Müdafiə Nazirliyinin «əsgər intihar edib» açıqlamasına valideynlərindən «öldürülüb» iddiası gəldi
Əsgərin meyidini gətirərkən polislərlə mərhumun qohumları arasında mübahisə düşüb
“Bir şəhid anası dövlətə səsləndi: 18 il kirayədə oğul böyütdüm, dövlət onu 18 ay qoruya bilmədi”. Bu sözləri 13 sentyabrda Tovuzda hərbi xidmətini çəkən manqa komandiri Anar Əsgərov vəfat etməmişdən əvvəl “facebook” səhifəsinə yazmışdı. Müdafiə Nazirliyi bu ölümü “intihar” kimi təqdim etdi. Amma vəfat edən əsgərin valideynləri ilə görüşdükdə onlar Anar Əsgərovun öldürüldüyünü dedilər.
Əsgərovlar ailəsi Ağdam rayonundan qaçqın düşüblər. Onlar Xəzər rayonunun Qala qəsəbəsində yaşayırlar. Yaşadıqları evin qarşısında mağar qurulub və üstünə də Azərbaycan bayrağı taxılıb.
Kürəyindən vurulan əsgər…
Əsgərin atası Dağıstan Əsgərov bizi doluxsunmuş halda qarşılayır. Ilk dediyi söz “oğlumun ölümünə ”intihar edib” deməklə onu urvatsız etdilər” olur. “Uşağım manqa komandiri olub, 1 il 3 ay xidmət edib. Sentyabrın 8-də Oğuzdan 24 yaşında bir əsgər bunların hərbi hissəsinə gətirilib. O əsgər yoldaşları ilə dalaşdığına görə Muncuqlu postuna göndərilib. Orada da mənim oğlumla dalaşıb. Oğlum səhər suya gedəndə onu kürəyindən güllə ilə vurub”.
Əsgər ölümündən bir gün əvvəl atası ilə danışıb. Gecə danışıqlarında Anar atasına əsgərlə mübahisələrinin qurtardığını deyib. Amma səhər valideynə övladının ölüm xəbəri çatdırılıb. “Səhər saat 9-da zəng elədim ki, komandirinin nömrəsini soruşum, gördüm zəng çatmır. 11-in yarısı icra nümayəndəliyindən mənə zəng elədilər ki, oğlun vurulub. Həmin hərbi hissənin həkimləri buna intihar adı qoyublar. Oğlumun evə gəlməyinə 3 ay qalmışdı, o, intihar edə bilməzdi”.
Polislərlə valideynlər arasında mübahisə düşüb
Əsgərin meyidini Gəncədəki Hərbi Hospitala gətiriblər. Valideynləri ora çatanda əsgərin nəşinə baxmağa icazə verməyiblər. Əsgər yuyulub, tabuta qoyulmaq üçün Hərbi Hospitaldan çıxarılanda mərhumun qohumları meyidin aparılmasına qarşı çıxıblar. Bu vaxt polsilərlə əsgərin qohumları arasında mübahisə düşüb. “Gəncədə uşağı bizə vermirdilər. Biz dava-qırğınla, 20-dən çox polisi keçib içəri keçdik. Onlar istəyirdi ki, uşağı yudurdub özləri dəfn eləsinlər. Bu da ölümün səbəbini gizlətmək üçün edilirdi. Bütün qohum-əqrəba töküldü, yolu kəsdik. Bundan sonra meyiti bizə verdilər”.
Hərbi hissənin komandirləri əsgərin qohumlarını Yevlaxa qədər izləyiblər. Onlar Bakıya çatanda meyiti açıblar. “Gördüm ki, güllə Anarın sağ kürəyindən dəyib ürəyinin başından çıxıb. Güllənin girdiyi yerdə kiçik iz var idi, amma çıxdığı yerdə ürəyi partlamışdı. Istəyirdilər ki, meyiti tabuta qoyub aparalar ki, iz itə. Anası yerə yıxılandan, biz müdaxilə edəndən sonra meyiti bizə verdilər. Yolda meyiti tabuta qoydular. Erməni gülləsi ona dəysə, mən fəxr edərəm ki, mənim bacım oğlu vətən yolunda gedib, amma o, Oğuzdan gələn uşağın əli ilə ölüb. Xahiş edirəm, bu əsgərin qanı yerdə qalmasın”- əsgərin dayısı Aqil Süleymanov deyir.
“18 ildir yataqxanada uşaq saxlamışam…”
Əsgərin anası Tərlan Əsgərova oğlunun əsgərlikdə çəkdirdiyi şəkilləri qoxulayıb, öpür. Mərsiyə deməkdən qadının səsi tutulub, dizlərinə döyməkdən də ayaqları… “Anan ölsün, Anar” dedikcə kənardakılar su gətirirlər ki, qadın bayılmasın. “Gəncədə bizi meyiti görmək üçün içəri buraxmırdılar. Bir güclə keçdim, dedim ki, mən 18 ildir yataqxanada uşaq saxlayıram, niyə o torpağın altına getməlidir? Mənim uşağımın arxasınca bir dəfə də olsun komissarlıqdan gəlməyiblər. Özü iki dəfə Binəqədiyə gedib ərizə yazıb ki, öz xoşu ilə əsgər getsin. Getdi Tovuzda xidmət etdi. Üç saatdan bir bu uşaq posta çıxırdı, erməni ilə üzbəüz qalırdı. Intihar edən adamın güllə kürəyindən girib ürəyindən çıxar? Niyə düz demirlər?”.
Əsgərin anası deyir ki, oğlu ölümündən qabaq şəklini “àôfacebook”da yerləşdirib, əl-üzünü yumağa düşüb. Həmin vaxt onu kürəyindən vurublar. “Oğlumu məzuniyyətə buraxmaq istəyirdilər, imtina edirdi. Deyirdi ki, mən qulluq etmək istəyirəm. Bu adam necə özün öldürə bilərdi?!”.
Əsgərovların qonşusu Kamil Süleymanov da meyiti gətirmək üçün Gəncədə olub. O deyir ki, əvvəlcə mərhumun dayısının və əmisinin şahidliyi ilə meyidin yarılacağını deyiblər, amma bunu etməyiblər. “Özləri üçün çəkiliş apardılar. Biz heç nə görmədik”.
Anar idman kollecini bitirib. Hərbi xidmətdən qayıdıb işləyərək ailəsinə kömək etməyi planlayırmış. Mərhumun dayısı Fuad Əsədov deyir ki, o aciz oğlan deyildi ki, intihar edə. “Istəməzdim bundan sonra əsgərlərimiz Anar kimi şəhid ola. Xahiş edirəm bunun qiymətini bizim dövlətimiz doğru-dürüst versin. O, intihar etməyib”.
“Əsgərin qatili tapılmasa, qan tökülməlidir”
A.Əsgərovun digər dayısı Fazil Əsgərov deyir ki, əsgərin qatili tapılmasa, qan tökülməlidir. Əsgərin valideynləri cinayətin açılmayacağı halda Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin qarşısında qohumları ilə birgə aksiya keçirəcəklərini deyirlər. “Əgər işə baxılmasa, biz Azərbaycan torpağından imtina edib ya Ermənistan, ya da Rusiya tərəfə keçəcəyik. Əgər bu oğlan bayrağa sarılıb əsgərliyə gedirsə, prezident niyə buna baxmasın? Niyə də görməsin? Heydər Əliyevə bəlkə də ilk dəfə səs verən mən olmuşam. Mən onun yolunda vuruşub, canımdan, qanımdan keçmişəm. Amma bugünkü gündə prezident göstəriş verib ki, heç bir kanal gedib mənim ölmüş əsgərimin şəklini çəkməsin. Mən ANS-ə zəng elədim, ANS-dən mənə xəbər gəldi ki, ”Bizim medianı bağlatdırmaq istəyirsənsə, mən gəlim ora. Prezident tapşırıb ki, heç bir ölən əsgər çəkilməsin”. Bu hansı hüquqda yazılıb, bu hansı dövlətdə var?”- əsgərin atası deyir.
Valideynlər Xəzər rayonundan Milli Məclisdə təmsil olunan deputat Mehriban Əliyevaya müraciət edib cinayət işinə obyektiv baxılması üçün köməklik etməsini istəyirlər. “Xanımdan xahiş edirəm, mənim oğlumun cinayətini açmaqda kömək eləsin. Bir xanım kimi yox, bir ana kimi xahiş edirəm, səsimə səs versin”.
Hadisə ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadlıq”a dedilər ki, mətbuat katibi Eldar Sabiroğlu ezamiyyətdədir deyə sualmıza cavab verməyəcəklər. “Biz hələ bu hadisə ilə bağlı heç nə deyə bilmərik. Sabah Eldar müəllim mətbuat konfransı keçirəcək. Orada bu sual olsa, cavab verər”. Mətbuat konfransında iştirak etmək istədiyimizi bildirdikdə, əməkdaş “Eldar müəllim özü jurnalistləri dəvət edir. Siz agentliklərdən məlumat götürə bilərsiniz” cavabı verildi.
Mübariz Ibrahimov kimi olmaq istəyən əsgər
Anar Əsgərov hərbi xidmətə gedəndə anasına “Mübariz Ibrahimov kimi olacam, mənimlə fəxr edəcəksən” deyib. O, Mübariz kimi orduda vəfat etdi, amma öz hərbi hissəsində kürəyindən vurulan əsgər kimi…
Sevinc Vaqifqızı