Bakı sakini Azərbaycan vətəndaşlığından imtina edir

Əsassız iddialarla evi əlindən alınan Azər Qədirov səfirliklərdən kömək istəyir

“Azadlıq” qəzetinin dünənki sayında Bakı sakini Azər Qədirovun müraciətini dərc etmişdik. Azər Qədirov bildirmişdi ki, qanunsuz olaraq onu evindən çıxarırlar. “Mən və ailə üzvlərim Salatın Əsgərova küçəsi, ev 4-də qeydiyyatdayıq və hazırda da orada yaşayırıq. Bu 5 otaqlı evin iki otağını nənəm 1962-ci ildə Gülnisə Həcəfov adlı bir şəxsdən alıb. Mən anam bu evə gəlin gəlib. Özüm bu evdə anadan olmuşam. Bu evdən bağçaya, məktəbə, hərbi xidmətə getmişəm. Hazırda da yoldaşım və qızlarım bu evdə qeydiyyatdadırlar”.

Azər Qədirovun sözlərinə görə, sonradan Gülnisə Həcəfovun oğlu Böyükağa Həcəfovu evi başqa bir şəxsə satıb: “Həmin şəxs evin digər 2 otağında yaşayıb və ora qeydiyyata düşüblər. Bu alqı-satqıdan bizim xəbərimiz olmayıb. Bundan sonra həmin şəxs saxta sənəd düzəldərək evi öz adına keçirib və bizə qarşı məhkəmə iddiası qaldırıb”.

Şikayətçi deyir ki, məhkəmə işə ədalətsiz baxıb: “Məhkəmə onun xeyrinə qərar çıxarıb. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Biz Ali Məhkəməyə müraciət etdik. Ali Məhkəmə yenidən baxılması üçün işi Apellyasiya Məhkəməsinə göndərib. İndi istəyirlər ki, bizə 12 min kompensasiya ödənilməsi şərti ilə evdən çıxarılmamız barədə qərar versinlər. 12 min manata mən ev ala bilərəmmi? Məni öz evimdən çıxarıb 12 min manat vermək nə qədər ədalətlidir?”

Azər Qədirov qəzetimiz vasitəsilə ölkə başçısı İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Apelyasiya Məhkəməsinin sədri İman Hağıyevə müraciət etmişdi. Şikayətçi onlardan bu məsələnin ədalətli həllinə yardımçı olmağı xahiş edir.

Dünən Azər Qədirov yenidən redaksiyamızla əlaqə saxlayıb. Bildirib ki, sabah məhkəmə bu mübahisəyə baxacaq. Azər Qədirovun sözlərinə görə, məhkəmənin hansı qərar verəcəyi bəllidir: “12 min manat kompensasiya müqabilində məni evimdən didərgin salacaqlar. Məhkəmənin ədalətli qərar çıxaracağına ümidim yoxdur”.

Şikayətçi bildirib ki, məhkəmənin ədalətsiz qərarına etiraz olaraq Azərbaycan vətəndaşlığından imtina etmək niyyətindədir. Azər Qədirov bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən səfirliklərə müraciət edib.