İdxalın həcmi ərzaq təhlükəsi yaradacaq həddi keçib
“Media forum”a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyib. Ekspert bildirib ki, bu ilin 8 ayında idxal mallarının dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 18.5% artıb: “Keçən ilin müvafiq dövründə ölkəyə 6 milyard ABŞ dolları dəyərində mal idxal olunub, bu il həmin göstərici 7 milyardı keçib. Yeyinti məhsullarının idxalı da analoji dövrlə müqayisədə 11% artaraq ümumi idxalın 10.1 faizini təşkil edib. 2013-cü ilin səkkiz ayını əhatə edən rəqəmlər ölkənin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatın idxaldan asılılığının sürətlə artdığını göstərir”.
Vahid Məhərrəmov deyib ki, ərzaq buğdası, un, ət, süd və digər məhsulların idxalı əvvəlki illərlə müqayisədə xeyli artıb: “Buğda unu 13.8 dəfə, yəni 1381.5%, ərzaq buğdası idxalı 61.5%, kəsim üçün diri heyvanlar 49,6%, süd 25.8%, balıqlar və xərçəngkimilər 59.4% artıb”.
Ekspert qeyd edib ki, statistikaya görə, idxalda artımın göstəriciləri digər mal və məhsullar üzrə belədir: şəkər – 5%, un üyütmə-yarma sənayesi məhsulları, səməni, nişastalar, inulin, buğda kleykovinası – 107.6%, ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar – 13.8%, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar, un qənnadı məmulatları – 17.34%, tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları – 29.7%, zülal tərkibli maddələr, modifikasiya olunmuş nişastalar, yapışqanlar, fermentlər – 59.7%, tütün məmulatları -12%, spirtli və spirtsiz içkilər və sirkə – 33.9%, canlı ağaclar və digər bitkilər, bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər – 30.%, təmizlənməmiş təbii şellak, kitrələr, qatranlar və digər bitki şirələri və ekstraktları – 38.5%, toxuma (hörgü) məmulatlarının hazırlanması üçün bitki mənşəli materiallar, başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan digər bitki mənşəli məhsullar – 377%”.