Cəbhəçi gəncin ailəsinə qarşı ayrı-seçkilik

Maarif Mürsəlov: «Bütün bu baş verənlər oğlumun tutduğu yola görədir»

AXCP Gənclər Komitəsinin üzvü, siyasi məhbus Rəsul Mürsəlovu qondarma ittihamlarla həbs etsələr də, bununla ürəkləri soyumayıb. Hakimiyyət nümayəndələri cəbhəçi gəncə qarşı cılız addımlardan əl çəkmək niyyətində deyil.

Rəsul Mürsəlovun ailəsi Zaqatalada yaşayır. Zaqatalada baş vermiş zəlzələ zamanı bu ailənin də mənzilinə ziyan dəyib. Dəfələrlə mənzilə baxış keçirilib, müxtəlif vədlər verilib, amma yerinə yetirilməyib. Ailəyə nə kompensasiya verilib, nə də evin təmiri üçün hər hansı iş görülüb. Halbuki, Zaqatalada bölgəsində zəlzələdən ziyan çəkənlər üçün dövlət büdcəsindən 609 milyon manat vəsait ayrılıb.

Rəsul Mürsəlovun ailəsi hesab edir ki, onlara qarşı bu ayrı-seçkiliyin səbəbi övladları Rəsul Mürsəlovun müxalifətçi olmasıdır.

“Kəmaləddin Heydərovun Zaqatala səfəri zamanı qəbula düşməyə cəhd etsək də, mümkün olmadı. Əvvəlcədən öyrədilmiş bir neçə insan qəbula yazılır, onların şikayəti dinlənilir və bununla da qəbul başa çatır. Mən xeyli sayda evlər tanıyıram ki, onlara heç bir ziyan dəyməyib, ancaq həmin evlərin sahiblərinə kompensasiya verirlər. Təkcə kompensasiya məsələsi deyil. Mənim təqaüdümün 5 ilini kəsiblər. Mən bir neçə dəfə şikayət ərizəsi yazmışam, ancaq cavab verilməyib. Bütün bunlar Rəsulun tutduğu yola görədir”, – deyə gənc fəalın atası Maarif Mürsəlov “Azadlıq”a açıqlamasında bildirib.

Xatırladaq ki, Rəsul Mürsəlov ötən ilin iyulunda Balakəndə saxlanılıb.ÿOna qarşı Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsilə ittiham irəli sürülüb. Balakən Rayon Məhkəməsinin qərarı ilə cəbhəçi 1 il 6 ay azadlıqdan məhrum edilib. Şəki Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Ilham Hüseyn