AXCP jurnalist və hüquq müdafiəçisi, partiyanın Ali Məclis üzvü Pərviz Həşimlinin həbsinə sərt reaksiya verib.
Partiyanın bununla bağlı yaydığı bəyanatda deyilir:
“Pərviz Həşimli AXCP Ali Məclisinin üzvü, fəal hüquq müdafiəçisi və tanınmış jurnalistdir. Onun həbsi azad sözə, hüquq müdafiəçiliyinə və açıq-aşkar AXCP-nin fəaliyyətinə zərbə xarakterlidir. Onun həbsinin əsas motivi barədə mediada geniş məlumat yayılıb. Pərviz Həşimlidən yerli tv-lərdən birində AXCP sədrinə qarşı çıxış etmək tələb olunub və o, bundan imtina etdiyi üçün həbs edilib.
AXCP hesab edir ki, bu həbs həm də Milli Şuranın vahid namizədi Cəmil Həsnlinin teledebatda hakimiyyətin bütün namizədlərini məğlub etməsi ilə bağlıdır. Yəni, hakimiyyət aşkar şəkildə ictimai diqqəti seçki kampaniyasından yayındırmaq və əsas siyasi qüvvələri qorxutmaq istəyir. AXCP bəyan edir ki, hakimiyyətin bu cür hərəkətləri özünüifşadan başqa bir şey deyil. AXCP Pərviz Həşimlinin sırf siyasi motivlərlə həbs edildiyini, onu sona kimi müdafiə edəcəyini bəyan edir. Bu işdə adı hallanan dövlət qrumları və onun vəzifəli şəxsləri məsuliyyətlərini dərk etməli və Pərviz Həşimli bir an öncə azadlığa buraxılmalıdır”.