Seçkinin təbliğat mərhələsinə də çatdıq. Bir aydan da az vaxt ayırıblar. Məni ən çox qeyzələndirən bilirsiniz nədir? Bu hakimiyyət indiki vəziyyətə bu gün gəlib çıxmayıb, illərlə qanunları dəyişib, təcrübəni dəyişib, biz də özümüzə təskinlik vermişik ki, bəs seçki qalır!
Amma seçkini elə bir hala gətirib salmaq olar ki, o, seçkidən başqa şər şeyə bənzəyər. Adam indi özünü amerikalı aktyor C.Nikolsonun qəhrəmanlarından birinin yerində hiss edir.
O qəhrəman “Mən ki, buna cəhd etmişdim!”- demişdi. Biz də bu cəhdi etməliyik ki, sonradan özümüzü qınamayaq və biz bu cəhdi edəcəyik – tanış və qohumlara Milli Şuranın namizədini təbliğ edəcəyik, seəkiyə gedəcəyik və imkanımız daxilində əlavə təbliğat üsullarına əl atacağıq.
Amma siyasi texnologiyaların mahiyyətinə varanda görürsən ki, bir qədər başqa şey tələb olunur. Seçkidə hər namizədin “əsas kart”ı olmalıdır və bu “kart”ı dilə gətirməklə o, bir neçə gün cəmiyyəti silkələməlidir. Amma indi nə baş verir?
Proses çox sakit keçir, hətta üzücü dərəcədə sakit keçir. Düzdür, təbliğat mərhələsi bu gündən başlayır və biz də bunun fərqindəyik. Amma dediyimiz o “kart” artıq indidən özünü hiss etdirməlidir.
Bu, nə ola bilər? 20 illik idarəçiliklə bağlı hansısa tezis və yaxud da bu vaxta qədər heç kimin eşitmədiyi hansısa maliyyə məsələsi və ya insanları sehrləyə biləcək hansısa çağırış!
Seçki bir növ impulsiv prosesdir. Monoton tərzdə, sakitcə bu prosesdə diqqəti cəlb etmək çətindir. Hansısa bir impuls lazımdır. Çox maraqladır ki, jurnalistlər bunu bir vaxt bacardılar. Onlar bir neçə aylığa ictimai sükutu poza bildilər. Hara gedirdin, elə jurnalistlərin araşdırmaları haqqında danışırdılar.
Indi də belə impulsa ehtiyac var. Institusional resurslar azdır. Üstəlik, onlar hamımızın bildiyi kimi, məhduddur. Namizədin özünün seçki qərargahı olmalıdır. Təbii ki, bu gün o, var. Hətta biz də bundan xəbərdarıq.
Amma həmin qərargah daha böyük enerjilə işləməlidir.
Orada şüarlar, linklər, çıxışların tezisləri hazırlanmalıdır. Düzdür, vaxt çox azdır, çox az. Ola bilsin, canlı təmaslara da ehtiyac olacaq. Bunun aksiyalar formasında olacağını da istisna etmək olmaz.
Qərəz, seçki prosesinin finalının bu ölkədə necə olduğunu hamımız bilirik. Amma bir misal var, deyirlər ki, hər günü elə yaşamaq lazımdır ki, o, elə bil, sənin sonuncu günündür!
Bu seçkini də elə yaşamaq lazımdır ki, sanki o, ilk demokratik seçkidir. Kim bilir? Birdən elə ola bilər ki, bu seçki dönüb həqiqi seçki olar! Düzdür, bunun üçün çox az iş görmüşük. Amma yenə də ümidli olmaq lazımdır. Bəlkə ən fantastik plan dönüb həqiqət oldu bu ölkədə?!
Düşünürəm ki, I.Əliyev ona ayrılan efir vaxtından istifadə etməyəcək. Ona görə ki, onun bütün natiqlik resursları ən çoxu on beş dəqiqəni məşğul etmək üçün yetərli ola bilər.
Səhv etmirəmsə, bir dəfə onun seçki çıxışını eşitmişəm. Çox sönük bir çıxış idi. Indiki çıxışları da beş-on cümlədən ibarətdir, hara gedir, bu cümlələri deyir.
Onun digər namizədlərlə debatına baxmaq çox maraqlı ola bilərdi. Amma bizim ölkədə bunu arzulamaq fantastikadır. Hakimiyyət heç vaxt buna getməz.
Nə isə. Görək, müxalifət namizədləri nə edəcək?
Mən bu prosesdə təkcə Milli Şuranın namizədinə deyil, digər bir-iki müxalifət namizədinə də diqqət yetirmək fikrindəyəm. Müxalifət kimi elə şəxslər seçilib ki, onlar öz çıxışlarının əhəmiyyətli hissəsini Milli Şuranın, AXC hakimiyyətinin tənqidinə həsr edəcək.
Bunu irəlicədən duymaq elə də çətin iş deyil. Amma nə etmək olar? Bu da hakimiyyətin ənənəvi siyasi texnologiyasıdır. O adamlar da nə etdiklərini və nə istədiklərini yaxşı başa düşürlər.
Məsələ bundadır ki, “ana müxalifət” vakansiyasını tutmaq istəyənlərin sayı çoxdur. Onlar böyük məmnuniyyətlə bu rolu ifa edərdilər. Hakimiyyətdən də əsasən bunu umurlar.
Hakimiyyət də 20 ildir ki, bu rolu onlara verməyə cəhd edir. Amma bacarmır, çünki heç kim bu peyk partiyalarını “ana müxalifət” kimi qəbul etmir.
Qərəz, görək, nə ölur? Bizim namizəd heç olmasa bizə seçki impulsu verə biləcək, ya yox? Hər halda, bir yerdə çalışmalıyıq. Birlikdə nəyisə etmək daha asan olur.