Mitinq hazırlıqları partiyalarda yüksək səviyyədə aparılır
Aksiyanın əsas şüarı «Bəsdir!» olacaq
Milli Şuranın 22 sentyabra təyin edilən mitinqinin Yasamal rayon Idman-Sağlamlıq Kompleksinin stadionunda keçirilməsi nəzərdə tutulub. Aksiya üçün təklif olunan yerlər müzakirə edilərkən sözügedən stadion daha məqsəduyğun sayılıb. Milli Şuranın növbəti mitinqinə təşkilata daxil olan siyasi qüvvələrin nə zaman start verəcəyi və aksiyanın daha izdihamlı alınması üçün hansı addımları atacağını öyrənmək üçün onlara müraciət etdik.
Asəf Quliyev: “Mitinqin əsas şüarı ”Bəsdir!” olacaq”
AXCP sədrinin müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev bildirdi ki, aksiya ilə bağlı texniki hazırlıq artıq başlanıb. Mitinqin əsas şüarının “Bəsdir!” olacağını deyən A.Quliyev vurğuladı ki, Milli Şura aksiyalarında digər ölkələrin demokratik mübarizə təcrübəsidən istifadə etmək niyyətindədir: “Milli Şura Serbiya, Ukrayna, Gürcüstanda demokratik mübarizə zamanı istifadə olunan qısa şüarlardan yararlanmaq niyyətindədir. Şüarlar əsasən etirazı nümayiş etdirən bir və ya bir neçə sözdən ibarət olacaq. Mitinqlə bağlı artıq təbliğat işlərinə başlanıb. Sosial şəbəkələrdə də yaradılan qruplar vasitəsilə internetdəki fəal kəsim mitinqə dəvət ediləcək. AXCP Ali Məclisinin son sessiyasında sentyabrın 22-də keçiriləcək aksiyaya hazırlıq məsələsi geniş müzakirə olundu və partiya rəhbərliyindən müvafiq strukturlara göstərişlər verildi”.
Milli Şuranın budəfəki aksiyasının əvvəlkindən daha izdihamlı olacağına əmin olan A.Quliyev vurğuladı ki, bu təkcə müxalifətin etiraz mitinqi deyil, həm də Cəmil Həsənlinin seçicilərlə görüşü formasında keçiriləcək: “Hakimiyyətin siyasətindən narazı olan bütün kəsimin 22 sentyabr aksiyasına cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu gün evləri qanuna zidd olaraq sökülənlər, əməkhaqları, pensiyaları ölkənin potensialına uyğun olmayaraq artırılanlar, övladının gələcəyinə biganə olmayan hər bir şəxs ölkənin hazırda düşdüyü durumu düşünməlidir. Indiki vəziyyətdən çıxış yolu ölkədə zəruri olan islahatları reallaşdırmaqdır. Bu islahatları reallaşdıracağını isə Milli Şura və onun namizədi söz verib”.
Mustafa Hacıbəyli: “Seçiciləri demokratiya uğrunda mübarizəyə dəstək verməyə çağırırıq”
Hazırda insanlarda seçkiylə bağlı ruh yüksəkliyinin yarandığını deyən Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli vurğuladı ki, C.Həsənlinin namizədliyinin qeydə alınması bu ruh yüksəkliyini bir qədər də artırıb. Ona görə aksiya keçirmək üçün hazırda münasib vaxtın olduğunu düşünən M.Hacıbəyli hesab edir ki, senyabrın 16-dan təbliğat kampaniyası başlayacaq, ona görə Milli Şura aksiya ilə bağlı rəsmi qərarını tez bir zamanda qəbul etməlidir: “Təbliğat kampaniyası başladıqdan sonra bizim imkanımız olacaq ki, televiziya vasitəsilə də seçiciləri mitinqlərimizə dəvət edək. Əvvəlki dövrlərdən fərqli olaraq aksiyanı nisbətən münasib meydanda keçirmək imkanı əldə etmişik. Ona görə sentyabrın 22-də aksiyanın uğurlu alınacağını düşünürəm. Bu mitinq Milli Şuranın gücünü göstərəcək. Biz bütün seçiciləri demokratiya uğrunda mübarizəyə dəstək verməyə çağırırıq. Bu dəstəyin də əsas formalarından biri aksiyalarda iştirakdır. Hakimiyyətdən narazı olan milyonlarla insan var və onların böyük hissəsi Bakıda yaşayır. Onları aksiyaya dəvət edirəm”.
Eldəniz Quliyev: “Xalq öz taleyinə sahib çıxmaq üçün demokratik qüvvələrə dəstək verməlidir”
“EL” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev də 22 sentyabr aksiyasında vətəndaşların fəal olması üçün müraciət etdi. Hazırda Azərbaycan vətəndaşının taleyinin sahibinə çevrilməsinin vaxtının çatdığını düşünən E.Quliyev bildirdi ki, hazırda xalq gələcəyindən narahatdır: “Xalq öz taleyinə sahib çıxmaq üçün demokratik qüvvələrə dəstək verməli və 22 sentyabr aksiyasında fəal iştirak etməlidir. Bu aksiya təkcə Milli Şura və ya müxalifət tərəfindən həyata keçirilmir. Bu aksiya xalqın taleyindən narahat olan insanların ürək çırpıntılarıdır. Milli Şuranı yaradanlar bütün siyasi ambisiyaları kənara qoyaraq, xalqın taleyini düşündülər. Vətəndaşlar da bu üzdən 22 sentyabr aksiyasında millət naminə iştirak etməlidir. Azərbaycan xalqı demokratiyaya layiqdir və xalq demokratik, ədalətli cəmiyyətdə yaşamalıdır. Biz avtoritar quruluşdan azad olmalıyıq. Bu bizim borcumuzdur, hamılıqla bu prosesə dəstək verməliyik. Hakimiyyət müxalifəti radikallıqda ittiham edir. Amma Azərbaycanda radikal müxalifət yox, radikal iqtidar var”.
Sülhəddin Əkbər: “Azərbaycanda bu rejimdən narazı olanlar aksiyaya dəstək verməlidirlər”
Qarşıdakı aksiyanın təşkilatçılarından biri kimi ACP-nin də mitinqin izdihamlı keçməsi üçün hazırlıq işlərinə ciddi önəm verəcəyini deyən partiya sədri Sülhəddin Əkbər vurğuladı ki, 22 sentyabr aksiyası seçki kampaniyasının önəmli tədbirlərindən biri olacaq: “Hazırda ölkədə sərbəst toplaşmaq azadlığı ilə bağlı bir qadağa davam etməkdədir. Beş ildən bir Azərbaycan vətəndaşının imkanı olur ki, hakimiyyətin yürütdüyü siyasətə öz fikirlərini bildirsin. Ona görə vətəndaşlarımız həm hakimiyyətə olan etiarazlarını bildirmək, həm də Milli Şuraya dəstəklərini ifadə etmək üçün 22 sentyabrda aksiyaya qatıla bilərlər. Bu rejimin yaratdığı şərait üzündən Azərbaycan vətəndaşı, hakimiyyətdən narazı kəsim öz etirazını bildirmək üçün fürsəti qazanır. Biz həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq birliyə mesaj verməliyik. Azərbaycan cəmiyyətinin nə istədiyini ortaya qoymalıyıq. Azərbaycanda bu rejimdən narazı olanlar, işsizlər, əsgər ölümləri üzündən övladlarını əsgərliyə göndərməkdən ehtiyat edənlər, təhsil və səhiyyədəki duruma qarşı çıxanlar bu aksiyaya dəstək verməlidirlər”.
Əvəz Temirxan: “Azərbaycana məhz Cəmil Həsənli kimi keyfiyyətləri olan şəxs rəhbərlik etməlidir”
ALP sədri Əvəz Temirxan bildirdi ki, Cəmil Həsənliyə cəmiyyətdə hazırda böyük rəğbətin olması, müxalifətin böyük əksəriyyətinin Milli Şurada biraraya gəlməsi aksiyanın izdihamlı alınacağını deməyə əsas verir: “Milli Şuranın namizədi gözəl tarixçi, ziyalıdır. Hər kəs Cəmil bəyin yüksək keyfiyyətlərindən danışır. Düşünürəm ki, Azərbaycana məhz Cəmil Həsənli kimi keyfiyyətləri olan şəxs rəhbərlik etməlidir. Milli Şuranın cəmiyyətdə böyük dəstəyi olması aksiyanın izdihamlı keçəcəyinə işarədir. Əgər vətəndaşlarımız həyatlarının yaxşılaşmasını, sosial problemlərinin həllini istəyirlərsə, Milli Şuraya və onun namizədi Cəmil Həsənliyə dəstək versinlər. Əhalinin bu aksiyalarda iştirakı Azərbaycanın gələcəyini dəyişə bilər. ALP üzvlərinə, partiyanın tərəfdarlarına, sadə vətəndaşlarımıza demək istəyirəm ki, aksiyaya ailəlikcə gəlin. Partiya mitinqdə fəal olmaq, aksiyanın izdihamlı keçməsi üçün əlindən gələni edəcək”.
Xəzər Teyyublu: “Demokratik qüvvələr üzərinə düşən vəzifənin öhdəsindən gələ biləcək”
KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, növbəti aksiya seçki kampaniyası dövrünə təsadüf etdiyindən ona böyük maraq olacaq. Növbəti aksiyanı C.Həsənlinin seçiciləri ilə görüşü kimi də təqdim etməyin tərəfdarı olan X.Teyyublu bildirdi ki, bu aksiyadan çox şey gözlənilir: “Vətəndaşlarımız bu aksiyaya qatılmaqla demokratik qüvvələrin qarşısında duran hədəflər, dövlətçiliyimizin daha da möhkəmləndirilməsiylə bağlı mühüm mesajlar alacaqlar. Qarşıdan gələn seçkilərin demokratik keçirilməsi və xalqın istəyinin nəzərə alınması müstəqilliyimiz üçün bir qarant ola bilər. Azərbaycan seçicisi demokratik qüvvələrdən çox şey gözləyir. Bu gözləntilərlə bağlı atılacaq addımları vətəndaşımıza təqdim etmək lazımdır. Əminəm ki, demokratik qüvvələr onların üzərinə düşən vəzifənin öhdəsindən gələ biləcəklər”.
Natiq Cəfərli: “ReAl” tərəfdarlarının Milli Şuranın aksiyasına dəstək verəcəyinə əminəm”
Milli Şuraya daxil olmasa da bugünlərdə seçkidə C.Həsənlinin namizədliyini dəstəkləyəcəklərini bəyan edən “ReAl”ın icraçı katibi Natiq Cəfərli bildirdi ki, Milli Şuranın aksiyasında iştirakla bağlı təşkilatlarında müzakirə aparılmasa da, “ReAl”ın tərəfdarlarının aksiyaya dəstək verəcəklərinə əmindir: “ReAl”ın Milli Şuranın aksiyasına bir qurum olaraq qatılmağı barədə qərar təşkilatımızın Idarə Heyətində yəqin ki, yaxın günlərdə müzakirə ediləcək. Bu qərar verildikdən sonra dərhal mətbuata və ictimaiyyətə açıqlanacaq”.
Paytaxtda aksiyanın keçirilməsi üçün ən optimal yerin məhz seçilən məkan olduğunu deyən N.Cəfərli bildirdi ki, Yasamal rayonu insanların sıx yaşadıqları ərazilərdən biridir. N.Cəfərlinin fikrincə, ümumiyyətlə, hazırda cəmiyyətin seçkiyə ümidi nəzərə alınarsa, aksiyanın möhtəşəm alınacağını söyləmək mümkündür: “Bu aksiya insanların diqqətini cəlb etmək, seçici aktivliyinin artırılması məqsədilə təşkil olunarsa, düşünürəm ki, həddindən artıq böyük insan axını bu aksiyada iştirak edər. Cəmiyyətdə hazırkı problemlərdən bezən narazı kütlə həddindən artıq çoxdur. Sadəcə olaraq həmin narazı kütləni qələbəyə, seçkiyə inandırıb, prosesə qoşmaq lazımdır. Inanıram ki, kənarda duran bu narazı kütlə ilə seçkilərdə qələbə qazanmaq asan olacaq”.
Xəyal