Avropa Məhkəməsi iki iş üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi iki üş üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb. Məlumatı “Media forum” saytına Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri vəkil Əsabəli Mustafayev verib.

Əsabəli Mustafayevin sözlərinə görə, Avropa Məhkəməsinin hökumətə sorğu göndərdiyi işlərdən biri müxalifət fəalı Məcid Məcidlinin həbsi ilə bağlıdır: “2010-cu ilin parlament seçkisindən əvvəl müxalifət hakimiyyətlə razılaşdırılmamış mitinqlər keçirirdi. Məcid Məcidli həmin aksiyaların birində tutulmuşdu və 10 sutka inzibati həbs cəzası almışdı. Onun həbsi və cəza alması qanunsuz idi. Amma Azərbaycan məhkəmələri bu həbsdən verilən şikayətləri təmin etmədi. Məcid Məcidlinin işini 2011-ci ildə Avropa Məhkəməsinə göndərdik. İndi iş üzrə Avropa Məhkəməsi ilə hökumət arasında kommunikasiya başlayıb. Məhkəmə hökumətə həm iş üzrə, həm də sərbəst toplaşmaq hüququnun pozulması məsələsi ilə bağlı sorğular göndərib. Hökumətə sorğunu cavablandırması üçün 2014-cü ilin yanvarınadək vaxt verilib”.

 

Əsabəli Mustafayev bildirib ki, hökumətə göndərilən ikinci sorğu Sumqayıt sakini Ramil Qurbanın işi ilə bağlıdır: “O, Sumqayıt Şəhər Polis İdarəsində işgəncəyə məruz qalıb. Bədənində çoxlu zədə vardı. Sumqayıt məhkəməsi işgəncə faktını tanımışdı və şəhər prokurorluğuna işgəncə faktının araşdırılması, bunu törədənlərin müəyyən olunması, məsuliyyətə cəlb edilməsi haqda göstəriş vermişdi. Lakin prokurorluq bunu etmədi. Ona görə də Avropa Məhkəməsinə müraciət etdik. Avropa Məhkəməsi iş üzrə kommunikasiyaya başlayıb və hökumətə sorğu göndərib”.