Bzejinski regionumuzla bağlı şok açıqlama verdi; perspektiv nə vəd edir?
ABŞ Rusiyanın postsovet ölkələri siyasətindən həyəcanlanıb. Bu dövlətin keçmiş təhlükəsizlik müşavirlərindən Zbiqnev Bzejinski Rusiyanın yaratdığı Gömrük Ittifaqına dair açıqlamada Ukraynanın da itirilə biləcəyini bəyan edib:
“Tam aydındır ki, bu qurumun mahiyyətində hazırda müstəqil olan postsovet ölkələrini bir-birinin ardınca Kremlə tabe etdirmək niyyəti dayanır. Bu kontekstdə Ukrayna çox böyük ”qənimətdir” və düşünürəm ki, ruslar ona yiyələnməkdə tam qərarlıdırlar”. Bu açıqlamalar Ağ evin xarici siyasətdəki uğursuzluqlarını dilə gətirməklə yanaşı, həm də daxildəki narazılığın da ifadəsi sayıla bilər. ABŞ cəmiyyəti vəziyyətdən xeyli narahatdır və bu narahatlıq hansı ehtimal olunan fəsadlara görədir?
Ukrayna ABŞ üçün, Rusiya üçün nə deməkdir?
Ukrayna keçmiş sovet ölkələri arasında Rusiyaya müqavimət göstərə bilən yeganə ölkədir. Söhbət həm iqtisadi, həm də siyasi mənada müqavimətdən gedir. Bilindiyi kimi, vaxtilə MDB-nin alternativi kimi Qərbin düşündüyü GUAM-da ən aparıcı dövlət Ukrayna idi. Ukrayna həm də MDB məkanındakı silah bazarında Rusiyanın ciddi alternativlərindən sayılır. Bir sözlə, ABŞ üçün Rusiyanı neytrallaşdırmaq vasitəsi kimi ən əhəmiyyətli dövlətlərdən biri sayılır. Tarixi aspektdən isə Ukrayna SSRI-nin yaranmasında iştirak edən əsas dövlətlərdən biri olub. Rusiya-Belarus ittifaqına qoşulan Ukrayna keçmiş imperiyanın genişlənməsində əsas rol oynayan dövlətlərdən olmuşdur. Məhz bundan sonra SSRI Cənubi Qafqaza doğru genişlənmişdi. Indi isə proses geriyə təkrarlanır. Ermənistan Rusiyanın təsir dairəsinə girdikdən sonra Ukrayna əsas hədəf kimi görünür. Bunu ABŞ-ın əsas fikir adamlarından birinin söyləməsi isə vəziyyətin xeyli ciddi olduğundan xəbər verir. Yəni Rusiya artıq yenidən əks hücumdadır.
Azərbaycan: qırılma nöqtəsi
Azərbaycan isə indiki mərhələdə proseslərin geri dönüş nöqtəsi ola bilər. Yəni Rusiya özünün daha çox təsir edə bildiyi Bakını itirsə, bu, demokratik seçki ənənəsi olan Ukrayna üçün ciddi təkan və dəstək ola bilər. Buna görə də Qərb bütövlükdə hazırkı seçkiqabağı vəziyyəti ciddi təhlil edir və hadisələrə arada adekvat reaksiyalar verir. Bununla belə Azərbaycan uğrunda əsas mübarizəni Azərbaycanın vətəndaşları – bu ölkədə yaşayan, burada xoşbəxt olmağa, rifah və səadətə can atan insanlar aparmalıdırlar. Amma Azərbaycanda demokratiya məsələsi təkcə Azərbaycan xalqının maraqları baxımından deyil, həm də Xəzər hövzəsinin işlənməsi baxmından çox mühüm rol oynayır. Hər halda indi dünya da bizimlə eyni həyəcanı bölüşür. Vaxtında və dəqiq addımlar ataraq prosesi mümkün pozitiv nəticəyə aparmaq mümkündür.
Seymur Həzi