Pərviz Həşimlinin həbsi ilə bağlı yeni məlumatlar

MTN jurnalist və hüquq müdafiəçisini şantaj edirmiş

Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin həbsi ilə bağlı yeni məlumatlar əldə etmişik. Məlumatlara görə, təxminən iki həftə əvvəl Pərviz Həşimli yaxınlarına bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi ona qarşı əməliyyat hazırlayır. Onun sözlərinə görə, hakimiyyət daxilində baş verən prosesləri ictimailəşdirməsi iqtidarı qəzəbləndirib. Bu baxımdan onu cəzalandırmaq qərarı verilib. Pərviz Həşimli deyib ki, ona qarşı əməliyyat ilk olaraq şantaj formasında təzahür edib. Jurnalistə rüsvay ediləcəyi barədə mesajlar göndərilib. Daha sonra hakimiyyətin nəzarətində olan saytlarda barəsində həqiqətdən uzaq, şantaj xarakterli yazılar yerləşdirilib. Bundan sonra o xəbərdarlıq alıb: “Bu hələ “jurnaldır”, qabaqda səni sürprizlər gözləyir!”.
Pərviz Həşimli bu əməllərin əsas təşkilatçısı və icrasına məsul olan şəxsin kimliyini öyrənir. Bəlli olur ki, bu şəxs MTN-nin Anti-Terror Mərkəzinin rəis müavini İlqar Əliyevdir. Pərviz Həşimli İlqar Əliyevə sms yazaraq bildirir ki, mənəviyyatdan uzaq hərəkətlərdən əl çəksinlər. Əks təqdirdə o, öz şərəfini qorumaq üçün addımlar atacaq.
Jurnalist sms yazandan sonra qarşı tərəfə zəng də edib. Və yazdıqlarını təkrarlayıb.
Bundan sonra isə MTN Pərviz Həşimliyə qarşı hərəkətə keçib.