Ölmək qadağandır

Eyni gündə gənc bir əsgər və 45 ilin müəllimi olan 74 yaşlı ixtiyar özünü öldürürsə, mən bunu xalqın ölümü hesab eləyirəm. 2013-cü il başlayandan bəri az qala, bir bölük əsgərimiz qeyri-döyüş şəraitində həlak olub. Kimi intihar edib, kimi intihara qədər yaşaya bilməyib – qətlə yetirilib və ya yarıtmaz şəraitin qurbanı olub.

Dünyanın hər yerində, hətta ABŞ, Türkiyə ordularında əsgərlər intihar eləyir deyib, bu ölümlərin üstündən keçmək olardı. Ancaq nəzərə alanda ki, adını çəkdiyim ordularda on ildə bəlkə bir əsgər intihar edirsə, bizdə az qala, on günə bir intihar düşür, onda fərqi anlayırsan. Mənim heç də çoxları kimi buna görə Müdafiə naziri Səfər Əbiyevi qınamaq fikrim yoxdu. Əlbəttə, o da öz növbəsində suçludu. Lakin Seyid Əzim Şirvani demişkən, bu səri-çeşmə əzəldən bulanıb, ey qafil…

Əsgərin intiharı təkcə ordudakı neqativ hallarla, nizam-intizamsızlıqla bağlı deyil. Bəlkə daha çox o intiharın səbəbi gedib o əsgərlərin evlərinə, rayonlarına, şəhərlərinə və beləcə, bütün ölkəyə çıxır. Artıq orduya yollandığı vaxt o əsgərlərin intihar səbəbi yetişmiş olur, onlar bu hazır, yuxudan ayılmağa kiçik bir səbəb gözləyən intiharlarla orduya gedirlər. Və bu ordu da bu ölkənin, bu gözündən batmış dövlətin bir parçası olduğuna görə, orada da səbəblər üst-üstə qalanır və bir gün, bəzən ordudan tərxis olunmağa bir gün qalmış partlayışa səbəb olur.

Hələ sovet çağından qalan fənddi – bəzən on il qabaq ölmüş adamların adlarını seçki siyahılarına yazar, onların yerinə qutulara bülleten atardılar. Seçki komissiyalarında çalışan tanışlarımın dediklərinə görə, indi də həmin ənənə qalır və təkcə ölülərin deyil, bu rejimin əlindən başını götürüb dünyanın müxtəlif yerlərinə səpələnmiş adamların da adları o siyahılarda olur və onların adından səs verilir.

Bu xalqın bir günün içində biri gənc, biri ixtiyar olmaqla, iki vətəndaşı eybəcər dəhşətlər üzündən intihar edir və bu xalqmı, toplummu hər şeyi çox rahat şəkildə qəbul edir. Sanki hər şey elə belə də olmalıymış.

Bəlkə elə yazının əvvəlində yazdığım kimidi – eyni gündə bir gənci və bir ixtiyarı özünə qəsd edən xalq ölüdür? Mirzə Ələkbər Sabir də bunu demirdimi: “Nə ağır yatdı bu oğlan, ölübə…”

Yoxsa 74 yaşlı bir babanın irtica səbəbindən doğan intiharını necə bu qədər rahat şəkildə qəbul etmək olardı? 45 il şagirdlərinə həyat dərsi keçən, elm öyrədən, onları aktiv həyata səsləyən, həvəsləndirən, özü də müdriklik yaşına çatmış birini intihar həddinə çatdırmaq üçün nə qədər zalım, amansız olmalısan?

Qənimət Zahid və Mirzə Sakit məhbəsdə olarkən ataları oğul deyə-deyə dünyadan köçdü. Emin Millinin atası da oğul həsrətinə dözmədi. Nemət Pənahlının ata-anası da bacarmadı. Və bilmədiyim daha neçəsi. Indi də Rəşadət Axundovun babası! Artıq babalar işə qarışıb. Yoxsa onların ölümünə bilərəkdən fərman verənlər bundan zövq alırlar? Yoxsa bununla kimisə qorxutmaq istəyirlər? Bununla kimsəni qorxutmaq yox, daha da qəzəbləndirmək olar. Bir yaz günü Rəşadətlər məhbəsdən çıxacaq, ancaq daha acıqlı, daha hirsli və daha da nifrətlə dolu olacaqlar. Beləcə, bütün ölkənin içi nifrətdən aşıb-daşacaq. Bu rejimin ən böyük cinayəti də məhz budur – hər kəsi özü kimi nifrətlə yükləmək. Vay o günə ki, haqqı boğanı da, haqq üçün savaşanı da nifrət idarə edə!

Mən indidən bunu görürəm. Haqq üçün savaşanlar onsuz da bir gün qalib gələcəklər. Fəqət nifrətlə əldə edilən haqdan nə törəyəcəyini düşünəndə dünyam qaralır.

Intihar bizim yolumuz deyil (səsimizi oğurlayacaqlar), nifrət bizim yolumuz deyil (oğrulardan fərqimiz olmayacaq), biz kimsəyə nifrət etmədən, yalnızca öz haqq yolumuzu sevərək savaşı qazanmalıyıq. Savaşda ölsək belə…