İran prezidenti Həsən Ruhani “Sepah” komandirləri ilə görüşüb. “Media forum” saytının məlumatına görə, sentyabrın 15-də keçirilən görüşdə Ruhani deyib ki, ölkənin indiki həssas və ağır durumunda “Sepah” meydana girməli, mühüm əhəmiyyət daşıyan iqtisadi layihələrin icrasının məsuliyyətini daşımalıdır: “Bu gün ölkə iqtisadiyyatı hədəfə alınıb. Belə bir şəraitdə “Sepah” meydana girməli, üç-dörd böyük milli layihənin icrasını üzərinə götürməlidir.
Mən “Sepah”ın özəl sektorun rəqibinə çevrildiyi haqda şayiələri qəbul etmirəm. Bəziləri “Sepah”ı xalqın rəqibi kimi göstərməyə çalışır. Amma “Sepah” heç vaxt xalqın və ya özəl sektorun rəqibi olmayıb. Sadəcə olaraq hesab edirik ki, “Sepah” özəl sektorun öhdəsindən gələ bilmədiyi bəzi mühüm layihələri üzərinə götürməlidir.
Biz gündə 2 milyon 500 min barel neft satan ölkə olmuşuq. Amma bu gün satdığımız neftin həcmi 1 milyon bareldən aşağı düşüb. Özü də elə bir vaxtda ki, biz ölkəyə gündə 7 milyon 500 min ton buğda idxal etməliyik. Məhz buna görə də hesab edirəm ki, “Sepah” qollarını çırmalamalı, hökumətin üzərinə düşən yükün bir hissəsini üzərinə götürməlidir”.