Axı sizə nə?

Oxuculardan biri e-mail ünvanıma şikayət məktubu yollayıb. Yox, yox, şikayət hansısa boynuyoğun, harınlamış, Ilham Əliyevin təbirincə desək, qudurğan məmurdan-zaddan deyil. Oxucu məndən elə mənim özümə şikayətlənir.

Deməli, Rafiq adlı bu oxucu gileylənir ki, niyə mən Xəzərdə yanan hansısa qaz yatağı barədə heç nə yazmıram. Guya, orada xalqın sərvəti tələf olub gedir, hökumət yanğını söndürməkdə aciz qalıb, mənsə, bu məsələdə vətəndaş mövqeyi bildirmirəm.

Bəlkə Rafiq bəy ürəyində, hətta mənim Rövnəq Abdullayevdən aylıq “paket”-zad aldığımı, ona görə də bu mövzudan yan keçdiyimi düşünür. Olar, olar, belə oxucudan nə desən çıxar.

“Xalqın sərvəti” imiş! Yox əşşi, bilmirdik, sağ olsun, Rafiq bəyin sayəsində öyrəndik. Soruşmaq ayıb olmasın, qaz nə vaxtdan xalqın sərvətidir? Bəlkə neft də xalqındır? Bəlkə Çovdardakı qızıl yatağı da xalqındır? Bax, ona görə yazıram ki, “belə oxucudan nə desən çıxar”.

Ay Rafiq bəy, ay qardaş, ay yoldaş, ay vətəndaş, qaz yatağı yanır, gözümün ikisi də aydın. Yanır, belə cəhənnəmə yanır, gora yanır. Qaz yaptokratlarındır, istərlər Avropaya satarlar, pulunu qatlayıb, cibişdanlarına qoyarlar, istərlər havaya uçurarlar, istərlər boş-boşuna yandırarlar. Bir sözlə, neyləyərlər özləri bilərlər. Bizə nə? Biz kimik, nə karəyik axı?

Ümumiyyətlə, ilk dəfə deyil başıma belə bir iş gəlir. Keçənlərdə bir oxucu da vaxtilə ona verilən pay torpağının yerli icra hakimiyyəti tərəfindən hansısa dövlət məqsədləri adı ilə qanunsuz şəkildə əlindən alınmasından gileylənmişdi. Aradan bir az keçdi. Oxucu bu dəfə mənə onun şikayətinə laqeyd yanaşdığıma görə ittiham dolu bir məktub yazdı. Indi buradan həmin oxucuya səslənirəm: ay yoldaş, ay qardaş, ay vətəndaş, axı sən nədən narazısan? Niyə narazısan? Sən get, Allaha şükr elə ki, hələ bu ölkədə hava uda bilirsən. Sən nəfəs aldığına şükr elə. Yoxsa, ölkə bunların dədə mülküdür, mərhəmət göstərib səxavət nümayiş etdirib dünən torpaq pay vermişdilər, bu gün də başından vurub əlindən alıblar. Daha bu vay-şivən nə üçün?

Indi bəzi ağzıgöyçəklər deyə bilərlər ki, bu necə olur –  erməninin əlindəki torpaqları ala bilmirlər, amma vətəndaşın pay torpağını əlindən alırlar. Bunun da cavabı eynidir: axı sizə nə? Sizə nə düşüb? Qarabağ da özlərinin, Qaradağ da, Yevlax da, Gəncə də, Şəki də, Bakı da. Hansını neyləyəcəklərini sizdənmi soruşacaqlar?

Neçə dəfə yazmaq olar ki, sən, mən, o – biz hamımız bu ölkədə kirayənişinik, istədikləri vaxt təpik vurub qova bilərlər.

Şəxsən mən yatıb-durub bunların canına dua oxuyuram ki,  qrafiklə də olsa, su verirlər, havaya isə hələ də sayğac qoymayıblar. Biz bu saat havayı oksigen uduruq, amma naşükürlüyün, nankorluğun dərəcəsinə bax ki, aramızda buna görə minnətdar olmağa, ömründən kəsib Ilham Əliyevin ömrünə bağışlamağa, onun ətrafında sıx birləşməyə can çəkən ünsürlər, elementlər vardır. Ar olsun onlara! Dahi rəhbərin çörəyi, suyu burunlarından gəlsin. Utanıb ölmürlər, ölüb yerə girmirlər, xamısını dərxal xəbs etmək lazımdır. 

Hələ bəziləri var, indidən başlayıblar seçkilərin saxtalaşdırılacağından, şouya çevriləcəyindən basıb-bağlamağa. Ayıbdır, ayıb. Sizin minnətiniz olsun, saxta da olsa, seçki keçirirlər. Istəsələr, heç bunu da keçirməzlər. Öz ölkələri, öz dədə mülkləri, öz dükanları, öz şirkətləri, bostanlarıdır. Indi bizi adam yerinə qoyub oyuncaq da olsa, seçki düzəldirlər, amma bəyənməyənlər tapılır! Belələrinə nə ad verəsən? Tüfeyli, qrabitel.

Qoy tamaşa bitsin, bunların qolundan tutub bir-bir ölkədən kənara atarlar, bax, onda ağılları başlarına gələr.