Gənclərdən həmyaşıdlarına mitinq çağırışı

Bu mitinqdə iştirakı vətəndaşlıq borcu hesab edirik

Milli Şuranın sentyabrın 22-də növbəti mitinq keçirəcəyi haqda məlumat vermişdik. Xatırladaq ki, budəfəki mitinq Yasamal rayonu ərazisində keçiriləcək və əvvəlki mitinqlərdən fərqli olaraq daha çox insanın iştirakı gözlənilir.

Cəmiyyətdəki əhval-ruhiyyə, sosial şəbəklərdəki yazışmalar onu göstərir ki, bu mitinqdə gənclərin iştirakı yüksək səviyyədə olacaq. Müxalifətin vahid qurumda birləşib, vahid namizədlə seçkiyə getməsi gənclərdə də böyük inam yaradıb.

VHP Gənclər Təşkilatının sədri Pünhan Imanlı hesab edir ki, bu mitinq ölkə gəncliyinin aktiv hissəsini əhatə edəcək və son illərin ən yaxşı mitinqi olacaq: “Bizim təşkilat bu mitinqdə fəal iştirak edəcək və bir gənc kimi bu bizim borcumuzdur. Ölkədəki acınacaqlı vəziyyət, hakimiyyətin bir qrup tərəfindən zəbt edilməsi, bizi bu mitinqdə iştirak etməyə məcbur edir. Biz ölkə gəncliyini sentyabrın 22-də öz nümunəsini göstərməyə və layiqli namizədi dəstəkləməyə çağırırıq. 20 illik yalan təbliğatından canımızı qurtarıb həqiqətə səs verməliyik”.

Azad Vətəndaş Naminə Hərəkatının üzvü Cəmil Hacıyev bildirdi ki, demokratiya, azadlıq naminə keçirilən bütün tədbirlərdə iştirak etmək vətəndaşlıq borcudur və hər bir gənc bu prosesin lokomotivi olmalıdır: “Biz öz ölkəsində dilənçi vəziyyətində yaşayan, təhsil haqların ödəyə bilməyən, ölkədə ədalətli seçkilərin keçirilməsini arzu edən hər bir gənci meydanda bizimlə çiyin-çiyinə olmağa səsləyirik. Ayın 22-də keçirilən mitinqdə iştirak etmək, həm də layiqli namizədə, əsl ziyalıya, ölkənin gələcəyinə səs verməkdir. Öz taleyimizə, ölkənin taleyinə biganə olmaq yetər. Çalışaq ki, bu il Azərbaycanın əsl qurtuluş ili olsun”.

Azad Gənclik təşkilatının Idarə Heyətinin üzvü Məcid Mərcanlı da 22 sentyabr mitinqində fəal iştirak edəcəklərini və artıq mitinq hazırlıqlarına başladıqlarını bildirdi: “Biz dərk edirik ki, bu il ölkə üçün həssas bir ildir və gənclərin proseslərdə iştirakı vacibdir. Çalışacağıq ki, sentyabrın 22-də əvvəlki mitinqlərdən daha çox insan iştirak etsin, gənclər fəallıq nümayiş etdirsin. Ölkədəki mövcud idarəetmədən ən çox əziyyət çəkən gənclər olduğundan mitinqdə əsas avanqard gənclər olmalıdır” 

Ilham Hüseyn