«Rusiya Suriyanı «vəhşi hücumdan» xilas etdi»
Böyük Britaniya və Fransa Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini təqdim edib.
Bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib. Məlumata görə, sənəd BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin (ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa) görüşündə təqdim olunub. Görüş cəmi 30 dəqiqə davam edib. “Qərb dövlətləri sənədin mətnini təqdim edib. Sonrakı günlərdə onun nəzərdən keçiriləcəyi gözlənilir”, deyə diplomat bildirib. Qətnamə layihəsinin mahiyyəti barədə məlumat verilmir. Qeyd edək ki, sentyabrın 17-də BMT baş katibi Pan Gi Mun TŞ qətnaməsinin məcburi xarakter daşımasının vacibliyini qeyd edib. O vurğulayıb ki, qətnamə Suriyanın kimyəvi silahının Rusiya və ABŞ arasında əldə olunmuş razılaşmaya əsasən məhv olunmasına zəmanət verməlidir.
Rusiya isə israrla Suriyada kimyəvi silahdan istifadənin təxribat olduğunu bəyan edir. Rusiyanın BMT-də daimi nümayəndəsi Vitaliy Çurkin bildirib ki, avqustun 21-də Qutada miqyaslı təxribatın baş verdiyini isbatlayan çoxsaylı dəlillər var: “Bunun məqsədi isə Suriya münaqişəsinə xarici müdaxilənin olmasıdır. Bu sübutlar hərtərəfli araşdırılmalıdır”. Diplomat həmçinin qeyd edib ki, Rusiya tərəfi BMT-nin kimyəvi silah üzrə ekspertlərinin dərhal Suriyaya qayıtmasını gözləyir.
Suriya hökuməti Dəməşq ətrafındakı kimyəvi hücumlar barədə materialları rusiyalı diplomatlara təqdim edib. Hazırda Dəməşqdə olan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Suriya hökuməti bu materialları kimyəvi hücumların silahlı müxalifət tərəfindən həyata keçirilməsinin göstəricisi kimi qiymətləndirir. Rusiya XIN sözügedən materialları tədqiq etməyə başlayıb. Rusiyalı diplomatlara hansı növ informasiyaların verildiyi və onların analizi üçün nə qədər vaxt lazım olacağı açıqlanmır.
Öz növbəsində BMT ekspertləri yaxın vaxtlarda yenidən Suriyaya gedəcəklər. Bu barədə BMT ekspert missiyasının rəhbəri Oke Selstroma məlumat verib: “Suriyaya qayıdacağıq, bu dəqiqdir, amma plan hələ hazır olmadığı üçün nə vaxt gedəcəyimiz barədə açıqlama verə bilmərəm, amma bu, tezliklə baş tutacaq”. BMT ekspertləri bundan əvvəlki Suriya səfərlərinin nəticəsində hazırladıqları hesabatda avqustun 21-də Dəməşqdə kimyəvi silahdan istifadə edildiyini təsdiqləmişdilər. Bu dəfəki səfər isə Rusiyanın təşəbbüsü ilə təşkil edilib. Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin bildirib ki, martın 19-da Hələbdəki insidenti, eləcə də avqustun 22-si, 24-ü və 25-də Suriya əsgərlərinin zəhərlənməsi faktlarını araşdırmaq lazımdır.
Suriya lideri Bəşər Əsəd isə ölkəsini “vəhşi hücumdan” xilas etdiyi üçün Rusiyaya minətdar olduğunu deyib. Onun sözlərinə görə, Rusiya Suriyanın Qərbi dəstəkləyən radikal islamçılarla mübarizəsinə dəstək verib. O, Rusiyanın yeni bir qlobal sabitlik yaratmağa kömək etdiyini deyib(anspress).