«Azəryolservis»in rəhbəri Cavid Qurbanovla asfalt zavodunun direktoru Xaqani Kazımov işdən çıxarıla bilər
Nəqliyyat naziri Ziya Məmmədov Ilham Əliyevin Bakı Şəhər Icra hakimiyyətində keçirdiyi və “yumurta müşavirəsi” kimi məşhur olan iclasdan sonra təlaşa düşüb. Çünki Ilham Əliyev “yumurta müşavirəsi”ndə paytaxt yollarının bərbad olmasına toxunub. Məlumatlara görə, dövlət başçısının tənqidlərindən sonra Ziya Məmmədov qarşılıqlı tədbirlər görməyi planlaşdırıb. Bu planlardan biri “Azəryolservis”in rəhbəri Cavid Qurbanov və onun yaxın adamı hesab edilən Xaqani Kazivola bağlıdır.
Oxucuların diqqətinə çatdıraq ki, yol çəkilişlərini birqayda olaraq bu iki şəxs həyata keçirir. Cavid Qurbanovun yaxın adamı hesab edilən Xaqani Kazımov asfalt təchizatını həyata keçirir. Yolların tez sıradan çıxmasının səbəbi isə asfaltın keyfiyyətsiz olmasıdır. Bu məsələ bir neçə dəfə Cavid Qurbanovla Xaqani Kazımovun yanında müzakirə olunub. Bildirilir ki, yolların tez sıradan çıxması asfaltın hazırlanmasında bitumun keyfiyyətsiz olması ilə bağlıdır. Bitum isə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) alınır. Cavid Qurbanovla Xaqani Kazımov ARDNŞ prezidenti Rövnəq Abdullayevlə yaxın münasibətdə olduqlarına görə bu problem həll olunmamış qalıb. Cavid Qurbanovun iclasların birində açıq şəkildə işçilərinə “məni Rövnəq Abdullayevlə düşmən etməyin” deyib.
Beləliklə də Cavid Qurbanovla Xaqani Kazımovun Rövnəq Abdullayevlə dostluq münasibətləri Ziya Məmmədovu pis vəziyyətdə qoyub. Nəqliyyat naziri də qərara alıb ki, bu şəxslərdən birini işdən çıxarsın. Məlumatlarda deyilir ki, Ziya Məmmədovun əsas hədəfi Xaqani Kazımovdur. Çünki adıçəkilən şəxs bu günlərdə nəqliyyat nazirinin əzəli rəqibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovla qohum olub.
Bu baxımdan ilk növbədə Xaqani Kazımovun işdən azad ediləcəyi gözlənilir.
İnformasiya şöbəsi