Saatlıda Cəmil Həsənli üçün imza toplayan müəllimi belə cəzalandırırlar
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyasında iştirak edən Saatlı rayonu Gomuşçu kəndində Səməd Vurğun adına orta məktəbdə kimya-biologiya fənlərindən dərs deyən Ruslan Əhmədov dünən məktəbdə direktorun təzyiqinə məruz qalıb.
R.Əhmədovun “Azadlıq”a verdiyi məlumata görə, dərs ilinin ilk günü məktəbdə direktor onu işə buraxmayıb və ərizə yazıb işdən çıxmasını tələb edib: “Bu heç bir qanunda yoxdur. Bu azmış kimi bir neçə müəllimi də başına toplayaraq ”bizim kollektivin üzvü deyilsən” söylədi. Bütün bunlar mənim siyasi fəaliyyətimə görədir. Ərizə yazmadan məktəbi tərk etdim. Bütün bu təzyiqlərə baxmayaraq seçkidə siyasi fəallığımı davam etdirəcəm”.
Qeyd edək ki, Ruslan Əhmədov bir neçə gün öncə “Azadlıq”a məlumata verərək sentyabrın 12-də rayonun polis idarəsində polis rəisi və müavini tərəfindən döyüldüyünü söyləmişdi. Onun sözlərinə görə, polis rəisi və işçiləri bunu icra başçısı Siraqəddin Cabbarovun göstərişi əsasında həyata keçiriblər.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuata Ruslan Əhmədovun dediklərinin yalan olduğunu bildirmişdi.
Ramin DEKO