Hakimiyyətin “kadr islahatları blefi”

Əli Əhmədovun iqtidar komandasında dəyişiklik olacağı barədə anonsu nəyə hesablanıb? 

“İlham Əliyev növbəti illərdə hazırda ölkədə gedən inkişafın tempini daha da qaldırmaq üçün kadr islahatları həyata keçirəcək”. Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov dünən keçirdiyi mətbuat konfransında deyib. O, əlavə edib ki, yeni kadrlara ehtiyac var.
“Azadlıq”ın əldə etdiyi məlumata görə, Əli Əhmədovun kadrl islahatlarından danışması təsadüfi deyil. Məlumatda deyilir ki, hakimiyyət daxilində ciddi narazılıq var. Xüsusilə YAP-ın yerli təşkilatlarının rəhbərləri icra başçılarından narazıdır. Icra başçıları əsasən oliqarxlara yaxın şəxslər olduqları üçün YAP-ın yerli təşkilatlarının rəhbərlərini saya salmırlar. Yerli YAP-çılar isə icra başçılarının saymamazlığını həzm edə bilmir. Onlar bu barədə dəfələrlə YAP rəhbərliyinə müraciət ediblər.
Məlumatlara görə, seçki ərəfəsində bu narazılığın daha da kəskinləşəcəyi ehtimalı var. Bu baxımdan hakimiyyət qabaqlayıcı tədbirlər görmək üçün kadr islahatlarını gündəmə gətirib. Yəni, əslində Əli Əhmədovun bu məsələdən danışması narazı YAP-çıların könlünü almaq niyyəti güdür. Bildirilir ki, yerlərdə YAP-çılara vəzifə vəd edilib. Onlara deyilib ki, seçkidən sonra komandada dəyişik olacaq və vəzifələrə xeyli yeni kadr gətiriləcək.
Lakin bəzi YAP-çılar da bunun blef olduğunu anlayır. Əslində bunu anlamaq o qədər də çətin deyil. Çünki hakimiyyətdə ciddi kadr islahatlarının aparılması qruplararası savaşın nəzarətdən çıxmasına və nəticə etibarı ilə iqtidarın çökməsinə gətirib çıxara bilər.

İnformasiya şöbəsi