Cəbhəçilər Naxçıvanda aksiya keçirəcək

Bu həftə Mərkəzi Seçki Komissiyası 9 oktyabr prezident seçkisində seçkiqabağı kütləvi təşviqatın aparılması üçün ayrılmış açıq və qapalı yerlərin siyahısına Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını da daxil etdi.

“Media forum” saytı Naxçıvanda yaşayan hüquq müdafiəçisi, jurnalist Məlahət Nəsibovanın və AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoyun bu məsələyə münasibətini soruşub.

Məlahət Nəsibova xatırladıb ki, muxtar respublikada açıq havada kütləvi təşviqatın aparılması, yəni seçki mitinqlərinin keçirilməsi üçün yalnız stadionlar ayrılıb: “Stadionlar isə yarı açıq, yarı qapalı yerlərdir. Düşünürəm ki, iqtidarın özü də stadionda hər hansı tədbir keçirsə, stadionu seçici ilə doldura bilməz. Mitinq yerləri kimi stadionların ayrılması gülünc səslənir. Əslində mitinqlər insanların daha sıx olduğu yerlərdə keçirilməlidir. Naxçıvan şəhərində mitinq üçün əlverişli ərazi az deyil. Məsələn, şəhər avtovağzalının ətrafı. Vaxtilə belə ərazilərdə keçirdiyi mitinqlərə müxalifət xeyli insan toplayıb. Bəlkə də stadion Bakı üçün əlverişli mitinq yeri sayıla bilər. Ancaq bölgələrdə bu, məntiqə uyğun deyil”.

Bununla belə, Məlahət Nəsibova qeyd edib ki, muxtar respublikanın müxalifətçiləri ayrılmış yerlərdə tədbirlər keçirmək niyyətindədir: “Bunu mənə onlar özləri deyiblər. Müxalifətçilər bildirirlər ki, hər dəfə seçki vaxtı aksiyalar keçirmişik, bu dəfə də qorxu və təzyiqlərə baxmayaraq çalışacağıq mitinqlər keçirək. İnsanların azlığı onlar üçün önəmli deyil. Deyirlər bilirik ki, insanlar basqı altında yaşayır, mitinqə gələn bir adam 10 ailənin adından gəlir”. 

Yaşar Bağırsoy seçicilərlə görüş yeri kimi stadionların ayrılmasını absurd və anti-demokratik addım sayır: “Naxçıvan şəhərində hər hansı görüşü stadionda keçirmək gülüncdür. Babək rayonundakı stadion qəsəbədən çox uzaqdır. Digər rayonlardakı stadionlar da eləcə. Bu yerlər mitinq üçün uyğun yerlər deyil. Yaxın günlərdə Milli Şurada təmsil olunan qurumların təmsilçiləri müzakirə aparıb Naxçıvanda mitinqi harada keçirmək barədə razılığa gələcəklər”.