Morninqstar Xədicə İsmayılı müdafiə etdi

«Azərbaycanın cəsur jurnalistləri beynəlxalq standartlara uyğun materiallar hazırlayır»

Sentyabrın 18-də Bakıda “Seçki prosesində media etikası” mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən IREX-in ölkə üzrə rəhbəri xanım Anjela Nikoara təmsil etdiyi qurumun Azərbaycan jurnalistikasının inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. A.Nikoara bildirib ki, IREX-in dəstəyi ilə 8 universitetdə WiFi şəbəkəsi qurulub.
Jurnalistika ilə məşğul olan 12 nəfərin Azərbaycan universitetlərində dərs keçməsi təmin edilib. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ-ın mətbuat azadlığına həmişə dəstək verdiyini deyib: “Biz dəfələrlə demişik ki, ABŞ Azərbaycanda mətbuat azadlığını nə qədər dəstəkləyir. Mətbuat bizə gözlər və qulaqlar verir ki, problemləri müəyyən edək. Media azadlığı xüsusilə seçki dönəmində önəmlidir. Medianın tamamilə azad olması o deməkdir ki, media məsuliyyətlidir”.
Səfir onu da bildirib ki, Azərbaycanın cəsur jurnalistləri beynəlxalq standartlara uyğun materiallar hazırlayır. Həmin materiallarda hökumət tənqid olunur. Bu isə jurnalistlərə qarşı təzyiqə gətirib çıxarır.
Səfir “Azadlıq” radiosunun əməkdaşı ilə bağlı baş verən hadisələrdən də danışıb. Bildirib ki, Xədicə Ismayılovaya qarşı aparılan qara piardan narahatdır: “Xədicə Ismayılovanın dediyi hər şeylə razı olmaya bilərsiniz, amma bu, azad medianın dəyəridir. Mən də Xədicə Ismayılovanın dediyi hər şeylə razı deyiləm. Bununla belə, biz azad medianın dəyərini bilməliyik. Belə hücumlar Azərbaycanın imicinə zərər gətirir”.