Bu yaxınlarda öyrəndim ki, ölkədə ayıq sürücü xidməti varmış; deməli, sükan arxasına əyləşənlər getdikləri məclislərdə – qonaqlıqlarda, toylarda-zadda artıq “düt” deyənəcən içə bilərlər. Lap axırda zəng edirlər həmin bu xidmətə, oradan bir qardaş gəlir, həmin sürücünün maşınını lazım olan yerə, məsələn, evədək idarə edir. Bir sözlə, əla xidmətdir. Arzu edək ki, tezliklə ölkədə məsələn, “rüşvətsiz məmur xidməti” yaradılsın, tutaq ki, bir arayış almaq lazım gələndə rüşvət istəyən məmurun yerinə həmin xidmətdən rüşvət istəməyən məmur çağırmaq mümkün olsun.
Həmçinin bir yerin ağrıyıb xəstəxanaya üz tutmalı olanda “pulsuz həkim xidməti”, hər seçkidə “saxtalaşdırmayan müəllim xidməti” yaradılacağı günü də dörd gözlə gözləyirik.
Bir halda ki, söhbət seçkidən düşdü, Mərkəzi Saxtalaşdırma Komissiyasının (el arasında buna zarafatla “Mərkəzi Seçki Komissiyası” da deyirlər) sədri Məzahir Pənahovun son bəyanatının üstündən sükutla keçməyək. ITV-də prezidentliyə namizədlərə ayrılan ödənişsiz efir vaxtı üçün həftənin cüt günləri, saat 19.00 seçilib. Məzahir müəllimə irad tutublar ki, həmin vaxt əksəriyyət hələ çöldən evə yığışmır, ona görə də həmin vaxtı bir az sonraya çəkmək lazımdır, məsələn, saat 21-ə. MSK sədri buna çox gülünc bir cavab verib, deyib axşam saat 9-da rayonlarda camaat artıq çoxdan yatmış olur.
Arqumentə baxın ha – elə bil qədim insan itiuclu daşla dinozavr ovuna çıxıb.
Arqument sahibi isə sanki Azıx mağarasından indicə düşübdür.
Bu cür ağıl yiyəsinin keçirdiyi seçkiyə seçki demək qorxuludur, adamın o saat ağzı əyilə bilər. Heç səsvermə gününə ehtiyac yoxdur. Indidən bunun adını qoymaq lazımdır: şou. Həm də miskin şou.
Görün nələrə əl atırlar: ödənişsiz efir vaxtını pik saatlarda ayırmaqdan belə qorxurlar! Bir neçə gerçəkçi teleçıxışın Əliyevlər rejiminin onillik təbliğatını puç edəcəyinin fərqindədirlər çünki. Bu teleçıxışları mümkün qədər az insanın izləməsilə effekti azaltmaq istəyirlər, bunu da qənimət hesab edirlər.
Hələ mən onu demirəm ki, teleçıxışlar üçün niyə məhz həftənin cüt günlərini seçiblər. Çünki tək günlər müxalifət namizədi üçün həftədə dörd dəfə efir vaxtı ayırmaq deməkdir. Cüt günləri seçməklə bu efir vaxtının birini “yeməyi” də qazanc sayırlar özlərinə. Bilirlər ki, Ilham Əliyevin əvəzedilməzliyi, alternativsizliyi, xalq tərəfindən sevilməsi barədə təbliğat o qədər çürük, içiboşdur ki, bir neçə teleçıxışla bunun tam əksi ortaya çıxacaq, həmin təbliğat darmadağın olacaq.
Necə ki, seçkidəki yeganə müxalifət namizədi Cəmil Həsənli dünən axşam ilk teleçıxışı ilə bunun startını verdi. Mən bu sətirləri onun çıxışından cəmi iki saat sonra yazıram, amma necə güclü reaksiyalar doğurduğunu, ictimai alqış qazandığını internet üzərindən görmək çətin deyildi.
Bax, belə olacağını yaptokratlar da hesablamışdı, ona görə də ən rəzil, gülməli yollarla müxalifət namizədinin xalqla teletəmaslarının effektini azaltmaq yolunu əvvəlcədən seçmişdilər.
Məzahir Pənahovun dediklərinə qayıdaq: əvvəla, əgər rayonlarda camaat doğrudan da, axşam saat 9-dan sonra yatırsa, deməli, bunlar 92-93-də xalqın guya, sabitlik olmadığı üçün gecələr çölə çıxa bilmədiyi barədə illərdir üyüdüb tökdüklərinin filfilo bir söhbət olduğunu etiraf edirlər. Camaat axşamdan başını atıb yatırsa, məntiqlə o, gecələr necə çölə çıxa bilərdi? Deməli, məsələ, sabitlikdə-zadda deyilmiş.
Digər tərəfdən, bizim seçicilərin, xalqın həqiqətən ciddi bir yuxu mərəzi var, amma bu, ertədən yatmaqla bağlı deyil. Bu, qəflət yuxusudur. Əliyevlərin “analoqsuz inkişaf”, “regionun lider dövləti”, “ictimai-siyasi sabitlik” laylaları altında illərdir davam edən qəflət yuxusu!
Kimliyini unutduğum dostlardan biri demişdi: “Azərbaycan yatmış şirdir – burdan qaldırırsan, gedib o tərəfdə yatır”.
Indi isə oyanmaq vaxtıdır. Oyanmaq və öz taleyinlə bağlı prosesin iştirakçısına çevrilmək, onu növbəti dəfə talançı, korrupsioner əllərə əmanət etməmək vaxtıdır indi!
Bizə “ayıq sürücülər”dən əvvəl ayıq seçicilər lazımdır.