Həsən Kərimov Qaralovun cavabın verdi

Həsən Kərimov: «Bir vaxtlar cəbhəçilərlə qürur duyduğunu deyən adamın, indiki mövqeyi onun hansı mənəviyyat sahibi olmasından xəbər verir»

 

Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Təşkilatının sədri Zahid Qaralov “Kaspi” qəzetinə müsahibə verib.  Ənənəvi YAP üslubundan istifadə edən Qaralov əvvəlcə Cəmil Həsənlinin, sonra isə Xalq Cəbhəsinin əleyhinə xeyli danışıb: “Siyasi proseslərdən məlumatlı olanlar bilir ki, xalq cəbhəsi Qorbaçovun törəməsi, “ölü doğduğu övlad”dır.

Bu törəmələr də öz rollarını oynayaraq Azərbaycanı çox ağır vəziyyətə saldılar. Hakimiyyətə gəldilər, ancaq cəmi 11 ay ömürləri oldu. Xalq onlara öz yerlərini göstərdi. Sonra parçalana-parçalana bu günə gəlib çıxdılar. Indi də bir-birinin üzünə durur, öz mənafeyi naminə hər vasitəyə əl atırlar”- deyə Zahid Qaralov bildirib.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, Zahid Qaralovun nə Cəmil Həsənli, nə də Xalq Cəbhəsi haqqında danışmağa mənəvi haqqı çatır: “Özünə hörmət edən, şəxsiyyətinə qiymət verən adam Cəmil Həsənli haqqında mənfi fikir söyləməz. Cəmil Həsənlinin kitabları dünyanın tanınmış universitetlərində dərs vəsaiti kimi istifadə olunur, Azərbaycan Demokratik Cümhuriyyətinin tədqiqatçılarından biridir. Zahid Qaralov hansı kitab ortaya qoyub, cəmiyyətə hansı töhfələri verib?”.

Həsən Kərimov Zahid Qaralovun Xalq Cəbhəsi haqqında fikirlərinə də münasibət bildirdi: “Xatırlatmaq istəyirəm ki, Zahid Qaralov Elmi tədqiqat Institunun rəhbəri olanda,  Xalq Cəbhəsinin iclaslarında fəal iştirak edirdi, Cəbhənin iclaslarına həmişə şərait yaradırdı və özünü ən böyük cəbhəçi hesab edirdi. Indi necə oldu ki, bu adam Cəbhəni Qorbaçovun layihəsi adlandırır. Məsləhət görərdim ki, Zahid Qaralov keçmişini xatırlasın, cəbhəçilərlə fəxr etdiyini, cəbhəçilərin tutduğu yolla qürur duyduğunu unutmasın. Bu deyilənlər Zahid Qaralovun hansı əxlaq, hansı mənəviyyat  sahibi olduğunu göstərir”.

Ilham Hüseyn