Putinin məqaləsi “New York Times”a necə düşüb?

«Ketchum» PR agentliyi uzun illərdir Rusiyanın Qərbdə imicinin yaxşılaşdırılması ilə məşğuldur

Moskva bu məqsəd üçün milyonlarla dollar xərcləyib

Sentyabrın 12-də Vladimir Putinin “New York Times” qəzetində dərc edilən “Rusiyadan ehtiyatlılığa çağırış” adlı məqaləsi ABŞ-ın nəinki siyasi, həm də media dairələrində geniş rezonansa səbəb olub. “BuzzFeed” xəbər portalı qəzetin mətbuat xidmətinin rəhbəri Eylin Merfiyə istinadən bildirib ki, Putinin Suriya münaqişəsi ilə bağlı köşəsi “New York Times” qəzetində “Ketchum” PR agentliyi tərəfindən yerləşdirilib.

“Köşə qəzetə PR agentliyi tərəfindən daxil olub və standart redaktədən keçib”, – deyə Merfi elektron məktubunda bildirib. “New York Times” PR agentliyinin adını çəkməsə də, məlumdur ki, “Ketchum” artıq uzun illərdir Rusiyanın Qərbdə imicinin yaxşılaşdırılması ilə məşğuldur. Bu məqalə dərc edilən vaxt “Ketchum” “Amerikanın səsi”nin Rusiya xidmətinin Putinin məqaləsini şərh etmək xahişinə cavab verməyib. 

Xarici ölkələrin maraqlarını təmsil edən xarici şirkətlər ABŞ Ədliyyə Nazirliyində “xarici agent” qismində qeydiyyatdan keçməlidir və xaricdən alınan vəsaitlərlə bağlı hesabat verməlidir. Son məlumatlara əsasən, bu ilin ilk altı ayında “Ketchum” Rusiya hökumətindən 1,9 milyon dollar, PR agentliyin digər müştərisi “Qazprom”dan 3,7 milyon dollar alıb. “ProPublica” nəşrinin məlumatına görə, 2006-cı ildən 2012-ci ilə qədər “Ketchum” hökumətindən 23 milyon dollardan artıq və “Qazprom”dan 23 milyon dollar alıb.  

Ötən il “ProPublica” “Ketchum” agentliyinin Rusiyayönlü məlumatları “CNBC” və “Huffington Post” kimi nəşrlərdə necə yerləşdirməsindən söz açıb. “Rusiyadan PR-la” məqaləsində müəllifləri müstəqil ekspertlər olan, ancaq onların nəşr olunmasına görə “Ketchum” agentliyinin çalışdığı məqalələr sadalanıb. 

“Ketchum” agentliyinin Moskva ilə müqaviləyə uyğun fəaliyyətini unikal adlandırmaq olmaz. Xarici hökumətləri, siyasətçilər və korporasiyaları təmsil edən PR agentlikləri mütamadi olaraq nüfuzlu nəşrlərdə müştərilərini müsbət tərəfdən təqdim edən məqalə, yaxud köşələr yerləşdirməyə cəhd edir. Bu tip məqalələrin nəşrində PR agentliklərin rolu barədə bir çox hallarda oxuculara məlumat verilmir.  

Indiki halda məqalənin müəllifliyi özü haqqında hər şeyi deyir. Öz ənənəvi təcrübəsinə uyğun olaraq “New York Times” məqalənin altında imza yerinə “Vladimir V.Putin – Rusiya prezidenti” qeydini yazıb. 

Putinin məqaləsinin nəşrindən bir neçə saat sonra New York Times”ın “ictimai redaktoru” Marqaret Sallivan bu məqalənin qəzetin səhifələrinə necə düşməsinin bəzi təfərrüatları barədə məlumat verdi. (“New York Times”da “ictimai redaktor” jurnalist etikasına riayət edilməsinə cavabdehdir və qəzetin ənənəvi redaktoru strukturlarından kənarda işləyir). 

Sallivanın sözlərinə görə, Putinin məqaləsini “sentyabrın 11-də ”New York Times”a Putini təmsil edən PR agentlik təklif edib. Redaksiya şöbəsinin rəhbəri Endryu Rozental məqalə ilə tanış olmağa razılaşıb və dərhal onun çap edilməsi qərarını verib”. Məqalə qəzetin saytında sentyabrın 11-də gecə saatlarında, kağız versiyasında isə sentyabrın 12-də səhər dərc edilib. 

“Mənə elə gəldi ki, məqalə yaxşı yazılıb və yaxşı dəlillər gətirilib”, – deyə Rozental bildirib. – Bir çox dəlillərlə razı deyiləm, ancaq bunun heç bir əhəmiyyət yoxdur”. 

“Suriya – çox vacib hadisədir və Putin orda mühum rol oynayır”, – deyə redaksiya şöbəsinin rəhbəri əlavə edib və bildirib ki, bu səbəb Rusiya prezidentinin yazdığı məqaləni diqqət mərkəzinə gətirir. 

“New York Times”ın saytında oxucular bu məqalə barədə müxtəlif fikirlər səsləndirir. Bəziləri qəzetə və Putinə Rusiyanın mövqeyini aydın göstərdiyinə görə təşəkkür edir. Bir çoxları qəzeti “Birləşmiş Ştatların qatı düşməninə imkan yaratmatdığına” görə tənqid edir.  

Endryu Rozental qeyd edir ki, redaksiyanın məqsədi ABŞ hökumətinə “yardım, yaxud pislik etmək” deyil. Redaktorun sözlərinə görə, onun məqsədi “müxtəlif maraqların və diqqətə layiq nəzər nöqtələrin” təqdim edilməsidir. Onların bəziləri redaksiyanın mövqeyi ilə üst-üstə düşmür. “Redaksiya materiallarının dərci üçün ideoloji lakmus kağızı yoxdur”, – deyə Rozental iddia edir.

“New York Times” nadir hallarda dövlət başçılarının yazdıqları məqalələri dərc edir. Ancaq bu halda qəzetin redaksiyası istisna edib, çünki məqalədə yenidə informasiyalar yer alıb. “Indi hamını Putinin nəzər nöqtəsi maraqlandırır, – deyə Rozental bildirib, – bu məqalə də öz detalları ilə çox maraqlıdır”. 

Bəzi oxucular Rusiya prezidentinin kimyavi silahın Suriya hökumət qoşunları deyil, üsyançılar tərəfindən istifadə etməsi ilə bağlı ehtimal irəli sürmək üçün əsasların olduğunu deməsinə diqqət yetirib. Məlum olduğu kimi, ABŞ hökuməti əks mövqeyə sahibdir. Oxucular qəzeti həqiqətə uyğun olmayan məlumat dərc etməkdə də ittiham edir. 

Rozental izah edib ki, bu fakt deyil, sadəcə “müəllifin fikridir”, müəllif də öz fikrini ifadə edə bilər. 

Redaktorun sözlərinə görə, o bu məqalənin Putinin, yaxud başqa şəxsin yazdığını bilmir. Istənilən halda redaksiya redaktəyə ehtiyacı olmayan olduqca yaxşı tərcümə alıb. Suallara cavab verən Rozental Putinə qonorar düşmədiyini də bildirib.

Fizzə