtiyac var. Beynəlxalq aləm də Azərbaycanda baş verənləri ciddi müşahidə edir. Iyirmi ildən artıqdır ki, Azərbaycanda qeyri-legitim hakimiyyət iqtidardadır. Yəni seçkilər saxtalaşdırılır və hakimiyyət qeyri-legitim şəkildə elan olunur. Iyirmi ildir davam edən problem öz həllini tapmalıdır. Çünki legitimlik məsələsi ölkədəki stabilliyə də bir təhdiddir. Bu məsələ həllini tapmayacaqsa, 20 ildən artıq aparılan siyasət öz ciddi fəsadlarını verə bilər. Yəni bu sosial partlayış xaosa aparır. Ona görə ATƏT-in və digər beynəlxalq təşkilatların hesabatları Azərbaycanda seçki mühitinin normal olmadığını, siyasi rəqabətin mümkünsüzlüyünü sübut edir. Komissiyaların dəyişdirilməməsi və birbaşa YAP-ın nəzarətində olması – bütün bunlar beynəlxalq təşkilatların diqqətindən yayınmır. Bütün bu məqamlar beynəlxalq təşkilatların hesabatlarında əksini tapacaq. Xüsusilə Ilham Əliyevin Azərbaycana gələcək beynəlxalq müşahidə missiyasına etiraz etməsi də Azərbaycana qarşı işlədiləcək arqumentdir. Bu mövqe ABŞ tərəfindən sərt qarşılandı. Ilham Əliyevin bu yanaşması, əlbəttə, beynəlxalq aləmdə böyük qalmaqala səbəb olacaq addımdır.

“Hakimiyyətin köhnə sovet idarəçiliyi”

– Dövlət başçısının prezidentliyə namizədlərlə birgə debatlarda iştirak etməməsini necə qiymətləndirmək olar?
– Bu məqam da Azərbaycandakı seçki durumu ilə bağlı beynəlxalq təşkilatların sərt reaksiyasına səbəb olacaq. Ilham Əliyevin namizədlərlə debata qatılmaması, onun öz prezidentliyi ilə bağlı bir kəlmə söz deməməsi təsadüfi deyil. YAP-ın qurultayında Ilham Əliyevin namizədliyi irəli sürülən zaman o buna heç bir münasibət bildirmədi. Hazırda təşviqat kampaniyası başlayıb və Ilham Əliyev debatlara qatılmır. Bu onunla bağlıdır ki, Ilham Əliyev özünə güvənmir. Hamının bildiyi şeyləri Ilham Əliyev daha yaxşı bilir. Ilham Əliyev istər daxili, istərsə də xarici ictimai rəydə qırmızı xətti keçdiyi ilə bağlı sərt tənqidə məruz qalır. Təsəvvür edin ki, Ilham Əliyev Cəmil Həsənli ilə debata çıxır və Milli Şuranın namizədi ondan soruşur ki, Ilham Əliyev, nədən Azərbaycana utanc gətirən 3-cü dəfə namizədliyin irəli sürülməsi addımını atır. Ilham Əliyev bu suallara cavab verməkdə çətinlik çəkə bilər.

– Ötən həftə Kəmaləddin Heydərovun Zaqatalaya səfəri zamanı ona 5 min nəfər şikayətçi müraciət edib. Hakimiyyət xalqın onlardan razı olduğunu düşünür. Amma reallıqda başqa mənzərə göz önündədir?
– Hakimiyyət daxilində ciddi təlaşlar var. Müxalifət daxilində baş verənlər açıq olduğuna görə cəmiyyət prosesləri izləmək şansı əldə edir. Amma hakimiyyət daxilində baş verənlərlə bağlı fərqli situasiyadır. Cəmiyyət bu olaylar haqqında məlumat əldə edə bilmir. Məndə olan məlumata görə, Mehriban Əliyevanın namizədliyi ilə bağlı hakimiyyət daxilində ciddi qarşıdurma yaranmışdı. Hətta Mehriban Əliyevanın təşviqat materialları belə mətbəədə hazırlanıbmış. Bütün bu proseslər hakimiyyətdaxili ciddi diskusiyalardan xəbər verir. Namizədin müəyyənləşdirilməsiylə bağlı qarşıdurma kulminasiya nöqtəsinə çatıbmış. Hazırda hakimiyyət sovet dövründən qalma siyasəti işə salaraq nazirləri rayonlara ezam edir. Bu cür metodla illərlə yığılan problemləri həll etmək mümkün deyil. Yerlərə təşəbbüsün verilməməsi idarəçilik sisteminin korrupsiyalaşmasıyla bağlıdır. Insanlar Kəmaləddin Heydərovla yanaşı digər nazirlərin də qəbuluna axın edirlər. Insanların bir qismi hələ də problemlərinin həll ediləcəyini düşünür.

Xəyal