Mişel Platini təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək
UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək. Səfər çərçivəsində Avropa futbol qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək.
AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, sözügedən layihə çərçivəsində təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək. Bu siyahıya düşmək üçün AFFA Bakı şəhərinin namizədliyini irəli sürüb.