«Müxalifət qüvvələrinin vahid mövqedən çıxış etməsi demokratik düşərgənin şansını xeyli artırır»
Arif Əliyev: «Məmurların haqsızlıqları, maliyyə resurslarının qeyri-bərabər bölünməsi, korrupsiya böyük narazılıq doğurur»
Təbliğat kampaniyasına start verilsə də, ölkədə seçki ab-havası qətiyyən hiss olunmur. Hakimiyyət atdığı addımlarla ölkədə maksimum siyasi fəallığın qarşısını almağa çalışır. Namizdlər üçün ayrılan ödənişsiz efir vaxtının məhz saat 19.00-a seçilməsi də bu baxımdan təsadüfi qiymətləndirilmir. Belə ki, əhalinin böyük bir qisminin bu vaxtlarda evdə olmadığı nəzərə alınarsa, bu addımın da siyasi fəllığın artımının qarşısını almaq üçün atıldığını söyləmək olar. Tanınmış jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə müsahibəmizə məhz bu təzada aydınlıq gətirməklə başladıq. Belə ki, hakimiyyət özünə güvənən bəyanatlarla çıxış etsə də, digər tərəfdən seçkinin cəmiyyətdə hiss edilməməsinə çalışır.
– Bütün bu halın yaranmasına səbəb ictimai gözləntinin təəssüf ki, hələ aşağı olmasıdır. Ictimai fəallığı da hələ ki, biz görmürük. Yaxşı bir atalar məsələ var: çobanın könlü olsa, təkədən pendir tutar. Ona görə hətta axşam saat yeddi və səkkizdə başlayan çıxışlara da maraq böyük ola bilər. Ictimai fəallıq və maraq daha vacib elementdir. Əlbəttə, biz deyə bilərik ki, saat doqquzda debatlar olsaydı daha yaxşı olardı və bu debatların başqa vaxta keçirilməsi hakimiyyətin seçkilərə münasibətidir. Amma istənilən halda onu da nəzərə almaq lazımdır ki, qanunvericilikdə debatların vaxtının məhz saat 9-da olmasıyla bağlı bəndlər yoxdur. Ona görə ictimai strukturların diqqəti bu məsələyə yönəltməkdən daha çox təbliğata diqqət yetirməsini zəruri sayıram.
– Hakimiyyətin seçkidən diqqəti yayındırmaq, siyasi fəallığın qarşısını almağa xidmət edən addımları nəyə xidmət edir?
– Açıq görünür ki, hakimiyyət siyasi fəallığın artmasına maraq göstərmir. Əksinə, hakimiyyət situasiyanın sakit tərzdə saxlanılmasına çalışır. Səbəblər bəllidir. Çünki cəmiyyətdə narazı elektorat kifayət qədər böyükdür. Məmurların haqsızlıqları, maliyyə resurslarının qeyri-bərabər bölünməsi, korrupsiya böyük narazılıq doğurur. Amma bu narazılıq hələlik passiv vəziyyətdədir. Ona görə də etiraz formalarına açıq icazə verilməsi bu prosesi canlandıra bilər. Əgər adi dövrlərdə Bakıda yalnız bir yerdə toplaşmağa icazə verilirdisə, seçki dövründə bu ərazilər bir qədər çoxdur. Əgər əvvəllər müxalifət, ümumiyyətlə, teleməkandan aralı tutulurdusa, seçki dövründə bir kanalda olsa belə ünsiyyət imkanları yaradılır. Seçki özlüyündə demokratik imkanların genişləndirilməsini gündəmə gətirir. Hakimiyyət ona görə siyasi fəallığın nəzarətdə saxlanması üçün bu addımları həyata keçirir.
Telekanallar 4 milyon manatdan niyə imtina etdi?
– Ölkənin tanınmış özəl telekanalları təbliğat kampaniyasında iştirakdan imtina etdilər. Əslində bununla hakimiyyət işıq gələ biləcək hər bir nöqtəni qapamaq niyyətində olduğunu nümayiş etdirir. Sizcə, bu telekanalların könüllü seçimidir?
– Televiziya kampaniyalarının praktikada bu cür addım atması nadir hadisədir. Heç bir ölkədə televiziya kanalları seçki kampaniyasında iştiraka məcbur edilmir. Amma bütün ölkələrdə telekanallar seçkini böyük maraqla izləyirlər. Çünki telekanallar həm auditoriyanı genişləndirmək, həm də kifayət qədər böyük gəlir əldə etmək imkanı əldə edirlər. Bizim ekspertlərdən Ələsgər Məmmədli hesablayıb ki, telekompaniyalar ödənişli efir vaxtından seçki dövründə təxminən 4 milyon manata yaxın gəlir götürə bilərlər. ITV-dən başqa bütün kanalların gəlir əldə etməkdən və auditoriyanı genişləndirməkdən imtina etməsi mənə elə gəlir ki, təsadüf deyil və hansısa bir təsirin nəticəsidir. Istisna etmirəm ki, telekanallara bu itkinin əvəzi hər hansı formada ödəniləcək. Ictimai maraqlar əsas götürülsəydi, telekanallar pullu təşviqatda iştirak edərdi. Çünki namizədlərin platformaları, onların bizim üçün nələr hazırladıqları əsasən televiziyalar vasitəsilə geniş ictimaiyyətə çatdırılır. Araşdırmalar göstərir ki, əhalinin 90-95 faizi üçün əsas informasiyanı əldə etmək üçün vasitə məhz telekanallardır. Düzdür, internet sürətlə inkişaf edir, amma şəhərdən kənarda yaşayan əhali üçün televiziya əsas informasiya mənbəyidir.
– Hakimiyyət təmsilçisi Siyavuş Novruzov bəyan edib ki, “Azadlıq” qəzeti birtərəfli təbliğat apardığına görə MSK qəzeti cəzalandırmalıdır. Maraqlıdır, hakimiyyətin nəzarətində olan çap mətbuatında, telekanallarda müxalifət barəsində yol verilən təhqiramiz ifadələri müvafiq strukturlar qeydə almırmı?
– Biz Azərbaycan mediasının geniş dairəsində təbliğat prinsiplərinin pozuntusunun şahidi ola bilərik. Bu, əvvəlki illərdə olduğu kimi təkrarlanır. Həqiqətən də bununla bağlı iqtidaryönlü KIV-lərə nə xəbərdarlıq edilir, nə də onların seçkiöncəsi mövqelərinə düzəliş etmələri haqqında çağrış edilir. Amma istənilən halda başqalarının səhvi bizə haqq qazandırmamalıdır. Ona görə də bütün KIV-lər bu istiqamətdə ehtiyatlı olmalıdırlar. Siyasi dairələrə bağlılığı olan mediaya tələblər daha yüngüldür. KIV özü təbliğata nəzarət etməli və onu müəyyən çərçivədə aparmalıdır.
“Əvvəlki illərə nisbətən qələbə şansı var”
– On namizəd qeydə alınıb. Amma namizədlərdən bir neçəsi istisna olmaqla onlardan heç biri “mən prezident olmaq istəyirəm” kəlməsini dilinə gətirmir. O zaman bu qədər namizədin irəli sürülməsində məqsəd nədir?
– Burada bir neçə məqsəd ola bilər. Bu, seçkinin qəribə təzahürlərindən biridir. Burada məqsəd həm səsləri parçalamaq, həm efir vaxtını bölməkdir. Bəzən namizədlər səs toplaya bilməyəcəyini bildiyi halda müəyyən dividendlər toplamaq cəhdində bulunur. Amma real namizədlər iki, maksimum üç olur. Ona görə ictimai rəyin bu cür addımlarla çaşdırılacağından, səslərin bölünəcəyindən qorxmaq lazım deyil. Onsuz da cəmiyyət bilir ki, söhbət əsasən hansı namizədlərdən gedir və bu ətrafda cəmlənəcək. Sadəcə olaraq daha diqqət və bacarıqla yanaşmaq lazımdır. Çünki iki namizəd olardısa, söhbət yarım saatlıq efir vaxtından gedərdi. Indi isə namizədlər çoxluğu 5-6 dəqiqəlik efir vaxtına imkan verir.
– Mübarizənin əsasən iki namizəd arasında gedəcəyi bəllidir. Bunlar hazırkı dövlət başçısı Ilham Əliyev və Milli Şuranın vahid namizədi Cəmil Həsənlidir. Normal seçki olarsa, siz Milli Şuranın namizədinin şanslarını necə dəyərləndirərdiniz?
– Narazı elektoratın sayı çoxdur. Milli Şuranın narazı elektoratın potensialını nə dərəcədə reallığa çevirə biləcəyindən çox şey asılıdır. Çox şey seçkilərin demokratik standartlara nə dərəcədə uyğun keçirilib-keçirilməyəcəyindən asılı olacaq. Eyni zamanda səslərin sayılma mərhələsində işin qurulması da əhəmiyyətlidir. Əlbəttə, bütün bu səviyyələrdə istənilən – istər inzibati, iəstərsə də başqa müdaxilə nisbəti dəyişə bilər. Amma seçkiqabağı mühitin müxalifət üçün kifayət qədər fərqli olması, əsas müxalifət qüvvələrinin vahid mövqedən çıxış etməsi müxalifətin şansını əvvəlki illərə nisbətən xeyli dərəcədə artırır.
“Hakimiyyətin qara piarı gözlənilən idi”
– Bir zamanlar Rüstəm Ibrahimbəyova qarşı aparılan kampaniya, hazırda Cəmil Həsənliyə qarşı aparılır. Həm ölkəmizdə, həm də dünyada tanınan Cəmil Həsənliyə qarşı absurd ittihamlar irəli sürülür. Hakimiyyət təmsilçiləri onun siyasətçi olmadığını bəyan edərək bu üzdən dövlətə rəhbərlik edə bilməyəcəyini söyləyir. Bu kampaniyanı necə dəyərləndirmək olar?
– Əslində bu açıqlamalarda gözlənilməz heç nə yoxdur. Nə baş verib ki, bu bizim üçün gözlənilməz olsun. Azərbaycanda illərdir keçirilən seçkilər eyni tərzdə işıqlandırılıb. Azərbaycanda siyasi mübarizə həmişə qaydadan kənar üsullarla aparılır. Əlbəttə, acınacaqlı haldır ki, namizədin özünün piarı yoxdur, amma əks-namizədin anti-piarı aparılır. Bu, seçkidə yolverilməz üsullardır. Jurnalistlər ifadələrinə fikir vermirlər. Bəzən küçə ifadələri mediaya yol tapır. Ona görə qələbə üçün çalışan namizədlər üçün hazırda baş verənlər gözlənilən hallardır. Bu ittihamlara dözümlə yanaşılmalı və həmin ittihamlara əks-effekt verən addımlar atılmalıdır.
– Arif bəy, bir tərəfdən hakimiyyət təmsilçiləri bəyan edirlər ki, heç bir təbliğat kampaniyası aparılmayacaq və seçki dövründə dövlət başçısı iş qrafikinə heç bir dəyişiklik etməyəcək. Bu dünyada analoqu olmayan bir hadisədəir ki, seçkidə iştirak edən namizəd təbliğat kampaniyasına qatılmır. Bunu necə izah etmək olar?
– Düşünürəm ki, bu sadəcə olaraq bir mövqe nümayişidir. Seçki təbliğatı kampaniyasında hakimiyyətin də geniş iştirakı olacaq. Hətta inzibati resurslardan da yararlanılacaq. Əmək haqqı, pensiya məsələləri də qabardılacaq. Seçkiöncəsi nə baş verirsə, onun seçkilərə aidiyyəti var. Hətta zəlzələ zamanı kimin özünü necə aparması da seçkilərlə bağlıdır. Bu kampaniyanı həm müxalifət, həm də iqtidar aparır. Getdikcə biz daha kəskin təbliğat formalarının şahidi olacağıq.
– Dövlət başçısının əyalətlərə səfəri zamanı geniş ictimaiyyət qarşısında çıxış etməməsi nəylə bağlıdır. Ilham Əliyev bir qayda olaraq rayonlara səfəri zamanı rayon sakinləri kimi təqdim olunan 25-30 nəfər insanla görüşür…
– Bu sual həmin görüşləri təşkil edənlərə ünvanlanmalıdır. Mən yalnız fikrimi deyə bilərəm ki, məhdud dairədə keçirilən tədbiri idarə etmək, onu nəzarətdə saxlamaq, xoşagəlməz halların baş verməsini əngələmək daha asandır.
Xəyal