Rüstəm Ibrahimbəyov barəsində yayılan məlumatlara sərt reaksiya verdi
“Guya mən Milli Şuradan getmək istəyirəm. Mən vəzifəmi axıracan yerinə yetirəcəyəm. Yenə də deyirəm, mən ictimai fəaliyyətdən çəkilməyəcəyəm, həmişə əlimdən gələni edəcəyəm”. Bu sözləri Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib. Milli Şuranın sədri siyasətlə məşğul olmayacağı barədə fikirlərinə də aydınlıq gətirib: “Mənim hansısa partiyanın üzvü kimi vəzifəyə iddiam yoxdur.
Siyasətçi o deməkdir ki, siyasətlə peşəkarcasına məşğul olur. Mən isə siyasi proseslərə necə qoşulduğumu aydınlatdım. Bunu başa düşmək istəyən başa düşür. Kim ki, başa düşmək istəmir, deyir bu adam deyirdi siyasətlə məşğul olmuram, amma Milli Şuranın sədri, ya vahid namizəd oldu. Mən bütün bunlara aydınlıq gətirdim. Mən geriyə çəkilmirəm, istefaya getmirəm, Milli Şura fəal işləyir və Cəmil müəllimin kampaniyasını biz aparırıq, əlimizdən gələni edirik. Mən də hələlik bu işlərin başındayam və mənsiz heç nə olmur”.
Rüstəm Ibrahimbəyov London səfərində iştirak etməməsinin səbəblərindən də danışıb: “Londona vahid namizədin getməsi çox vacib idi. 20 gün – 1 aydan sonra, tətillər qurtarandan sonra Londona yenə də gedəcəyik. Çünki Milli Şuranın işləri seçkidən sonra da davam edəcək. Mən bilmirəm ki, Milli Şuranın taleyi necə olacaq… O mənada deyirəm ki, bəlkə formatı dəyişdik. Çünki elə partiyalar var ki, birdən onun tərkibindən çıxdılar. Amma mən özüm axıracan qalacağam və ümidvaram ki, bizim fəal iştirakçılarımız da burada axıra qədər qalıb bu işi davam etdirəcəklər. Amma bu işlərlə məşğul olarkən də mən siyasi məqsədlər güdmürəm”. Milli Şuranın sədri xanımı və azyaşlı övladı Bakıda girov saxlanıldığına görə hakimiyyətlə anlaşması barədə yayılan məlumatları təxribat adlandırıb: “Mənim xanımım Moskvadadır. Bakıda heç kəs girov saxlanılmır. Mənim köhnə dostum, direktorumdur ki, onun barəsində günahı olmadığı halda cinayət işi açıblar. Özü də bu cinayət işi yarım ildir açılıb. Mənim iqtidarla anlaşmaq fikrim olsaydı, heç əvvəldən bu işlərə girişməzdim. Bütün bunlar təxribatdır. Siz də bu məsələləri qaldıranda istər-istəməz iqtidarın xeyrinə işləyirsiniz! Sonra da məndən inciyirsiniz. Axı bizim ittifaqla bağlı cinayət işi yarım il bundan qabaq açılıb. Orda siz deyən məqamlar olsaydı, mən niyə Milli Şuranı yaradırdım, vahid namizədliyə razılıq verirdim”.